Cəmiyyət, GSR fm, ZZ-Manşet

“Heç kim o parka gedə bilmir”

Günəşli sakinləri bir vaxtlar “Ana-bala” parkı adlandırdıqları ərazidən artıq istirahət yeri kimi istifadə edə biləməməkdən şikayətlənir. Sakinlər ərazinin 6 ildən artıqdır ki, təmirə bağlandığını, bundan başqa isə qəsəbədə istirahət üçün yer olmadığını iddia edir:

– Günəşli ərazisində bir dənə, yeganə park idi ki, bu park “Ana və bala” parkı adlanırdı. Yəni neçə illərdir bu, park bağlanıb. Parkdan da camaatın əli kəsilib. Heç kim o parka gedə bilmir. Demək olar ki, o, tikintidə nəyə, kimə quluq edir, xidmət edir heç bir məlumatımız yoxdur. Sadəcə Günəşli əhalisinin əlində, yəni bu gün dincələcək  heç bir şərait yoxdur.

– Bu “Ana və bala” parkı dörd- beş ildir bağlanıb. Yeni Günəşli qəsəbəsində bir dənə yer yoxdur ki, nəvələrimi çıxardıb gəzdirəm. Çox pis vəziyyətdədir. Çölə çıxırsan ancaq maşın yolu var. Gəzməyə bir yer yoxdur.

– “Ana və bala” parkı artıq altı ildir istifadəyə bağlıdır. Aliəmizlə birlikdə əvvələr oraya gedib-gəlirdik, istirahət edirdik. Hal-hazırda orda istifadəsiz məsəl üçün bir dənə bina var. Ora heç istifadəyə yararlı  belə deyil. Biz daha çox istərdik ki, əvvəlki kimi olsun”.                                                                                                                                                 

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov isə həmin ərazidə sadəcə ana və balanın heykəlinin olduğunu, elə şəhərin digər yerlərində də müxtəlif heykəllərin mövcudluğunu, lakin hər heykəl olan yerin park olmadığını vurğulayır:

– Ümumiyyətlə orada heç vaxt park olmayıb. Orada “Ana və uşaq” parkı yoxdur, elə bir anlam yoxdur. Orada Günəşli İstirahət Mərkəzi olacaq. Hazrda tikinti işləri gedir, bu ilin sonuna o tamamlanma işləri qurtaracaq.

hec_kim_o_parka_gede_bilmir-001

Məsələnin hüquqi cəhətindən danışan hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, hər bir vətəndaşın istirahət hüququ var və parkların olmaması bu hüququn pozulması deməkdir:

– Konstitusiyanın 38-ci maddədəsinə görə, hər kəs müəyyən olunmuş qaydada iş rejimindən sonra istirahət etmə hüququ var. Düşünürəm ki, Azərbaycanda xüsusilə də paytaxt Bakıda kifayət qədər parklar var. Amma, problemlər mövcuddur. Məsələn, park əraziləri üçün təyin edilmiş yerlərdə başqa obyektlərin tikilməsi. Bunun da aradan qaldırılacağını düşünürəm.

Hüquqşünas insanların istirahət hüquqlarının  qorunması üçün müvafiq icra orqanlarından və dövlətin bu hüquqlarla bağlı öhdəliklərindən danışır:

– Hansı ərazidə ki, əhalinin sıxlığı var, orada mütləq istirahət məkanlarının və parkların olması zəruridir. Müvafiq analizlər və təhlillər aparıldıqdan sonra həmin parkların tikintisinə başlanılır. Yəni dövlətə bunun üçün xüsusi müraciət etmək lazım deyil.

Pisixoloq Əhməd Qəşəmoğlu isə hər insanın istirahətə ehtiyacı olduğunu deyir. O bildirir ki, istirahət düzgün qurulmalı və düzgün təmin edilməlidir:

– Həqiqi istirahət odur ki, kompleks olsun. İnsana mənəvi, fiziki və psixoloji təsiri olsun. İnsanın təbiətdə olmağa, musiqi dinləməyə, xoş söhbətlərə ehtiyacı var. Öncə aydınlaşdırmaq lazımdır ki, “istirahət nədir?” daha sonra istirahətlə bağlı sistemi hazırlamaq lazımdır. Təəssüf ki, bu gün bununla bağlı problemlər var.


Hazırladı: Günay Kəlbəcərli

Öncəki xəbərNövbəti xəbər