Cəmiyyət, GSR fm, Sosial, ZZ-Manşet

“Formula 1 turizmin inkişafına təsir edəcək”

İyun ayının 17-19-u arası Azərbaycanda “Formula 1 Avropa Qrand Pri”si keçiriləcək. Yarış üçün ümumilikdə 14 mindən çox könüllü qeydiyyatdan keçib və onlardan 5 mini yarışlara cəlb olunacaq. Könüllülər komandasının bir hissəsi isə artıq işlərə başlayıb.

Yarış barədə könüllülərlə əlaqədar koordinator Tural Hümbətov danışır. O, Formula 1-in dünyanın ən elit yarışlarından olduğunu söyləyir:

Formula 1-in Azərbaycanda keçirilməsi ilk növbədə Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, tanıdılması, reallıqlarının dünyaya çatdırılması baxımından mühüm xarakter daşıyır. İnanırıq ki, Formula 1-də iştirak edəcək qonaqlarımız azərbaycanlıların qonaqpərvərliyindən razı qalacaqlar və hər zamankı kimi Azərbaycanın təşkilatı işi yüksək qiymətləndiriləcəkdir.

Formula 1 könüllülərinin təlimçisi Günel Salmanova isə gənclərin təlimlərdə çox aktiv iştirak etdiklərini deyir. O, könüllülərin bilinməyən xüsusiyyətlərinin  məhz təlimlərdə aşkara çıxdığını bildirir:

Təlimimiz səhər saat 10-dan axşam saat 5-ə qədər 2 sessiya olaraq davam edir. Hər təlimimiz üç saat davam edir. Könüllülərə gəldikdə onların hamısı çox motivasiyalı olurlar. Könüllülər arasında daha əvvəl iştirak edənlər və heç iştirak etməyənlər də var, onların hamısı eyni dərəcədə həvəslidirlər.

Formula 1 könüllüsü olan Əntiqə Ələsgərova nə iş görəcəkləri, harada fəaliyyət göstərəcəklərini təlimlərdə öyrəndiklərini qeyd edir. O, belə bir komanda ilə işləməyin böyük zövq olduğunu deyir:

Biz Formula 1 könüllüsü olaraq ilk müsahibə prosesindən keçdik, bundan sonra isə təlimlərə dəvət aldıq. Daha sonra bizə akkreditasiyalar veriləcək və formalarla təmin olunacağıq. Komandada yeni tanışlar da qazanırsan.

Formula 1-in əcnəbi könüllüsü olan Chaquira Issudo Malunda söyləyir ki, burada fəaliyyət göstərmək çox əladır. O, təlimlərdə fasilə zamanı müxtəlif öyrədici oyunlar oynadıqlarını da əlavə edir:

İlk başlarda bu bir qədər çətin idi, biz hələ bir-birimizi tanımırdıq. Təlimçilər təlimatları verir və biz bunu təcrübədə yerinə yetiririk. Bununla biz nə etməyə çalışdığımızı daha yaxşı anlayırıq. Könüllülər çox aktivdir, onlar arzuladıqları şeyləri nümayiş etdirirlər.

Formula 1-in digər bir könüllüsü Pərvin Nəzərli isə Formula 1 yarışları  üçün hazırlanan tentlərin nədən ibarət olduğu barədə məlumat verərkən, burada hər şeyin çox yaxşı təşkil olunduğunu deyir:

Tentdə virtual zonalar, simulyatorlar, uşaqlar üçün müxtəlif oyunlar var və biz burada könüllü kimi fəaliyyət göstəririk. Tentlər səhər saat 09:30-dan axşam saat 21:30-a dək pulsuz şəkildə fəaliyyət göstərir. İnsanlar burada vaxtlarını xoş keçirə bilərlər.


Hazırladı:

Gülalı İsazadə

Öncəki xəbərNövbəti xəbər