Müsahibə, Sosial, ZZ-Manşet

“Festivalı beynəlxalq miqyasda keçirəcəyimizə ümid edirəm”

buukk
“Bu festivalı keçirməyi düşünəndə cəmiyyətdə mütaliəyə, kitaba marağın oyadılmasını məqsəd olaraq qoymuşduq. Bundan başqa gənc rejissorların, operatorların, aktyorların üzə çıxarılması da bura daxil idi”.

Bu sözləri GSR.fm-ə  müsahibəsində Aprelin 22-də Azərbaycanda ilk dəfə keçirlilmiş Buktreyler Festivalının təsisçisi və kinoaktyor Ruslan Sabirli deyib. Onun sözlərinə görə bu festivala gözləniləndən artıq buktreyler təqdim olunub:

 “Açığını deyim ki, bu ilk buktreyler festival olduğu üçün 10-15 treyler təqdim olunacağını gözləyirdim. Gözlədiyimizdən daha çox iş gəldi. 25 treyler ilə bizə müraciət etdilər. Onu da qeyd edim ki, onlardan bir neçəsi xaricdən gəlmişdi, lakin bizim festival beynəlxalq miqyasda olmadığı üçün onları qəbul edə bilmədik.  Bu treylerlər Bolqarıstan, Fransa, İtaliyadan göndərilmişdi. Bu çox sevindirici haldır. Bizə ümid verir ki, gələcəkdə bu festivalı beynəlxalq miqyasda qeyd edək. Əslində bu festival 23 aprel Beynəlxalq Kitab günündə olmalıydı. Bu şənbə gününə təsadüf etdiyi üçün cümə günü 22 apreldə keçirməli olduq. Düşünürəm ki, bu festival hər il Beynəlxalq Kitab günü ərəfəsində keçirilsə, daha maraqlı olar. Türkiyəli yazar Ercan Akarsunun “İkimizin melodiyası” adlı kitabına çəkdiyi buktreylerlə Elçin Quliyev birinci yerin qalibi oldu. Ümumilikdə isə bizdə yeddi qalib oldu. Üç nəfər üçüncü yer, iki nəfər ikinci yer, bir nəfər birinci yer qalibi oldu və bir buktreyler isə “Tamaşaçı simpatiyası” nominasiyasına layiq görüldü”.

Müsahibimiz həmçinin festivalda iştirak edən münsiflər heyyətindən də söz açdı:

“Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda indiyə qədər keçirilmiş festivallardakı ən güclü münsiflər heyətini seçdik. Münsiflər heyyətində Çingiz Abdullayev, Ramiz Fətəliyev, Elxan Cəfərov, Nadir Mehdiyev, Ülviyyə Könül və mən idim. Qalibləri hər münsif ayrılıqda öz sahəsinə uyğun olan meyyarlarla müəyyənləşdirdi. Son 24 saatadək münsiflər heyyəti qalibin kim olduğunu bilmirdilər”.

Buktreyler Festivalında birinci yerin sahibi olan Elçin Quliyev isə çəkdiyi buktreyler ilə insanlara ümidlərini itirməməyi, hər zaman sevgi ilə yaşamağı  aşılamaq istədiyini qeyd etdi:

“Azərbaycan film sahəsinin inkişafı üçün böyük iş oldu. Çəkdiyim buktreylerə gəldikdə isə özüm Ercan Akarsunun “İkimizin melodiyası” kitabını  oxumuşdum. Yazarla əlaqə saxlayıb, onun fikirlərini öyrəndim. İndiki vaxtda bütün problemlərdən uzaq olmaq üçün sevgi daha məqsədəuyğundur. Məsələn, bir kadrı  sizinlə bölüşmək istəyirəm. Həmin treylerdə sonda kitabdan bir cümlə işlədilir: “Dəniz rahatlıq verir, mavi isə ümid”. İnsanlar anlamalıdırlar ki, bir insandan ayrılırsa, bununla həyat bitmir. Bəziləri də var ki, hətta intihara qədər gedib çıxır. Ümid heç vaxt itməməlidir. Buktreylerin çəkilişində  qardaşım Emin Telmanoğlu mənə kömək etdi. Həm  filmin operatoru, həm montajçısı qardaşım idi. Treylerdə aktyor özüm idim. Düşünürdüm ki, öz istədiyim kimi məndən başqası rolu oynaya bilməz. Treyler fərqli məkanlarda çəkilmişdi. Hava şəraitini də nəzərə alaraq buktreyleri  on beşə günə çəkib bitirdik”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.