GSR fm, P.S, Təmas Xətti, ZZ-Manşet

Fikrət Qoca: “100 qram içən kimi kobudluqları üzə çıxır”

Dünya qəliz dünyadı

Sən yaşa, döz dünyadı

Dünya haqlı çıxacaq

Əyri ya düz dünyadı

Yazdığı şeirləri dillərə əzbər olan, çoxlarının dilindən düşməyən musiqilərə söz olan xalq şairi Fikrət Qoca “Təmas Xətti”nin bu dəfəki qonağı oldu. Müsahibəmizə xoş günləri xatırlamaq məqsədilə uşaqlıq illərindən başlamaq qərarına gəlsəm də, bu sual şairi yaman təəssüfləndirir.

Uşaqlıq illəriniz necə keçib?

– Uşaqlıq dövrüm elə illərə düşüb ki, onu xatırlamasaq daha yaxşıdır (təəssüflənir). Təsəvvür edin, 1935-ci il. İndi belə baxanda qazıntıdan tapılmış qədim daşlar kimidir. Qəliz dövr idi. Müharibə başladı. Atamı əsgər apardılar, daha biz rayona qayıtmalı olduq. Dedilər 50 kiloqramdan artıq yük götürmək olmaz. İndiyə qədər yadımdadır ki, anam da hər şeyi yuyub təmizlədi, heç nə götürmədi, qapını bağlayıb çıxdıq. Qatara necə minməyimi, o zamankı  qorxularımı heç vaxt unutmaram.

foto13

Fikrət müəllim, adətən uşaqlıqda hamıdan soruşurlar ki, “Böyüyəndə kim olmaq istəyirsən?”. Hərənin də bir arzusu, istəyi olur. Bəs sizdə necə, uşaqlıqdan şair olmaq istəmisiz yoxsa  bu,  istək sonradan yaranıb?

– Yox, mən heç balaca olanda şairliyin nə olduğunu bilmirdim. 7-ci sinifdən çıxıb Kənd Təsərrüfatı Texnikumuna girmişdim. Müharibə dövrü olduğundan məktəblərə baxan yox idi. Bir ildən sonra texnikumdan çıxıb,  səkkizinci ya da doqquzuncu sinifə qayıtdım. Doqquzuncu sinfi bitirib sənədlərimi universitetə vermək istədim. Şəhadətnaməmi təqdim edəndə dedilər saxtadır. Sən demə,  şəhadətnaməni yazanda mürəkkəb qurtarıb, nəsə  başqa bir şeylə yazıblar. Rayondan Bakıya gələnə qədər mürəkkəb uçub. Ona görə də həmin  il universitetə qəbul ola bilmədim, amma Dəmiryol Texnikumuna qəbul oldum ki, vaxt itməsin. Burada oxuya – oxuya şeirlərim çap olunmağa başladı.

Bəs ilk şeiriniz yadınızdadır?

– İlk şeirimi bir müəllimə və sinifdən bir qıza  həsr etmişdim. Müəllim tez-tez deyirdi ki, o mənim bacım qızıdır, ona toxunma, onunla danışma.  Mən də yazdım ki, müəllimin mətləbi çox adi imiş, bacı qızı dedi, xəlvəti arvadı imiş (gülür) .

Adətən şairlərin ilk şeirləri sevgidən olur, sizdə nədənsə satirik olub…

– Mən satira ilə başladım. O vaxtlar şeirlərim Kirpi jurnalında çıxırdı. Sonra Moskvaya oxumağa getdim. Ondan sonra burada “Azərbaycan” jurnalında, “Ədəbiyyat” qəzetində yazılarım çıxmağa başladı. Moskvaya bizi göstərişlə Yazıçılar Birliyindən göndərirdilər, orada da bizi seçirdilər.

foto2-1

“O mühit mənə çox çətin gəlirdi”

Moskvada oxuyanda Azərbaycan mühiti ilə o mühitdə sizin üçün fərq var idimi?

– Əlbəttə ki, davranış tərzi fərqli idi. O mühit mənə çox çətin gəlirdi. Cavan, qaynar vaxtlarım idi. Baxmayaraq ki, böyük şəhərdir, orada insanlar daha mədəni olmalıdır. Elə indinin özündə də oranın camaatı o qədər də mədəni deyil. Özləri də bununla razılaşırlar. Deyirlər ki, bizim keçmiş paytaxtımız Lelinqrad olub, orada insanlar mədənidir. Burada isə hər tərəfdən adamlar axışıb gəlib. Təbii ki, aralarında ziyalılar, elmlilər də çoxdur, amma 100 qram içən kimi içlərində olan kobudluq üzə çıxır.

Bəs öz gəncliyinizlə bugünkü gəncləri müqayisə edirsinizmi? O dövrün gəncləri ilə bugünkü gənclər arasında hansı fərqlər var?

– Heç yanaşı qoymaq olmaz. Çünki üç bacı, beş qardaş idik. Bir-birimizin köhnə paltarlarını sanki təzə alınan paltar kimi geyinirdik. İndiki gənclər belə şey görməyiblər. Mən onları qınamıram. Heç istəmirəm ki, elə həyat yaşasınlar, amma çətniliyi görmək lazımdır. Axı hamı yaxşı vəziyyətdə deyil. İndi də hamı var dövlət içində yaşamır. Gündəlik dəbi izləməyə imkanı olmayanlar yenə var. Yaxşı imkanı olan gənclər digərlərinin hansı həyatı yaşadığını bilməlidir, onu lağa qoymamalıdırlar.

 “Əslində elə yazıçılıq özü də gəzməkdir”

Fikrət müəllim, yaradıcılığınızdan danışmağınızı istərdim. 1956-ci ildən şeirləriniz  Azərbaycan mətbuatında çap edilir. İllər keçdikcə öz şeir üslubunuzda dəyişiklik etdinizmi yoxsa buna ehtiyac görmədiniz?

– Necə başlamışdımsa, onu da davam etdirdim. Təbii ki, rayonları, ölkələri gəzdikcə gözüm böyüməsə də, amma görmək təcrübəsi artdı. Mən dünyanın dörd qitəsini gəzmişəm. Onların hərəsi mənə nələrsə qatıb. Əslində elə yazıçılıq özü də gəzməkdir. Şeirlər yağış kimi göydən yarpaqların üstünə  səpələnib. Gəzəndə onları yığıb gətirirsən.

Müsahibələrinizin birində bildirmisiniz ki, kitablarınızın satışından qazandığınız pullar bitəndən sonra şeir yazmağa başlayırdınız. Tox qarnına şeir yazmaq sizə çox çətin gəlirdi?

– Tox qarnın olanda beynin onu həzm etməklə məşğul olur. O vaxtlar kitaba çox pul verirdilər. İndi daha vermirlər, ona görə də, belə hallar daha baş vermir (gülür).

1962-ci ildə yazdığınız “Taleyin ağır taleyi” adlı romanınız var. 2009-cu ildə yenidən latınca nəşr edərkən belə heç bir dəyişikliyə ehtiyac görməmisiniz, bunu qəsdən belə etdiyinizi vurğulamısınız. Ümumilikdə götürsək, illər öncə yazdığınız bütün əsərlərinizə münasibətiniz belədir yoxsa bu xüsusilə bu əsərə aiddir?

– Elə əsərlərim çoxdur. Çünki o vaxtı onu çapa vermək olmurdu, saxlamışam qalıb. Düşünürəm ki, həmin yazılarıma düzəliş etsəm, yaxşı alınmazdı. O da mənim ömrümün bir parçasıdır, sonralar onu nə qədər rəndələsəm, yenə dövr fərqi ortada qalacaq.

“Şeirlərimi   mahnılara da bəstələmək çox rahatdır”

Şair kimi tanınmağınıza baxmayaraq sizin nəsrləriniz də mövcuddur. Bildirmisiniz ki, elə mövzular var ki, şeirə gəlmir. O vaxtlar sizi şair kimi tanıyanlar nəsr əsərlərinizi oxuyanda münasibətləri necə oldu?

– Qızım, bu təcrübəni dünyada çoxları sınayıb. Məsələn, elə Viktor Hüqonu götürək. O, Fransada məhşur şairdir. Onu nəsr ustası kimi tanıtmırlar. Məni də şair kimi tanıyırlar. Niyə? Çünki nəsri oxumaq üçün səbr lazımdır (gülür). Şeirlərimi   mahnılara da bəstələmək çox rahatdır.

Elə mahnıdan danışmışkən sizin 500-ə yaxın şeirinizə musiqi bəstələnib. Şeirləri yazanda musiqi üçün olduğunu özünüz hiss edirsiniz yoxsa sonra  təklif gəlir?

– Hər ikisi olur. Bəzən çox yaxşı musiqi olur, o musiqiyə mənim heyfim gəlir. O musiqiyə uyğun şeiri yazıram. Elə bu kitabda (masanın üstündəki kitabı əlinə götürüb) olan şeirlərin hamısına musiqi bəstələnib. Bu, on  cildlik kitabdan yeddinci cilddir. Hələ bu hamısı deyil. Onların hamısını bir yerə toplamaq çətin gəlir.

foto6

Bəzən olur ki, musiqi çox şöhrət qazanır, amma onu kimin yazdığını çoxları bilmir. Bəs sizin başınıza belə hallar gəlib?

– Çox olub. Bəzən görürəm ki, şeir mənim ola-ola başqa adamın adı yazılıb.

Bəs münasibətiniz necə olur?

– Heç nə. Əvvəl-axır biri gəlib deyəcək ki, bunun müəllifi kimdir. Mən onlara nəsə söz deməyə vaxt itirmirəm. Oturub şeirimi yazıram.

Elə sizin qızınız Gülay Qocayeva da musiqilər bəstələyir. Bəyənirsinizmi?

– Deyir qarğaya deyirlər ki, dünyada ən gözəl quşun balasını gətir. O da gedir öz balasını gətirir. İndi mən də qızımın bəstələdiyi mahnıları bəyənirəm. Düzdür, mahnıları azdır, amma yaxşıdır. Çünki şeirin öz ritmini tapıb.

“Şair stolun altında da olsa, yazacaq”

1998-ci ildən bəri Azərbaycan Yazıçılar Birliyində (AYB) birinci katib işləyirsiniz. Bu, çox məsuliyyətli işdir. Bu sizin yaradıcılığınıza necə təsir göstərirdi?

– Burada da həmin şeydir. Burada yazıçılara daha da yaxınlaşmışam. Onların yazılarını oxuyuram, təzədirsə, mütləq oxuyub fikir bildirmək lazımdır. Yazı yazmağa vaxt ayıra bilməyən yazıçı yalan danışır. Şair stolun altında da olsa, yazacaq. Sözlər qızdırma kimi bir şeydir, içindədirsə, mütləq çıxmalıdır.

İşləriniz indi necədir? Bu işinizlə bərabər yeni şeirlər, yeni əsərlər yazıb yaratmaq olur?

– Təxminən əvvəlki vaxtlarımla eynidir. Heç nə dəyişməyib. Yazmasa, adam yaşaya bilməz. Ömür elə bir şeydir ki, xərcləyəndə də gərək ciddi şeylərə xərcləyəsən.

“Əgər o şeir iki misraya sığırsa, niyə onu uzadıb  12 edim”?

Qanundan kənar                                                                                                                                                          

İki addım atırıq dünyada                                                                                                           

Biri dünyaya gələndə,                     

O biri də, hə də…   bu şeiri  1963-ci ildə yazmısınız. Amma bilmirəm niyə bu şeir mənə sanki yeni yazılmış təəssüratı yaradır. 60-cı illərdə belə şeirlər necə qarşılanırdı?

– Çox yaxşı qarşılanırdı. Mənim bəzi şeirlərim var ki, onları çox uzatmaqda heç bir məna tapmamışam. Əgər o şeir iki misraya sığırsa, niyə onu uzadıb 12 edim? Bu şeirdə sonuncu misrada ölümün adını çəkmirəm ki, camaatın qanı qaralmasın.

Şair adamlar  ailə həyatı quran zaman bir çox çətinliklər yaşayırlar. Bəs sizdə necə həyat yoldaşınız peşənizi asanlıqla qəbul etməsi çox zamanınızı aldı?

– Mən iki dəfə evlənmişəm. Elə asanlıqla qəbul etməsi iki dəfə evlənməyimdən bilinir (gülür).

foto3-2

Çalmağın da, oynamağın da qaydası var.

Qaydasız yerdə

kar-kor olmağın da faydası var…   Fikrət müəllim,  nəyə göz yummaq insanı xoşbəxt edir?

– Göz yumaq deməzdim, görməzdən gəlmək insanı hardasa xoşbəxt edib, rahatlada bilər.

Bəs indi özünüzü xoşbəxt hesab edirsiz?

– Əgər yaşayırsansa, xoşbəxtsən. Çünki bu həyatın axırı var, doğulandan bilirik ki, ölümə gedirik. Ona görə ondan qorxmaq, yaşamaq üçün alçalmaq lazım deyil. Ən böyük çətinlik beş ildən sonra gülməli gəlir. Elə bu başdan gül. Lap tutaq ki, çörək pulu tapmamısan. Özünü dola, özünlə zarafatlaş. Ağlamaqla gülmək eyni emosiyadır, amma biri səni yıxır, biri də dirçəldir.

Xanımınızın sizin haqqınızda verdiyi müsahibəni oxumuşdum. Deyib ki, siz yazanda sizə yaxınlaşmaq olmaz, kimsə sizə yaxınlaşanda fikirləriniz dağılır. Şeir yazan zaman başqa hansı çətinliklər var ki, onlar olsa şeir yaza bilməzsiniz?

– Onların çoxunu gizlədirəm. Gecə də insan ömrüdür. Daha çox gecələr yazırdım ki, heç kim narahat olmasın. Amma uşaqdır, bəzən gəlir boynuma minir, adamın əsəbləri gərginləşir. Elə bir nəsə qurursan, kimsə gəlib əlindən vurub yıxır.

İndi istər gənc şairlər olsun, istərsə də öz sözünü demiş şairlər öz şeirlərini sosial şəbəkələrdə paylaşırlar. Çox bəyənmə gəlsə, deməli yaxşı şeirdir. Buna münasibətiniz necədir?

– Mən ona başqa cür yanaşıram. Baxıram ki, görüm daha çox hansı şeirləri bəyənirlər. Onunla müəyyən edirəm ki, hansı səviyyədə adamlar daha çoxdur. Bu, mənə çox yaxşı informasiya verir. Bəzən kədərlənirəm. Görürəm ki, gənclərin əksəriyyətinin müasir ədəbiyyatdan o qədər də məlumatları yoxdur.

Siz sosial şəbəkələrin olmadığı bir vaxtda yazıb yaradıb, uğur qazanmısınız.  Bəs o vaxtlar şeirləri necə “like” edirdilər?

– Yoldaşlar zəng edib deyirdilər, öz təkliflərini, iradlarını bildirirdilər. Həmişə oxucu var. Mənim yaşım o qədərdir ki, artıq oxucularım formalaşıb. Bilirəm ki, kim hansı şeiri yaxşı qarşılayacaq.

Bəs gənc yazarlardan kimləri  oxuyursunuz?

– Vallah, əksəriyyətini oxuyuram. Çünki gənclik özü bir şeirdir.

foto15-2

İstiqamət verdiyiniz gənclər olub?

– Bu, elə bir şeydir ki, bunu öyrətmək olmaz. Bu yolu hər kəs özü getməlidir. Necə ki, insana yeriməyi öyrətmirlər, özü tədricən öyrənir, bu da belədir. Hər şeyi özün öyrənməlisən. Mən öyrətsəm, sən məndən kənara çıxa bilməyəcəksən.

Bəs səhv istiqamətdə olsalar necə?

– Öz səhvidir, yenə özü qayıdıb düzəldəcək. Səhv eləməlisən ki, gəlib düz yolu tapasan. Həqiqət bir olsa da, onun dörd tərəfi səhvlərlə əhatələnib. Birbaşa gəlib həqiqətə çıxmaq mümkün deyil. Mütləq bir dəfə səhv etməlisən. Həqiqət mütləq var, axtarmaq lazımdır.

Artıq müsahibəmizin sonundayıq. Son olaraq oxucularımıza nə demək istərdiniz?

– Xüsusilə, gənclərə demək istəyirəm ki, sizə paxıllığım tutur, qədrinizi bilin, qədrinizi bilin, bir də qədrinizi bilin:

Babaların qaçaq olub, mərd olub,

Kasıb olub mərd olub,

Qoçaq olub mərd olub,

Bəy olub mərd olub,

Bəs bu namərdlər haradandır

Bax, bu mənə dərd olub.

Söhbətləşdi: Kəmalə Rövşən

Fotolar: Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər