Cəmiyyət

Güllə səsi altında yaşayan gənclik

Yolumuz Azərbaycanın sərhəd rayonlarından olan Ağdamadır.
Gəldik çatdıq Ağdamın Ermənistanla sərhəddə yerləşən, erməni snayperinin gülləsi nəticəsində dünyasını dəyişmiş 9 yaşlı Fariz Bədəlovun bir vaxtlar yaşadığı Orta Qərvənd kəndinə.
Sərhəddə yaşayıb, güllə səsi ilə oyanmağın necə hiss olduğunu yaxşı bilən Orta Qərvənd sakinlərindən biri olan Sadiqgildəyik. Sadiq 9-cu sinifdə oxuyanda ermənilərin atəşkəsi pozması nəticəsində snayper gülləsi ilə sinəsindən yaralanıb. O günləri ürək ağrısı ilə xatırlayan Sadiqin anası Məleykə xala deyir ki:

Fevral  ayının 23 idi.Bax uşaq, bax burda əmisinin həyətində idi. Uşaqlarla, özünün tay tuşları ilə oynayırdı. Snayperlə sol tərəfindən vurdular. Pis vəziyyətlərə qaldı. 15 gün uşaq necə stress vəziyyətində qaldısa, bu gündə o uşaq bu yaşındadır, hələ də güllə atılanda görürsən rəngi dəyişir.

O vaxtdan Sadiq bu yaradan  nə qədər əziyyət çəksə də, yaşamını elə düşmən gülləsinə tuş gəldiyi yerdə- Orta Qərvənd kəndində davam etdirir. Sadiq ali təhsillidir – müəllimdir. Ancaq o, öz ixtisası üzrə işləyə bilmir. Səbəb kimi isə Sadiqin  anası Məleykə xala şəraitin olmadığını deyir.

Məleykə xala tikiş tikir

Məleykə xala:

Bura cəbhə bölgəsidir. Nə sənət? Adi bizim həkimimiz yoxdur. Hər şeyə ehtiyacımız var. Baxçamız yoxdur, yəni təkcə bu deyil, bu kənddə heç olmasa 30 belə cavan uşaq var işsiz. Ayrı gedib kənarda dolana bilmir. Ev yox, eşik yox.

“Ağdamın sərhəd olmayan kənd və qəsəbələrində yaşayan gənclər  ən azından evdən çıxıb rahat gəzə bilirlərsə, Orta Qərvəndin gənclərinin evdən çıxıb hansısa işə getməsi də təhlükəlidir” sözlərini deyən Məleykə xala cəbhə bölgəsində günlərini həyəcan içində keçirdiklərini söyləyir.

Məleykə xala:

Deyirəm  cəbhə bölgəsindən elə xəstəliklər çıxacaq ki, elmə məlum olmayan bu həyəcanı ki, biz keçiririk, bu hissləri ki, biz keçiririk. Hər dəqiqə,hər saniyə. Nə bilim, ordan güllə atılanda, əsgərlərin səsi gələndə, bizdə o əsgərlərlə bərabər səngərlərə yüyürürük ki, görən nə oldu. Neçəsinə yardım edirik məsələn gücümüz çatandan.

Ağdamın Sadiq kimi əksər gəncləri ali təhsilli olmalarına baxmayaraq  ixtisasları üzrə işləmirlər. Vaxtlarını  çayxanalarda, ən yaxşı halda isə təsərrüfat işləri ilə məşğul olmaqla keçirirlər. Biz də işsizliyin səbəbini Ağdam rayonun bələdiyyə sədri Azər Mikayılovdan öyrənməyə çalışdıq.

Azər müəllim səbəb kimi iş yerlərinin olmamasını göstərir. Bundan başqa gənclərin  digər problemlərindən də danışan bələdiyyə sədri Orta Qərvənd kəndinə telefon xəttinin çəkilmədiyini ,bu səbəbdən də İnternetin olmadığını, kitabxanaların azlığını və gənclərin inkişafı üçün lazımi şəraitin yaradılmadığını söyləyir.

Ağdamda yaşayan gənclərin daha çox təsərrüfat işləri ilə məşğul olduqlarını  deyən Bələdiyyə sədri Sadiqin də işləməsi üçün məktəbdə yer olmadığını bildirir.

Bələdiyyə sədri problemlərdən danışır

Azər Mikayılov :

Sadiq müəllimdir, məktəbə müraciət etməlidir. Məktəbdə də iş yeri yoxdur. O da kənara çıxmaq istəmir. Ancaq öz kəndində işləmək istəyir. İndi ola bilsin ki, gələcəkdə məktəbdə yer olacaq, o da orda işləyər.

Onu da deyək ki, Sadiq ailəlidir. Onun Məleykə adında bir yaşlı bir aylıq qızı da var. O, ailəsini dolandırmaq üçün həm mal-qara saxlayır, həm də əkin-biçinlə məşğul olur. Elə biz də Sadiqə iş başında rast gəlirik.

Sadiq deyir ki, təsərrüfata çəkdiyimiz əziyyətin qarşılığını ala bilmirik.

Sadiq:

Soğan əkmişəm indi meşokda (kisə- red.) cücərib çıxıb, qalıb orada. Nə əksək getmir. Soğanı əkmişəm nə qədər pul qoymuşuq. Heyvan satıb pul qoymuşuq. 35- 40 kiloluq setkanı 5 manata istəyirlər. Onu da mən necə verim?

Sadiq onu da bildirir ki, keçən ilə qədər gəlirləri nisbətən daha yaxşı idi. Çünki mal-qara bəsləməklə yanaşı, qoyun da saxlayırdılar. Ancaq qoyun otardıqları sahə də onlar üçün təhlükəli əraziyə çevrilib.

Sadiq :

Hardasa keçən il qoyunumuz var idi burada. Mən vurulan yerdə otarırdıq. Atamla qoyun otarırdı bir nəfər, onu vurdular. O pis gündə, elə pis vəziyyətdə idi. Ondan sonra satdı qoyunu. Qorxdu, satdış. Ermənin qabağıdı, başqa yerimizdə yoxdu, yəni malı saxlayırıq. Bu sahədə elə bil boşluqdu yəni erməniyə görə əkilib-biçilmir. Qoyunuda orda otarırdıq adam vurulandan sonra qorxduq.

Sadiq təsərrüfat işlərinin ağır olduğunu və aldığı güllə yarasından sonra iş qabiliyyətini tam olaraq itirməsə də, bu işlərlə məşğul olanda əziyyət çəkdiyini deyir.

Sadiq ot biçir

Sadiq :

Ağrıyıb eliyir belə baxanda ama belədə ki,  neynəməlisən  ağrısa da onsuz da işləməlisən, ayrı yolu yoxdur.Yəni, atamdır, bir mənəm, qardaşımda əsgərdlikdədir. İşləməsək də o da tək çatıra bilməz, mən də tək çatıra bilmərəm.

“Atəşkəs pozulanda yaralananlar və ölənlər olur”- sözlərini  deyən Sadiq bizə acılan atəşlərdən sonra deşik-deşik edilən evlərin divarlarını, bacalarını  göstərərək, burada yaşamağın çətinliyindən danışır. Sadiq şəraitin nə qədər dözülməz olduğunu desə də, Ağdamdan köçməyi düşünmür.

 Sadiq :

Burdan getmək olmur. Yəni  getmişik bax aşağıda meşə var- Şahvəllər orada çadırda qalmışıq, Bərdədə qalmışıq, yəni çox yerdə qalmışıq. Göyçayda qalmışıq. Amma olmurda bu boyda evi-eşiyi həyəti qoyub getmək də olmur, qalmaq da olmur.

Sadiqgilin həyətində  iki mərtəbəli və divarları güllə izi ilə deşik-deşik olmuş bir ev diqqətimizi cəlb etdi. Bu evdə yaşayış yox idi. Sadiq evin əmisinə məxsus olduğunu deyib onun övlad acısı yaşamaqdan qorxduğundan burdan köçdüyünü bildirir.

Sadiq :

Ailə həyatı qurandan 17 il sonra bir oğlu oldu. Ona görə də istəmir. Deyir mən istəmirəm 17 ildən sonra tapdığım uşağın gəlim burda başına nəsə gələ. Gəlir bizə heç keçib bura ilə də maraqlanmır. istəmir ki gələ, o bir uşaqla təhlükənin, güllənin qabağında yaşaya.

“Burada heç kim bu uşağın erməni gülləsinə tuş gəlməyəcəyinə zəmanət vermir” deyən Sadiq qızı Məleykənin də Ağdamda böyüməsindən narahatdır.

Sadiqin balaca qızı Məleykə

Sadiq:

İstəmərəm mənim kimi burda yaşasın zülümlə. İstəyərəm ki, hardasa bir qıraq yerdə, şəhərdəmi lap kənd olsun. Amma bura olmasın .Sərhəd bölgəsi olmasın.

Balaca Məleykənin gələcəyindən nənəsi də narahatçılıq hissi keçirir.

Məleykə nənə:

Elə qorxur elə qorxur o səs gələndə birdən ki, atırlar gecə elə qorxur, elə ağlayır gözünün yaşı od kimi tökülür. 1 yaş 1 aylıqdı hələ. Bu cəbhə bölgəsində birini saxlayırıqsa qoçağıq biz.

Qeyd edək ki, 2011- ci il martın 8-də  Fariz Bədəlovun erməni snayperinin gülləsi nəticəsində dünyasını dəyişməsindən sonra Orta Qərvənd kəndi ilə erməni postunu ayıran, uzunluğu 885 metr olan hasar inşa edilib.

Bələdiyyə sədri Azər Mikayılov hasarın əhalinin təhlükəsizliyini qorumaq məqsədilə tikildiyini  və bu işdə elə kənd sakinlərinin əməyindən istifadə edildiyini deyir.

Barı ümumilikdə 885 metrdir.Bir az artıqda nəzərdə tutumuşuq yəqin ki, ikinci mərhələdə o da çəkilər. Güllə erməni atsada yuxarıdan keçib gedəcək.Amma aşağıdan gələn güllə. O barı əhalinin təhlükəsizliyini təmin edəcək. Ustalar, fəhlələr hamısı kənddəndir. Əmək haqqı almaq şərtilə.

Fariz Bədəlovun babası Arif  Bədəlovun fikrincə isə nəvəsinin şəhid olmasından sonra barının çəkilişi gecikmiş qərardır.

Fariz Bədəlovun babası danışır

Hasarın xeyri indən belə mənə nə xeyri var əvvəl cəkiləydi hə xeyri olardı indi hecnəyə xeyri yoxdu.müəyyən adamlara xeyiri oldu.ama vaxtında çəkilsəydi hec bu hadisə də belə də olmazdı nə də mənim ürəyim bir belə yanmazdı . uşağı vurmaq o deməkdi ki,  onu 8 mart qadın bayramında anasına padarka (hədiyyə-red) etdilər. ömürlük padarka

Digər kənd sakinləri də barının gec tikildiyini desələr də bunun əhalinin həyat şəraitini yüngülləşdirməsi  və Məleykə, Ayxan,Sabir kimi balaca sakinlərin təhlükəsiz böyümələri baxımından bir təminat olacağını da inkar etmirlər.

Orta Qərvənd kəndinin balaca sakinləri Ayxan və Sabir də güllə səslərinə öyrəşdiklərini deyirlər.

Ayxan.

– Siz heç  güllə səsi eşidirsiz?

– Hə…

– Nə vaxt eşitmisən axrıncı dəfə?

– Hə bu vaxtlar da  gecə atırlar .

– Qorxursan?

– Yox …

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.