İdman, ZZ-Manşet

“Hədəfimiz finaldır”

Azərbaycanda “Dəmiryolçular” klubunda və “Neftçi cəmiyyətində ilk məşqləri keçirilən voleybolun tarixi 1926-cı ilə təsadüf edir. Bu idman növünün ölkədə inkişafını təmin etmək üçün 1927-ci ildə “Dinamo” və “Kommunalnik” cəmiyyətlərində voleybol bölmələri yaradılır. 1932-ci ildə inkişaf etməyə başlayan Bakı voleybol klubunun ilk uğuru da məhz bu ilə aiddir. SSRİ xalqlarının I spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları hazırlanıb təsdiq edildikdən sonra  təzə qaydalara əsasən Bakıda 1932-ci ildə ilk dəfə şəhər birinciliyi keçirilir. “Jeldor” komandasının qalib ayrıldığı yarışda həmçinin “Qornyak”, “Kommunalnik”, “Dinamo”, “Moryak”, “AZNİ” komandaları iştirak edir. 1957-ci ildə Zaqafqaziyanın VIII spartakiadasında respublikanın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yerin sahibi olur. Buna görə də, həmin il Azərbaycan voleybolçularının ən uğurlu ili hesab olunur. 1990-cı ildə bürünc medalın sahibi olan BMKZ-nin(Bakı Məişət Kondisionerləri Zavodu) voleybolçuları 1991-ci ildə SSRİ-nin sonuncu ölkə kuboku yarışlarının qalibi olaraq Azərbaycan voleybolu tarixində ilk dəfə olaraq belə bir fəxri kürsüyə yüksəlir. Müstəqillik əldə etdikdən sonra beynəlxalq yarışlarda çıxış etmək haqqı qazanan milli komanda Azərbaycan Voleybol Federasiyasının hazırki vitse-prezidenti, məşqçi səyləri nəticəsində bir çox uğura imza atır.

Azərbaycanda voleybola marağın böyük olduğunu deyən Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Heydərova sözügedən idman növünün hazırki vəziyyətini belə izah edir:

“Artıq neçə ildir ki, voleybol ölkədə ən məşhur idman növlərindən biridir. Voleybolla məşğul olmaq üçün bizə müraciət edənlərin sayı da kifayət qədərdir. İllər öncə klublarımızda legioner oyunçular çoxluq təşkil edirdisə, hal-hazırda  onların sayı azalıb. Əvvəllər İslam Həmrəyliyi Oyunlarına 12-15 milli oyunçu cəlb olunurdusa, indi onlarin sayı 28-30-a çatıb. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov voleybolçularımıza dəstək olur və onlara hər cür köməklik göstərirlər”.

Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Fərid Cəlilov voleybolun yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesinin yüksək şəkildə təşkil olunduğunu bildirir:

“İsrail və Sloveniyaya təlim-məşq toplantıları ilə bağlı səfərlər etmişik. Hər iki səfərdə yoldaşlıq görüşlərimiz olub. Oyunların nəticələri yaxşıdır. Ümid edirəm ki, 7 aylıq gərgin hazırlıq prosesi İslam Oyunlarında öz bəhrəsini verəcək. Bir məşqçi olaraq öz komandamdan medal gözləyirəm. Hədəfimiz finaldır. Biz medal uğrunda mübarizəmizi axıra kimi davam etdirəcəyik. Bildiyimiz kimi, Azərbaycan voleybolu yeni mərhələyə qədəm qoyub. Kişi voleybol klublarından ikisinin  Avro yarışlarda iştirakı gözlənilir. Kişilərdən ibarət yığma komanda İslam Oyunlarından sonra Fransada keçiriləcək  Dünya Çempionatının seçmə mərhələsində iştirak edəcəklər. Avropa Liqası üçün iyun ayının ortalarında Makedoniya və Albaniyaya səfərlərimiz olacaq”.

Voleybol məktəblilər arasında idmana marağı artırmaq və sağlam həyat tərzini aşılamaq üçün həyata keçirilən “Olympic Moves-2017” layihəsinin proqramına daxil olan 5 idman növündən biridir. Bu layihə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Olimpiya oyunlarınıın beynəlxalq tərəfdaşı “Coca-Cola” şirkətinin təşkilatçılığı ilə 2015-ci ildən keçirilsə də, voleybol bu proqrama 2016-cı ildə əlavə olunub. Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunda keçirilən “Olympic Moves-2017”nin voleybol üzrə baş məşqçisi Dilqəm Qəhrəmanov belə yarışların idmanın inkişafı üçün önəmli olduğunu deyir:

“16 şəhər və rayonun iştirak etdiyi bu layihəyə 5 idman növü üzrə təxminən 90 min şagird qatılıb. Hər idman növü üzrə 200-300 şagird seçilsə bu idmanın inkişafına güclü təkan vermiş olacaq. Voleybol üçün hündür boy və səbirli olmaq çox önəmlidir və biz artıq fərqlənən şagirdlərlə bağlı qeydlərimizi götürmüşük. Gələcəkdə bu şagirdləri yığma komandaların məşqçilərinə tövsiyə edəcəyik”.

Qeyd edək ki, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını özündə birləşdirən voleybol 1895-ci ildə ABŞ-da yaranıb. Bədən tərbiyəsi müəllimi olan Uilyam Morqan əsasını qoyduğu bu idman növünü ilk dəfə “Mintonette” adlandırıb. Oyunda əsas məqsəd topu irəliyə və geriyə ötürmək olduğu üçün Uilyam Morqanın da üzvü olduğu YMCA dərnəyi(Young Men’s Christian Associaton) 1906-cı ildə Mintonette adını “volleyball”la əvəz etmişlər. İlk voleybol oyunu 1895-ci il iyul ayının 7-də tennis meydançasında iş adamları arasında baş tutub. Morqan onları torun hər iki tərəfinə keçirərək basketbol topunun kamerindən hazırladığı topa zərbə vurmaqlarını və qarşı tərəfə ötürmələrini istəmişdir. 1972-ci ildə Yay Olimpiya Oyunlarının proqramına daxil edilən bu idman növünü mənimsəyən ilk ölkə isə 1900-cü ildə Kanada olur.

 

Öncəki xəbərNövbəti xəbər