Reportaj, ZZ-Manşet

Gürcülərin sevgi şəhəri – Siğnaği - Reportaj

Siğnaği Gürcüstanın ən kiçik şəhərlərindən biridir və paytaxt Tbilisidən təxminən 113 km cənub-şərqdə, Kaxetiya vilayətində yerləşir.

Siğnaği sözünün  tarixi haradan gəlir?

Şəhərin adı Sığnaq (ingilicsə “Sighnaghi”, rusca “Сигнахи”)  – yəni sığınacaq sözündən götürülüb. 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başladıb və Dağıstan qəbilələrinin soyğunçu hücumlarını dayandırmaq məqsədilə müdafiə qalasını ucaldıb. Buranın ərazisi 40 hektardır. Siğnağililər şəhər divarlarını Çin səddi ilə müqayisə edir və uzaq Şərqdəki divardan sonra uzunluğuna görə onun dünyada ikinci olduğunu deyirlər.

img_5163

Siğnağidə gəzərkən, evlərin bir çoxunda ənənəvi gürcü eyvanlarına rast gələ bildik. Qədim olmağı ilə bərabər şəhərin təmizliyini də vurğulamasaq olmaz. Demək olar ki, bütün yollar təmirlidir və yerdə zibilə rast gəlmək çətinir. Eyni zamanda Siğnağidə küçə ticarəti geniş yayılıb. Xüsusi əl əməyi, göz nuru olan məhsulların yanından diqqətsiz ötüb, keçmək olmur.

img_4891

Yəqin ki, hamımız Gürcüstan şərablarının məhşur olduğunu eşitmişik. Siğnaği də, bu sahədə ölkəyə məhşurluq gətirən şəhərlərdəndir. Kiçik olmasına baxmayaraq, burada kifayət qədər şərab evlərinə rast gəlmək olar. Onu da qeyd edim ki, şərabların əksəriyyəti evdə hazırlananır və xüsusi dada malikdir. Eyni zamanda Siğnağidə xüsusi şərab mərkəzləri var, hansı ki, istənilən şərabın dadına baxıb, qiymətləndirib, sonra ala bilərik.

Sığnaqinin özünəməxsus cəhətlərindən biri də, onun sevgi şəhəri kimi adlandırılmasıdır. 2011-ci ildən, şəhər bələdiyyəsinin təşəbbüsü nəticəsində şəhər belə adlandırılır və burada nikah evi 24 saat işləyir. Beş ildir ki, şəhərdə fəaliyyət göstərən Siğnaği nikah qeydiyyat şöbəsi beynəlxalq status alıb. Belə ki, Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən bu şəhərdə verilən nikah kağızı beynəlxalq status daşıyır.

img_5247

 Bəs sevgi şəhərində evlənmək üçün nələr lazımdır?

Lazım olan sənədlər çox deyil. Nikaha girənlərin gürcü dilinə notarial təsdiqlə tərcümə olunmuş xarici passportu, 2 nəfər şahid, 51 lari pul kifayət edir.

Elə biz burada olan müddətdə də, evlilik üçün müraciət edənlər və nigah bağlayanlar var idi. Biz də fürsətdən istifadə edib, gürcülərin nigah mərasiminə şahid olduq.

img_5239

Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən bu şəhərə səfər edən turistlər arasında nigah bağlamaq üçün gələnlərlə də rastlaşmaq olur.

Turistlərdən söz açmışkən, qeyd etmək lazımdır ki, Siğnaği turizm zonası olduğundan, şəhərdə hotellər, hostellər və qonaq evləri (guest house) çoxluq təşkil edir. Yəni, turistlər üçün hər cür şərait yaradılır.  İngilis, rus dilində danışan insanlar şəhərdə kifayət qədərdir.

Təbii ki, qədim şəhəri muzeysiz təsəvvür etmək olmaz. Şəhərin mərkəzində yerləşən Siğnaği Dövlət Muzeyi turistlərin baş çəkməli olduğu yerlərdəndir. Muzeyə giriş ödənişlidir. Belə ki, 3 lari ödəməklə muzeylə tanış ola bilərsiniz. Muzeydə ölkənin tarixinə aid qədim eksponantlar, gürcü geyimləri yer alır.

img_5370

Ümumilikdə götürsək, Siğnağiyə sakit şəhər demək olar. Yəni, saat 19:00-dan sonra şəhərin küçələrində çox az adam olur.

Son olaraq deyə bilərik ki, Siğnağiyə getməyə dəyər. Təkcə gəzməyə və yeni yerlər kəşf etməyə yox, eyni zamanda şəhərin gülərüz insanların görmək üçün. Biz orada olduğumuz müddət ərzində, demək olar ki hər kəsin üzündə təbəssüm və mehribanlıq var idi.


Hazırladı:

Duyğu Qasımlı

Öncəki xəbərNövbəti xəbər