Cəmiyyət

“H.Əliyev sahəmdə öz adına üzüm sahəsi saldırıb”

– Maşın saxlayır, deyir gedək parnikdə işləməyə. Gəlir, öz xoşuna oturur maşına gedir – Nardarana, ya Bilgəhə, ya Maştağaya, ya çölə.

– Dolanmaq üçün də, çörək pulu üçün gəlirlər…

Bunları Maştağada “qadın qul bazarı” adlanan yerdəki vəziyyətin ən yaxın şahidləri olan Maştağa camaatı deyir. Yerli camaat bildirir ki, bazar təxminən 5-6 il əvvəl yaranıb. Maştağanın mərkəzi bazarında qadınlar hər gün toplaşıb, təsərrüfat və təmizlik işlərinin icrası üçün ucuz xidmət təklif edirlər. Və bura əksəriyyət tərəfindən “qadın qul bazarı” adlandırılır.

Bazardakı qadınların vəziyyəti ilə maraqlanarkən burada fəaliyyət göstərən Yeganə xanımla tanış oluruq. Ömrünün 35 ilini iri təsərrüfatlar idarə etdiyini deyən 55 yaşlı Yeganə xanım keçmiş həyatını – kolxoz sədri olduğu vaxtları, sosializm yarışı qalibi medallarını, diplom və mükafatlarını fəxrlə xatırlayır.

O deyir ki, 1981-82-ci illərdə o vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni sovet dövrü ierarxiyasına uyğun desək, respublikanın rəhbəri Heydər Əliyevlə də tanış olub. Və hətta, H.Əliyev onun təsərrüfatına da baş çəkib.

Yeganə Nuriyeva:

Zona müşavirəsi gedirdi. Heydər Əliyev orda iclas aparırdı. Dedi Ağsu rayonundan Yeganə xanım dursun ayağa. Dedi xahiş edirəm ki, əl çalasız. Hardasa məni bir dəqiqə ayaq üstə sürəkli alqışlarla alqışladılar. Elə bildim bütün dünya mənimdir. Sonra özü mənim sahəmə gəldi, 6 hektar öz adına üzüm sahəsi saldırdı. Öz adını vermişdi o üzümə.

Şəxsi təsərrüfatı dağıldıqdan sonra yaşadığı Ağsu rayonunda dolanışıq çətinləşdiyinə görə Yeganə xanım 1997-ci ildən  ailəsi ilə birgə Bakıya köçür və kirayədə yaşamağa başlayır.Bakıya gəldikdən sonra bir müddət aşpaz işləyən həmsöhbətimiz mədə qastritindən əziyyət çəkməyə başlayır. Müalicə almaq imkanı olmadığından işinə davam edə bilmir. Həyat yoldaşı sürücü kimi işləsə də ailəni dolandırmağın bütün yükü Yeganə xanımın üzərinə düşür. Yeni iş axtarışları onu bu bazara gətirir.

Yeganə Nuriyeva:

Qonşu gəlinləri gəlirdi, dedim mən də gedim marağa. Onda parnikə ip çəkirdilər, çəkdim öryəndim. İşləyəndən sonra da evdə qalmadım, hər gün gəldim. Parnikə gəldim, burda da şəkər tutdum.  Altı ildi şəkərəm.  Dərman var, o da bahadır, onu da necə alım?

Yegane-xala-ile-musahibe
“Bazarın bibisi” bazar haqqında danışır

Yeganə xanım artıq 3 ildir ki, bazarda dayanır və onu burda “bibi” kimi tanıyırlar. O deyir ki, ən yaxşı iş ev təmizliyidir, bu işə görə onlar 20-25 manat alır. Amma iş seçmək imtiyazları olmadığından fiziki güc tələb edən parnik, çöl işlərini, yük daşımaq, şitil vurmaq kimi 10-14 saatlıq işləri də 15 manata görməyə razı olurlar.

Hamını aparmırlar. Bacaranları zirəkləri aparırlar. Dünənləri dördünü-beşini apardılar-gətirdilər.

Müsahibimizin sözlərinə görə hər gün saat 8-dən bura gələn qadınların böyük əksəriyyəti cənub bölgəsindəndir. Amma Naxçıvandan, Ağsudan, Yevlaxdan, eləcə də Bakının digər kəndlərindən gələnlər də az deyil.

Yerli əhali deyir ki, işin az olduğu qış aylarında qadınların hamısı birdən bura yığışır, 250-300 nəfər olurlar. Bura uşağı ilə gələnlər də var, 14-16 yaşında qızını işləməyə gətirənlər də. Onların arasında doğumuna 2-3 ay qalmış qadınlar da var. İş zamanı bu qadınların başına gələn saysız bədbəxt hadisələrin demək olar ki, hamısını danışan “bazarın bibi”si bununla bizə vəziyyətin ağırlığını başa salmağa çalışır.

Yeganə Nuriyeva:

İlan vuran olub, əqrəb vuran olub. Mənim barmağım qapıda qalıb. Əqrəb vuran arvad 1000 manatdan yuxarı xərc qoydu özünə. Yıxılan olur, birini maşın vurdu öldü iki dənə balası yetim qaldı. Birini də təzəlikcə vurub yenə omba sümüyü qırıldı, xəstəxanada yatır. Hamı istəyir çörək aparsın, nağarsın. Eləsi var gəlir xahiş eliyir ki, hansınızın işi varsa mənə verin də nolar, evdə çörəyim yoxdu. Hərəsinin 3-4 uşağı var, bəlkə də illərlə, aylarla onların dilinə ət dəymir.

Deyirlər ki, onlar üçün qul bazarında müştəri gözləməkdən başqa üz tutulacaq yer yoxdur. Çünki iş üçün getdikləri yerlərdə rus dili, ingilis dili, komputer bacarıqları tələb olunur. Bəzilərini isə yaşları çox olduğu üçün işə götürmürlər. Burda işləmək nə qədər ağır olsa da qadınların arasında bəxti gətirənlər də olur.

Yeganə Nuriyeva:

Burda işləyib, ev alanlar da var. Neçəsi torpaq alıb. İndi mənim ailəm genişdir, çatdıra bilmirəm. Hamıya rast gəlmir də o kliyent. Burda qadın var, aparıb evində havayı saxlıyır. Qaz pulu vermir, işıq pulu vermir, ev pulu vermir. Nə var ki, onu yığmağa?!

Aylıq gəliri 200-400 manat arasında dəyişən bu qadınlar bəzən də günlərlə iş tapa bilmir. Onlar üçün əsas iş günü şənbə-bazardır. Yeganə xanımın fikrincə, yaşamaq sözünü buradakı qadınlara aid etmək olmaz. Çünki onların çörək pulu qazanmaqdan başqa məqsədləri, ümidləri yoxdur: “Ümid yaşayanlara aiddir, onlar isə yaşamır” – hər halda onlar belə deyirlər.

Yeganə Nuriyeva:

Mən özümü müalicə elətdirə bilmirəm, mən həkimə gedə bilmirəm. Nə yaşamaqdır ki, bu? Neyləyirəm gündə çörək ye, su iç, hə yaşayıram. Bu yaşamaq deyil. Yaşamaq ayrı şeydir!

Birdən-birə həyatı axarından çıxmış “bazarın bibi”si bədbəxt hadisələrin, uğursuzluqların, enişlərin də səbəbini özünü xoşbəxt saydığı günlərin arasında, keçmişdə axtarır. Deyir  ki, işləsə də, evə, övladlarına heç bir köməyi dəyməyən həyat yoldaşı onun bütün həyatı boyu etdiyi ən yalnış seçimdir. Bütün bu əziyyətlərin səbəbi də yalnış insanın yanında olmasıdır.

Yeganə Nuriyeva:

Mən böyüklərimin sözünə baxmadım. Məni öz şoferim götürdü qaçdı, böyüklərim istəmirdi mən ona gedim. Nəysə da talehim belə gətirdi. “Ulunun sözünə baxmayan ulaya-ulaya qalar”. Atam rəhmətə getmişdi, amma anam razı deyildi. Deyirdi ki, olmaz tanıyıram da onları getmə bala, getmə bala. Balanın da gözü kor oldu. Nə bilim…

O, övladları üçün mübarizə aparır, bu qədər əziyyətə qatlaşır. Deyir, balalarının səadətini görməkdən başqa bir arzusu yoxdur. Çünki bundan sonra həyatda başqa heç nə onu xoşbəxt edə bilməz.

Yeganə Nuriyeva:

Özümü mən tamamilə unutmuşam, yaddan çıxarmışam. Balalarımı xoşbəxt görsəm, bu dünyada mən də xoşbəxtəm. Ailələri olsun, evləri olsun, elə bilirəm dünyam tamamlanır. Özüm üçün heç nə istəmirəm, nə istəyirəm onlar üçün, onlar üçün yaşayıram.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.