Cəmiyyət

“Gənclər Təşkilatları daha fəal olmalıdır”

Ötən həftə Bakı Ekspo Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  keçirilən 100- ə yaxın Gənclər Təşkilatlarının IV Respublika Sərgisinə ev sahibliyi edib.

Gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihələr haqqında ictimaiyyəti məlumatlandırmaq və  gəncləri birgə təşəbbüslərə cəlb etmək məqsədi daşıyan sərgi 3 gün davam edib. Burada Gənclər təşkilatları öz potensiallarını nümayiş etdirib.

20 ildən artıq fəaliyyət göstərdiklərini və Azərbaycanda ən böyük tibb təşkilatı olduqlarını deyən “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin üzvləri burada onlara yaxınlaşan şəxslərin təzyiqlərini ölçür, müayinələr edirdilər.

Birliyin sədri Valeh Rüstəmovun sözlərinə görə əsas məqsədləri ölkə daxilində və xaricdə təhsil alan tibb tələbələrini şəbəkələşdirərək onları Azərbaycanın səhiyyə sistemi ilə əlaqələndirməkdir.

Valeh Rüstəmov:

–         Bundan əlavə biz ictimai işlər aparırıq. Bildiyimiz kimi dünyada hər 12 nəfərdən biri hepatit xəstəliyinə yoluxub. Biz çalışırıq ki, daha çox maarifləndirici iş aparaq, Azərbaycanlı vətəndaşlar buna qarşı mübarizə apara bilsinlər. Bilsinlər ki, hepatit xəstəliyi olan zaman bu ölüm deyil, bu son deyil.

Sərgidə Zərdab rayonunu təmsil etdiklərini bildirən “Gəncliyə Dəstək” İctimai Birliyinin üzvü Cavad Cavadlı  deyir ki:

–   Əsasən “ Gənclərə düzgün yol göstərmək”, “ Gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq”, “ Narkotikaya yox deyək”, “Vətənpərvərlik uğrunda hər evə bir bayraq” layihəmiz keçirilmişdi. Ümumi fəaliyyətimiz odur ki, gənclərə düzgün istiqamət göstərmək, peşə seçimlərini düzgün eləsinlər, ictimai işlərlə məşğul olsunlar.

Sərgidə iştirak edən əksər təşkilatların yalnız bukletlər qoyduqlarını və  öz potensiallarının nə olduğunu ictimaiyyətə təbliğ edə bilmədiklərini, bu səbəbdən də sərgiyə gələnlərin bir neçə təşkilatın stendi ətrafında toplaşdığını deyən ziyarətçi  Dilarə Ağayeva onu da qeyd edir ki, burada yeni təşkilatlarla tanış olsa da,  ümumilikdə onların fəaliyyətindən narazı qalıb.

Dilarə Ağayeva:

–     Burda çox tanımadığımız xaricdə təhsillə bağlı, gənclərin fəaliyyəti ilə bağlı çox maraqlı sərgi təşkil edən təşkilatlar var idi. Təşkilatlar bir az gənclərdə daha çox maraq oyatmalıdır. Bəzən insanlar cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Əsasən də gənclər. Məsələn mən. Gözləyirəm ki, onlar daha yaxşı kompaniyalar yaratsınlar ki, gəncləri də öz ətrafına toplaya bilsinlər.

Gənclər təşkilatlarının sərgisində yalnız dövlət  qeydiyyatına alınmış təşkilatların iştirak etmək hüququ qazandığını deyən “Müsbət dəyişiklik” Gənclər Hərəkatının İdarə heyətinin üzvü Nərmin Rəhimli  qeydiyyata alınmamalarının bu sərgidə iştiraka maneə olduğunu deyir.

Nərmin Rəhimli:

–   Əslində iştirak etməməyə tək maneə qeydiyyat idi. Başqa tələblər yox idi. Amma bu, bu mərhələdə yox idi. Qeydiyyat dönəmində tələblər fərqli olduğu üçün qeydiyyatdan keçməməyin nəticəsi də o olur ki, belə böyük, geniş tədbirlərdən uzaqda qalır. Bu istər Gənclər Fondunun ayırdığı maliyyəyə müraciət etməmə səbəbidi, istərsə də belə böyük tədbirlərdə iştirak etməmə səbəbidi. Təbii Gənclər Fondu da bildiyimiz kimi maliyyəni ancaq qeydiyyatı olan təşkilatlara ayırır.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: buy ciprofloxacin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.