Təhsil, Z-Manset

“Hər kefi istəyən bir lüğət yazır, buraxır”

2014-cü ilin 29 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnsitutunun əməkdaşları tərəfindən hazırlanıb Nazirlər Kabinetində təsdiqlənən  yeni orfoqrafiya lüğəti çapdan çıxıb.

“Azərbaycan Respulikasında dövlət dili haqqında” qanunun 13-cü maddəsinə əsasən isə orfoqrafiya və orfoepiya lüğətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən hər beş ildən bir,  bir dəfədən az olmayaraq dərc olunmalıdır. Lakin, buna baxmayaraq  yeni orfoqrafiya lüğətinin çapı düz 10 il gecikib. (Sonuncu nəşr 2004-cü il 5 avqusta aiddir.)

Bu müddətdə ölkədə ayrı-ayrı müəllim və kurslar tərəfindən dərc olunan yeni  orfoqrafiya lüğətləri meydana çıxıb. Belə ki bu lüğətlər arasında pedaqoji elmlər doktoru, professor, alim Əziz Əfəndizadənin “Orfoqrafiya-Orfoepiya” lüğəti, filologiya üzrə fəlsəfə doktoru Məmmədxan Soltanov və filologiya elmləri namizədi Aida Quliyevanın “Məktəblinin orfoqrafiya-orfoepiya-qrammatika lüğəti” də var.

Həmçinin, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komisiyası da abituriyentlər üçün orfoqrafiya lüğəti çap etdirib. Qəbul Komissiyasının Ümumi təhsil üzrə yoxlama- ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Nərminə Məmmədova deyir ki, çoxsaylı müraciətlərdən sonra TQDK bu addımı atmağa məcbur olub.

Nərminə Məmmədova: 

Seminarda müzkirə olunur, seminar qərar verir ki, abituriyentlər üçün bu material nə qədər zəruridir. Və ondan sonra, geniş ekspert heyəti tərəfindən o yoxlanılmalıdır, təsdiq olunmalıdır. Bundan sonra. Bizdə elə bir material hazırlanırsa, təkmilləşdirilir o məsələlər. Yəni ilkin üçün biz də gördük ki, zərurət var, seminarda məsələ qaldırıldı, hətta bizim regionlarla bağlantımız var, həmin regionlardan olan bağlantılarda, məsələn, müəllimlər bizə müraciət etdilər ki, dəfələrlə ki, bizim ehtiyacımız var. Yəni, o materiallar bizdə hamısı müəllimlərin istəyi ilə, seminarın xüsusi qərarı ilə hazırlananməsələlərdir.

 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnsitutunun direktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq ölkədə lüğətçilik sahəsində boşluq olduğu fikrindədir.

Şəmil Sadiqov:

Çox gülməli bir vəziyyətdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası lüğət çap eləyib. Niyə çap eləyib, çünki burda boşluq var. Hərə bir  lüğətdən istifadə edir, fərdi şəkildə lüğətlər çıxır ortalığa. Qəbul Komissiyası da məcburdur ki, pərakəndə vəziyyət olmasın, götürüb bir lüğət çap eləyib. Lüğətçilik Azərbaycanda hal-hazırda qeyri-professional vəziyyətdədir və qənaətbəxş də deyil.

 Qanunla 5 ildən bir çap edilməli olan lüğətin nəşrinin nə üçün 10 il ərzində gecikdiyini öyrənmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Azərbaycanın filoloq-alimi, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli ilə əlaqə saxladıq. Şöbə müdiri bu məsələyə aydınlıq gətirməsə də, ölkədə bu sahə ilə bağlı nəşr edilən digər lüğətlərə müasibət bildirir.

İsmayıl Məmmədli:

 Biz qayda qanunlara, orfoqrafiya normalarına uyğun hazırlayırıq lüğəti. Onlar elə-belə, hərə kefi istəyir bir lüğət yazır, buraxır. Nazirlər Kabinetinin qərarı ilə buraxılmır ki. Bizimki rəsmi şəkildə nəzərdən keçir, Prezident aparatı onunla tanışdı, humanitar şöbə, Nazirlər Kabinetində qaydalar təsdiq olunur. Bu rəsmi dövlət sənədidir. Orfoqrafiya lüğəti elə bil konsitutsiyadır. Normaya uyğun, qaydalara uyğun biz onu çap eləyirik.

Şöbə müdiri, həmçinin 2014-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə edilən dəyişikliklərdən də danışır. O, əvvəlki lüğətdən (2004-cü il) fərqli olaraq yeni lüğətə 110 min sözün salındığını qeyd edir.

İsmayıl Məmmədli:

 Yeni sözləri, sonra təzə yaranan sözləri salırıq, dilə keçən sözləri müxtəlif dillərdən və vaxtilə lüğətə salınmayan və qadağa qoyulan, o vaxtı türkçülük məsələsinə görə, represiyya dövründə çox şeylər salınmamışdı, indi bunlar da tədricən salınıbdır bu lüğətə.

Yeni çap olunan orfoqrafiya lüğəti ilə tanış olan pedaqoq Şəmil Sadiq lüğət haqqında fikirlərini bizimlə bölüşür.

Şəmil Sadiq:

2004-cü ildən bəri təkmiləşdirilən variantıdır, qənaətbəxş hesab etmək olar. Yeni sözlərin yazılışında dəyişikliklər baş verib. “supermarket” sözünün köhnə lüğətdə defislə yazılması təsdiq olunmuşdusa, təzə lüğətdə artıq bunun bitişik yazılması  təsdiq olunub. Sonra burda baxdım neoligizimlər var ki, yeni sözlər “genosid”, “soyqırım”  tipli sözlərin əlavə olunması lüğətin işləkliyini artırmş olur. “Şeir” sözündə “i” varydı, “ feil” sözündə yoxuydu, burda düzəldildi həmin qaydalar.

Pedaqoq yeni orfoqrafiya lüğətinin dərcindən sonra yeni orfoepiya lüğətinin də nəşrini gözlədiyini bildirir. Hal-hazırda professor Əziz Əfəndizadənin çap etdirdiyi orfoepiya lüğətdən istifadə edildiyini bildirən pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnsitutunun bu məsələni də diqqətdə saxlamalı olduğu fikrindədir.

Öncəki xəbərNövbəti xəbər