Cəmiyyət

Evini toyuqlarla bölüşən məcburi köçkün

Rəsul Tağıyev:

–  Neçə il bundan qabaq mən müraciət etmişəm. Mənə heç bir köməklik edilməyib. Adımızı siyahıya köçürüblər.  İnsan yaşayır yetmiş il, lap çox yaşasa səksən il. Hələ bir evdə məskunlaşmamışıq. Ev dərdindən də ailəm dağılıb. Elə söz verirlər. Belə də. Nə deyim?!..

Rəsul Tağıyev Goranboyun Qaraçinar kəndində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkündür.  37 yaşı var. Deyir ki, iş tapa bilmir. Dövlətin qaçqın və köçkünlərə verdiyi aylıq 16 manat çörəkpulu ilə dolandığını bildirir.  Maddi imkansızlıq üzündən  həyat yoldaşının  iki il əvvəl onu tərk edərək atası evinə getdiyini deyir.  Deyir ki, evi yoxdur. Balaca bir daxmada məskunlaşıb.  Rəsulun sözlərinə görə,  yaşam şərtlərinə minimum da olsa cavab verməyən bu balaca  otaqdan hər cür istifadə edir.

Rəsul Tağıyev: 

–  Həm çörəyimi orda yeyirəm, həm hamam kimi istifadə edirəm həm də bir beş-on toyuq saxlayıram, ölməmək üçün. Toyuqlar da qravatımın (çarpayımın – müəll.) böyründə yatır.  Saxlamayanda da qonşuya bir dəfə müraciət etmək olar ki, acam mənə bir maddi kömək et.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məmmədov bildirir ki, yeni qəsəbələrdə məskunlaşan köçkünlərə hər cür şərait yaradılıb. Yerdə qalanlara gəldikdə icra başçısı vurğulayır ki, onların  köçürülməsi üçün  dövlət tərəfindən əlavə olaraq 300 milyon manat pul ayrılıb. Belə ki,  məcburi köçkünlər növbəti iki il ərzində  yeni qəsəbələrə  köçürüləcəklər.

Vidadi Məmmədov:

– Dövlət Qaçqınkoma da siyahılar təqdim olunub. Mərhələ-mərhələ hamısını nəzərdə tuturuq ki, ilk növbədə məktəblərdə yaşayan, uşaq bağçalarında yaşayanlar köçürüləcəklər.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. Məcburi köçkünlərin yerləşdirilməsi məsələsinə toxunan xidmət rəhbəri bildirir ki, proses həyata keçirilərkən daha ağır şəraitdə yaşayan ailələr digərlərinə nisbətən evlə daha tez təmin olunurlar.  Rəsul Tağıyevə gəldikdə isə Qədimov bunları dedi:

Elçin Qədimov:

– Ev məsələsi belədir ki, hər yerdən bir nəfər tutub gətirib ona ev vermirlər. Konkret hansı rayonda məskunlaşırsa, həmin ərazidə məcburi köçkünlər üçün mənzillər tikiləndə nəzərə alınacaq. 

Yay olduğuna baxmayaraq, məcburi köçkün artıq indidən qışın çətinliyindən gileylənir. Qışda qarın, yaz-payız aylarında yağışın içəri dolduğunu deyən Rəsul Tağıyev soyuqdan donmamaq üçün əl atdığı vasitəni də bizimlə bölüşür:

–  Bir çaynik suyu isidib, qaynar edib fanta qutusunun içinə doldurub palazın arasına büküb qoyuram ki, qoy mənə istilik versin. Nə oduna gücüm çatır, nə qaz yox, yanacaq yox. Bir yerdən də maddi gəlir yox. Neyləmək olar ee, belə başa düşürəm ki, ölümdən başqa çıxış yolu yoxdur. 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.