Bloq, P.S, ZZ-Manşet

Fudzi dağlarında saat neçədir? - Bloq

adil mirseyidİlk şeirindən sehrinə düşdüyünüz, sizi özünə nə səbəbə çəkdiyini bilməsəniz də, daxilinizdə onun yazdıqlarını oxumağa yanğılı bir ehtiyac hiss etdiyiniz neçə şair və yaxud yazıçı tanıyırsınız?

hardan nişan alsalar
güllə mütləq ürəyindən keçir şairin
həmişə hər yerdə hər yerdə həmişə
bir qəfil gülləyə hədəfdi şair ürəyi
şairin başı üstündə yellənir qanlı köynəyi
və hər kəsin öz şairi var bu dünyada

Və mən öz şairimi tapdım..

İlk dəfə Adil Mirseyidin adını ölümündən bir neçə gün əvvəl eşitmişdim. Yerli ədəbiyyat portallarından birinə verilən son müsahibə.. Van Qoqdan, Qoyyadan hərarətlə danışan, ağrılarından utanan, 20-25 ildir görmədiyi dostunun zəngindən uşaq kimi sevinib kövrələn, ölümün ayağında olsa da başını dik tutan, xəstə yatağındakı imanlı qoca. “otuz yaş da qocalıqdı mənimçün” deyən Adil Mirseyid cəmi 62 bahar görə bildi. “Neçə yaşınız var sizin, özünüz bilən?- Özüm bilən, yüz əllini keçib.- Bu azdı ya çox?- Şair üçün çoxdu.- Bəs rəssam üçün?- Rəssam üçün azdı…” (azadlıq radiosu).

Papağımı yan qoyduğum o günlər

Haralarda veyil veyil dolanır

İnternet ortamında çox gəzişən adam olsam da, bu müsahibəyə qədər A.Mirseyidin adına, şeirlərinə heç vaxt rast gəlməmişdim. Ancaq indi, alatoran şəkildə yadıma düşür ki, yalnız bir dəfə şairin “Qar eskizi”ni öz dilindən dinləmişəm..  Çox qəribədir, özü, “Şair bəzən diri ikən gözə görünmür” – yazırmış A.Mirseyid. “…Və biz də hərdən qəfil ayılıb görürük ki, yanımızdan bulud adamlar yeriyir, tanış və naməlum” (Aydın Talıbzadə). Və bulud adam özü davam edir:

payız axşamında sevdalı dəniz
bəlkə şair göydən gəlmiş adamdı
qum üstündə yoxa çıxır bir cüt iz
nədən ürəyimə ayrılıq damdı

Adil Mirseyidin rəssamlıq üzrə təhsil alıb. Lakin, poeziyası ilə tanış olduqca aydın olur ki, A. Mirseyid rəssamlıqda nə qədər usta idisə, bir o qədər də sözlərlə rənglərin yaxınına belə düşə bilməyəcəyi metafizik təsvirlər yaratmağa qadir mistikdir. Onun əsil işi fədakar bir sehirbazlıqla “duyğunun rəsmini çəkmək” idi. Heç də təəccüblü deyil ki, “Mən poeziyaya təsviri sənət və caz elementləri gətirə bildim” deyən şairin rəssamlıq, poeziya və musiqinin vəhdətinə olan inamı onu bütün həyatı boyu izləyərək yaradıcılığının ana xəttini təşkil edib. Şair haqqındakı essesində professor Elçin İsgəndərzadə yazır: “Mənim iyirmidən çox ölkə rəssamlarının əsərlərinin yer aldığı çox zəngin kolleksiyamda Adil Mirseyidin beş-altı əsəri var, bunlar yağlı boya və akvarellə işlənmiş mənzərələr və natürmortlardır. “Ay süvarisi” toplusunu vərəqlədikcə həmən tablolar gözlərim önündə canlandı, qəribədir ki, Adilin məndə saxlı peyzajlarında insan təsvirlərinin yer almadığını sanki ilk dəfə görüb kəşf etdim.

pəncərə ağac bulud bahar
rəsmlər fırçalar rənglər tənhalıq
bu otaqda rəsmlərin fırçaların
tənhalığın içində
məni mənə düşmən edən
bir faciə xaosu var
divar saatının əqrəblərindən
vaxt süzülür damcı damcı
döşəmədə laxtalanır vaxtın qanı
uzun güzgüdə ömrü boşuna umudlarla
yaşamış bir adam
yalnızlıqdan sərxoşdu bu axşam
adama elə gəlir divar saatındadır canı
saat susan kimi o da öləcək
bahar bulud ağac pəncərə
tənhalıq rəsmlər fırçalar rənglər
vaxtın qanı damcı damcı damır güzgüyə
rənglərə fırçalara rəsmlərə ağ kətana
yaradandan küsmüşəm
məni xilas elə ana”

Əlli yaşında itirmişdi anasını Adil Mirseyid. “2001-in yazında küçədə rastlaşırıq. “Təsəvvür edirsən, anam rəhmətə getdi” – anasını itirməyin dəhşətini anlamış 50 yaşlı kişinin uşaq yalqızlığı…Və əlavə edir: “Anam gecə saat 3-də vəfat etdi”. Faciənin nə ayını, nə gününü dedi. Bircə dənə saatı söylədi. Anladım ki, anası ölən saatda Adil üçün zaman dayanıb. Daha nə il var, nə ay, nə gün. Yalnız yetimliyin başladığı saat var…” (Məmməd Süleymanov).

Adil Mirseyid ruhunun zaman və məkan xaricində olduğu onun şeirlərində elə əsrarəngsiz şəkildə ifadə olunub ki, adam oxuyarkən şairin həqiqətən bu dünya adamı olmadığına, göylərdən vəhy aldığına  şübhəsi qalmır. Yox,  bu cümləni metafora xətrinə yazmıram: hər dəfə onun şeirlərini oxuduqca, bu  həqiqətə olan inamım daha da güclənir və bunu A.Mirseyid poeziyasında hiss etməmək mümkün deyil. Bu əminliyimizi şairin öz sözləri də təsdiq edir: “İlk şeirlərimi yazanda mənə elə gəlirdi ki, ilk söz, ilk metafora, obraz və ya ilk misra mütləq Tanrıdan gəlir” (Ulduz jurnalı).

bir zamanlar gerçəkdən sevmişdim bu şəhəri
suda balıq kimiydim sevdalı gecələrdə
indi könül umudsuz boş ver qəmi kədəri
rüzgarlarla qolboyun dolaşdım küçələrdə

Rüzgarlarla qolboyun dolaşdım küçələrdə.. Aman Allah, necə kədərlidir…

A.Mirseyid sözün əsil mənasında astek həyatı yaşayıb.  Zəmanəmizin sonuncu laməkan zahidi, “Adilin şeirlərini söyləyən poetik “mən” ( tənqidçilər ona “lirik qəhrəman” da deyirlər ) haradasa məskun bir varlıq deyil, onun dünyası yaşadığımız dünyanın konkret ünvanına sığmır” (Ulduz jurnalı, Rəfail Tağızadə). “Adil Mirseyidin şeirləri çeşidli özəllikləri ilə yanaşı həm də portretdi. Əlbəttə bu portret ilk növbədə şairin öz portretidir-yəni avtoportretdir. Şairin bütün yaradıcılığı boyu onun öz obrazını görürük” (E. İsgəndərzadə).

hər il avqust ayının ilk günlərində
bu şəhərdən uçub getmək
keçir mənim könlümdən
belə qərib axşamlarda
söz açmayın ayrılıqdan ölümdən

Şair bütün həyatı boyu xəyalları ilə baş-başa olub və onun yaradıcılığı bu özünəxsus sürrealizminin təsvirindən başqa bir şey deyil. ” ..bəlkə elə bu anda o şair Giyom Apollinerlə Mirabo körpüsündən keçir, bəlkə Monmartrdan “Paris məktubları” yazır xalq yazıçısı Elçinə, bəlkə Pikassonun emalatxanasında şeir oxuyur, ya da Vinsent Van Qoqla absent içir…” (E.İ).

ah misirdə olaydım
çiməydim nil çayında
ordan məktub yazaydım
sənə yağmur ayında

 

“O, həm hürufi Şamaxısında, həm 68-in Paris barrikadasında, həm sərgərdan Modilyaninin yanında, həm Bayronlu Yunanıstandadır. Bəzən Həsən Səbbahın Əlamutunda, bəzən 1-ci Dünya Savaşının palçıqlı səngərindədir. 30-ların İspaniyasında o, anarxist olardı, 40-ların Fransasında Alber Kamyu” (M. S).

Ömrünün sonuna yaxın qara ciyər serrozundan əziyyət çəkən şair, demək olar ki, bütün ömrü boyu da maddi ehtiyac içində olub. A. Mirseyid rəsm əsərlərini 20 manata satıb dərman pulunu ödədiyi günlər yaşayıb. Lakin, daim öz əqidəsinə sadiq qalaraq heç kimə əyilməyib, giley-güzar edəndə də kiminsə xətrinə dəyib düzgün anlaşılmamaqdan qorxub. “Mənim əsərlərimə baxan insanlar deyirlər, niyə adam-zad çəkmirsən? Deyirəm, adamlar məni incidirlər, ona görə onları çəkmirəm” (azadlıq radiosu).

gözüm görə-görə ötüb keçir gəncliyim
nə rahatlığım var nə də dincliyim
neçə yol qırıldı qolum qanadım
neçə yol yaramı açdım qanatdım
su kimi hər qaba axıb dolmadım
xəyanətlər gördüm xain olmadım

Tədqiqatçılar əsasən A.Mirseyid poeziyasının urbanist, elitar, sürrealist, mistik məqamlarını vurğulayırlar. Mənim diqqətimi isə bir oxucu kimi digər bir məqam çəkdi: A.Mirseyid yaradıcılığının əsasən haykular yazan 17-ci əsr yapon şairi Matsuo Basönün yaradıcılığı ilə yaxınlığı. Basönün özünəməxsus kədəri, mükəmməl təsvirləri, təbiət peyzajları, melanxoliyası, tənhalığı, xüsusilə ay obrazı Mirseyid yaradıcılığında zamanın ruhuna uyğun yer alan əsas motivlər sırasındadır. Şairin özü müsahibəsində Ayla tale bağlılığından danışaraq deyirdi: “İstəyərdim pəncərəmdən ay görsənsin. Amma görünmədi. Bu harmoniyasını itirmiş dünyada dənizin səsi adama ən yaxşı təsəlli ola bilər. Sonralar anlamışam ki, mənim sağlamlığımda, yaradıcılığımda ayla çox bağlılığım var. Mənə elə gəlir ki, ay mənə şeir yazdırır. İstəyirəm qaçam, o zorla mənə şeir yazdırır” (azadlıq radiosu).

ay gedir mor dağlar ulduzlar qalır
ay gedir fanilər yalqızlar qalır
ay gedir çin olur yarımçıq yuxum
ay gedir oynayır bədəndə ruhum
ay gedir hürküb diksinir yuxum
ay gedir qırılır qolum qanadım
ay gedir sonərmi sonməzmi bilməm
ay gedir donərmi donməzmi bilməm
ay gedir bir söz çıxmir dilimdən
ay gedir ürəyim düşür əlimdən

“Utomoronun rəsmlərinə baxıram, Utomoronun rəsmlərində Ay doğub, Fudzi dağı Ay işığında gülümsəyir. Mən Budda kimi oturub Aya baxıram və düşünürəm ki, bir gün bu dünyadan uçub gedəcəm, o gün uzaqda deyil, bunu bilirəm. Və bir gün geri dönəcəyimə inanıram, bir gün geri dönsəm Fudzi dağında rahib olaram, – hayku yazaram, sake içərəm… Ey bədirlənmiş Ay, cavab ver mənə – Fudzi dağlarında saat neçədir?” (lent.az, Adil Mirseyid).

başım cəllad baltası altında olsa belə

səni düşünəcəm yenə

gözlərini baxışlarını düşünəcəm

bakıda may yağışlarını düşünəcəm

yasəmən qoxulu may yağışları

ipək saçlarında may yağışlarının sirri

may yağışlarının sirrini duyacam

barmaqlarımın ucunda

qafamın içində nə vətən məhəbbəti

nə azadlıq havası nə şeir sevdası

nə dostluq və düşmanlıq

nə günah nə peşmanlıq

öləcəyəm yalnız sənin uğrunda

 

cəllad baltası altında qara frak geyməliyəm

yaxama gül taxmalıyam

ilk dəfə görüşmüştək

dodağımda təbəssüm

dönüb sənə baxmalıyam..

 

P.S:  yazı internet resurslarından istifadə olunaraq hazırlanıb.

Müəllif: Malik Məmmədli


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.