boş bölmə, Sosial, ZZ-Manşet

Göycay rayonunda maarifləndirmə tədbiri keçirilib

DSC_0103“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Göyçay rayonunda dövlət qurumlarının, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə keçirilib.
GSR.fm xəbər verir ki, həmin tədbiri Göyçay rayon icra hakimiyyəti başçının müavini Rəxşəndə Rəcəbova giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti, bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Pərvin Məmmədova belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
P.Məmmədova qeyd edib ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlaşdırılması, abortların fəsadları və digər mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla əhalinin, əsasən də yeniyetmələrin və reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasına, abortların sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır.
Daha sonra ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədova ana və uşaq sağlamlığının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Leyla Məmmədova iştirakçılara Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində dövlət siyasəti barədə, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə məlumat verib. O, qeyd edib ki, hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Tədbirdə çıxış edən Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimi isə yeni doğumuş uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmaması üşün selektiv abortun qarşısının alınmasını nəzərdə tutan qanunvericiliyin qəbul olunmasına ehtiyac olduğunu vurğulayıb.
Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılmış, bu sahədə bir sıra təkliflər irəli sürülmüş, eyni zamanda müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.