Reportaj, Z-Manset

“Gün eynəklərinin 95%-i nəzarətsiz satılır” - Reportaj

gun_eyneklerinin_95_faizi_nezaretsiz_satilirYay fəslinin dəyişməz aksesuarlarından biri də gün eynəkləridir. Aksesuar olmaqla yanaşı eynəklər həm də, gözlərimizin mühafizəçisidir. Bəzən isə düzgün seçilməyən eynəklər sağlamlığımıza zərər gətirə bilər. Bəs görəsən şəhər sakinləri gün eynəyi alarkən nələrə diqqət yetirirlər.

“Adətən, ucuz alıram və onların keyfiyyəti olmur. Sertifikat tələb etməyin isə vaxt itkisi olduğunu düşünürəm.”

 “Eynəklərin keyfiyyətinə diqqət edirəm, inandığım üçün isə setifikat tələb etmirəm.”

“Eynək alarkən ən çox dəbə üstünlük verirəm. Eynək aldığım yerin mənim üçün önəmi yoxdur, onsuz da hamısı eynidir.”

 “Plastik şüşəli eynəklərdən istifadə etmirəm, onları taxdıqda şüa keçirdiyi üçün gözlərimi narahat edir. Həmişə eyni yerdən aldığım üçün sertifikat tələb etmirəm.”

Həkim, oftomoloq Elmira Mailova isə deyir ki, keyfiyyətsiz gün eynəkləri görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər: “Görmə qabiliyyəti aşağı düşdükdə isə baş ağrıları yaranır. Eynəyi taxdığınız zaman baş ağrısı, baş gicəllənməsi, əyri görmə və ya baxdığınız yazılarda və şəkillərdə pozuntular baş verərsə, bu zaman həkimə müraciət etmək lazımdır. Keyfiyyətsiz eynəklərin fəsadları ilə bağlı müraciət edənlər ən çox baş gicəllənmələrindən şikayət edirlər.”

Həkimin sözlərinə görə, keyfiyyətsiz gün eynəklərinin, şüşəsi ağır olur. Eynək alarkən keyfiyyətini yoxlamaq üçün günə çıxmaq və ya yazı oxumaq lazımdır. Həkim məsləhət görür ki, alıcılar eynək seçərkən əsasən poloroid ya da üzərində qoruyucu plyonka olan eynəklərə üstünlük versinlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, gün eynəklərinin 95%-i nəzarətsiz satılır: “Kim, harda və necə gəldi həkim nəzarəti olmadan keyfiyyətsiz eynəkləri alırlar. Alıcılar bilməlidilər ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, poloroid eynəklərinin testləri vardır ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir.”

Keyfiyyətsiz gün eynəklərinin satışı aşkar olunarsa satıcını minimum 1500 manat cərimənin gözlədiyini bildirən Eyyub bəy bu tədbirlərin İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfindən görüldüyünü deyir.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Hazırladı:  Kafiyə Oruc

                   Bakı Dövlət Universitetinin I kurs tələbəsi

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.