İctimai Fikir, ZZ-Manşet

Fərda Xudaverdiyev: “Qırx dəqiqə məni kəndin içində qovdular”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

Uşaqlıq illərini unudulmaz edən bayram xatirələridir. Görəsən, tanınmışların unutmadığı bayram xatirəsi hansıdır?

Sevda Yahyayeva:

  • Mənim üçün qeyri-adi olan o olub ki, bir dəfə tonqalın üstündən hoppananda şalvarım yanıb. Yəni ki, bu hadisə yadımda qalıb.

Ağadadaş Ağayev:

  • Vallah, mən bir onu bilirəm ki, biz məftilə corabları toxuyardıq. Onu yandırardıq, havaya atardıq. Daha sonra ən yüksək təpənin üstündən atardıq ki, kimin şarı daha yuxarı gedəcək. Onda evdə böyüklərimiz yozardılar ki, Allaha ən çox sən yaxınlaşdın. Belə bir məna verirdilər. O xoşuam gəlirdi.

Nazpəri Dostəliyeva:

  • Novruz xatirəm bir dənə mənim xatirəmdə qalan odur ki, onu bilirdim ki, mənim anam elə gözəl şəkərbura, paxlava bişirirdi ki, onun iyinə bütün qonşular yığılırdı.

Fərda Xudaverdiyev:

  • Uşaqlıq illərimdəki novruz xatirələrindən biri odur ki, yumurtaları döyüşdürmək məsələsi var idi. Mənə demişdilər ki, silquşdur nədir belə bir material var. Ondan yumurtanın içinə şpritslə tökürsən. Bütün kəndin yumurtalarını evə daşıyırsan. Gəldik şpristslə çəkdik vurduq. Bizim də bir qonşumuz var idi, adı da İntiqam idi. Onların toyuqları Allah kömək olsun elə bil ki, bütün kəndin qəsdinə durmuşdu. Mümkün deyildi o yumurtaları qırmaq. Kəndin başına çıxan kimi gördüm İntiqam əlində yumurta ilə gəlir. Dedim döyüşək. Təsəvvür elə İntiqam bir dəfə vurdu qırılmadı, iki dəfə vurdu qırılmadı, üçüncüdə nətər vurdusa, öz yumurtası əlimin içində partladı. Mən də gördüm ki, şübhəli-şübhəli baxır. Özümü yandırdım. Açdım dedim. Məni heç yalan olmasın 40 dəqiqə kəndin içində qovdular. Amma tuta bilmədilər.

Gülyaz Məmmədova:

  • Qızlar yığılıb ilaxır çərşənbəni keçirdirik. Gülyanaqda oldu elə bir şey. Deməli saç tüküynən nişan üzüyün bağladıq. Bu üzükdə dayanmaq bilmirdi. 20 keçdi, 25 keçdi, 30 keçdi. Gülyanaq dedi ki, mən deyəsən evdə qalacam. Yəni belə bir xatirələr olub.

Zülfiyyə Xanbabayeva:

  • Siz inanırsınız ki, biz o vaxtı qulaq falına damdan çıxıb sonra həyətə düşürdük. Elə qapını dinləyirdik.

Bahar Lətifqızı:

  • Mən novruz gələndə sevinirdim ki, bizim internata çoxlu şəkərbura, paxlava gələcək. Mən onu yeyəcəm doyunca. Hətta yeməyənlərin də payını yeyəcəm.

Flora Kərimova:

  • Uşaqlıq illərimdən nənəm rəhmətlik məni pusquya göndərirdi. Onda çıxırdıq pusquya. Mən də bir az rus fason idim. Belə şeyləri başa düşmürdüm. Nənəm mənə başa saldı ki, nə eşitsən gəl mənə de. Mən də deyəsən yaxşı şey eşitdim. Gəldim sevinə-sevinə dedim ki, filan şeyi eşitmişəm. Nənəm də onu yaxşı yozdu.
Öncəki xəbərNövbəti xəbər