Bloq, P.S, ZZ-Manşet

“Getdikcə hamı gedir…” - Bloq

aideİnsanoğlu elə bir varlıqdır ki, hər zaman kiminləsə ünsiyyətə, münasibət qurmağa ehtiyac duyur. Tək yaşamamaq, ömür yolunda kiminləsə addımlamaq üçün birini axtarır. Zaman-zaman yanılmalar əlbəttə olur. Amma nəticə etibarilə kimisə tapır. Hər anında yanında olacaq, başını çiyninə qoya biləcəyi, sirrini, sevincini bölüşəcəyi biri. Hər şey düşündüyü kimi getdiyi bir anda tək qalır. Yol yoldaşları hər zaman sadiq olmur axı. Təəssüf ki, həyatda heçnə əbədi deyil. Bunu anlamaq insana ağır gəlsə də, qəbul etmək çətin olsa da belədir. Bugün ən yaxınım, sevdiyim dediyin şəxs sabah səninlə olmur. Bəli yenə də tək qalırsan. Məncə insan bir çox şeylərə öyrəşmişkən təkliyə də öyrəşməli. Ümumiyyətlə, ehtiyac halına gəlib tələbata çevrilməlidir təklik. Niyə də yox? Baxın ətrafınıza. Sona qədər sizinlə bir gələn, yolu birlikdə qət edən və finish xəttini bərabər keçən neçə nəfər var həyatınızda? Nə bilirsiniz yanınızdakı sabah sizi təkliyə “məhkum” etməyəcək? Zəmanətiniz mi var? Zənnimcə, çoxunuzun cavabı “yox” oldu deyilmi?

Əslində, düşünməyin ki, yazımla hər kəsi mən də təkliyə “məhkum” etmək istəyirəm. Ya da “hər kəs təkliyə qapılsın, onsuz da heçnə əbədi deyil” də demirəm. Yox, qətiyyən. Sadəcə əvvəldən özünüzü buna psixoloji olaraq hazırlamanız lazımdır. Adətən deyirlər ki, bir işi görməmişdən əvvəl onun nəticələrini də göz önünə almalısan. Necə də gözəl deyilib. Gəlin baxaq, hər kəs bütün ehtimallardakı nəticələri göz önünə alırmı? Nədənsə, hamı işin alınacaq tərəfini, müsbətini görür. Müsbəti görmək gözəldir, bəs işin alınmaması ehtimalı? Birdən olmadı, alınmadı? Bunun üçün B planınız varmı? Yenə də “yox” ?

Ancaq əvvəlcədən özünüzü hər hadisəyə, olacaqlarla yanaşı  olmayacaqlara da hazırlasaydınız nə gözəl olardı, deyilmi? Həyat da belədir. İnsanlarla münasibət də, dostluq da, sevgi də. “Ailədən ən yaxını yoxdur insana” deyirlər. Onlar da sona qədər bizimlə qalmazkən, niyə ətrafdakı insanlara bu qədər öyrəşək? Niyə problemlərimizi türklər demiş illa da başqası ilə bölüşərək həll etməliyik? Məcburuq mu deməyə, ya da onlar məcburdur mu bizi dinləməyə? Zənn edərsəm yenə yox. Özümüz varkən başqasına nə hacət? Axı bizdə o potensial var. Problem bizimlədirsə, həll etmək üsulu da mütləq ki bizimlə olacaq.Unutmayın,  başqaları sadəcə yol göstərə bilər, sonadək o yolu getməyəcək. Ona görə də siz siz olun özünüzü həyatda hər şeydən əlavə “təkliyə” də bir gözəl öyrəşdirin. Sevin təkliyi, qoruyun onu. Sonda sizə qalan o olur. Hə bir də yadımda ikən bunu da deyim “Getdikcə hamı gedir və də gedəcək… geriyə qalan isə SİZ özünüzsünüz. Bir də öyrəşməli olduğunuz təkliyiniz.”

Müəllif: Aidə Səlim


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər