Podkastlar, ZZ-Manşet

Həsrət şairi Şəhriyar

Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,

Mən də incik ki, mənim nazımı az eyləmisən..

82 illik ömründə bircə dəfə də olsun Şimali Azərbaycanı görə bilmir. Şeirlərində daim bu həsrəti, bu ayrılığı duyulur. Vətən həsrəti ilə yanaşı, eşqdə də bəxti gətirmir.  Lakin şeirləri onu dünyaya tanıdır. Söhbət Məhəmmədhüseyn Şəhriyardan gedir.

Etmisən nazı bu viranə könüldə sultan,

Evin abad ola, dərvişə niyaz eyləmisən.

Şəhriyar təxəllüsü ilə tanınan Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Təbrizdə anadan olur. Onun uşaqlıq illəri Məşrutiyyə inqilabının  başladığı  dövrə  təsadüf edir. Hələ qundaqda olarkən Məşrutə inqilabının lideri Səttərxan onların evinin divarını dəlib, anası Kövkəb xanımın razılığı ilə evlərini səngərə çevirirlər. Bu səbəblə atasının doğma yurdu Xoşginab kəndinə köçürlər.  Bütün uşaqlığı “Heydərbabaya salam” poemasında da adını çəkdiyi Xoşginabda, Heydərbaba dağının ətəyində keçir.

İlk təhsilini kənd məktəbində axund Molla İbrahimdən alır. 6 yaşında artıq  “Qurani-Kərimi” və Hafizin əsərlərini oxuyub qutarır. İnqilabdan sonra Şəhriyarın ailəsi yenidən Təbrizə qayıdır. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırır, məşhur “Talibiyyə” ruhani mədrəsəsində isə müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alır. İlk şeiri Təbrizdəki “Məhəmmədiyyə” orta məktəbinin çap etdiyi  “Ədəb” adlı jurnalında dərc etdirilir.

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedir, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tehran Universitetinin tibb fakültəsində ali təhsil almağa başlayır. Şairin ilk sevgisi universitetdə oxuyarkən Sürəyya adlı qız olur. Şəhriyar sevgilisini öz adı ilə deyil, Pəri deyə çağırır.

İzn ver toy gecəsi məndə sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə təmaşayə gəlim.

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, məndə dalınca sürünüb sayə gəlim.

Onların xoşbəxtliyi uzun sürmür. Sürəyyanı eyni zamanda İran şahı Rza şah Pəhləvinin əmisi oğlu Çıraqəli də sevir. Sürəyyanın ailəsi onun Çıraqəli ilə evlənməsinə razılıq verir. Şəhriyar Sürəyyanı son dəfə görmək üçün qızın anasına yalvarır. Bu yalvarışlardan sonra anası görüşə razı olur. Sevgililər son dəfə Tehranın Behcətabad parkında görüşməyi planlayırlar. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma  onun “Pəri”si  gəlmir. Şair heç vaxt unuda bilmədiyi həmin gecədən yadigar olaraq məşhur “Behcətabad xatirəsi” şeirini qələmə alır:

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,

Gahdan onu day yel deyə laylay huş aparı.

sureyya-xanim
Sürəyya xanım

Sürəyyanın  Şəhriyarı sevdiyini öyrənəndə şairi zindana salırlar. Rza şah xidmətçilərə əmr verir ki, məhbusların qəhvəsinə zəhər töksünlər. Bundan xəbərdar olan şairin anası xidmətçilərə yalvarır ki, oğlu çox cavandır və seyyiddir, onu öldürməsinlər. Xidmətçi gizlincə razılıq verir. Şəhriyar zindanda 18 gün qalır. Eşqinin ucbatından zindana düşən Şəhriyarı bu dəfə  Nişapura sürgün edirlər. Şəhriyar Nişapurda olanda Rza şah Çıraqəlini saray sənədlərindəki səhvinə görə qəhvəsinə zəhər töküb, öldürtdürür. Dostları bir çox cəhdlərdən sonra ustadı Nişapurdan Tehrana gətirə bilirlər.

O, söhbətlərində Sürəyyadan çox da bəhs etmir. Lakin bir dəfə söz açılanda deyir ki, “əgər Sürəyya ilə izdivacım olsaydı, indi doktor Məhəmmədhüseyn Təbrizi idim. Daha indiki Şəhriyar deyildim. Məni bura yüksəldən o eşq, o ayrılıq oldu”.

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açıla tarı!

Şairin daim qəmli olması onun duyğusal xarekteri ilə də bağlı idi. Anasının ölümündən sonra içində acı xatirələri və faciələri olan həsrət şairi Tehranda yoxsa Təbrizdə qalmasına  qərar verə bilmir. Çarəsizlikdən Hafizin “Bəxtnamə” kitabı ilə fal tutur. “Qayıdım gedim şəhrimə şəhriyar olum” beyti onun həm təxəllüsünü, həm də Təbrizə getməsini müəyyənləşdirir.

1953-cü ilin ortalarında doğma vətəni Təbrizə qayıdır. Bir bankda işləməyə başlayır. Təbrizə yerləşdikdən sonra 1954-ci ildə özündən 22 yaş kiçik, ibtidai sinif müəlliməsi olan qohumu Əzizə ilə evlənir. Onların iki qızı və bir oğlu dünyaya gəlir.  21  illik ailə həyatından sonra – 1975-ci ildə Əzizə xanım infakt keçirərək, vəfat edir. Həyat yoldaşının qəfil ölümü şairi bərk sarsıdır.

İran İslam inqilabının yavaş-yavaş baş qaldırdığı bir dönəmdə Şəhriyar Tehrana getsə də yenidən Təbrizə qayıdır və ömrünün sonuna qədər ana yurdunda yaşayır. Şair təqaüdə çıxandan sonra olduqca ağır günlər keçirir. 1976-cı ildə Tehranda nəşr olunan “Ettalat” qəzetinə verdiyi müsahibədə 22 ildən bəri eyni paltarı geyindiyini söyləyir.

Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.

Xəyalını göndəribdi,
Bəs ki, mən ah-vay demişəm.

Azərbaycan  və İran ədəbiyyatının XX əsrdəki dahi şairlərdən biri olan Şəhriyar yaradıcılığında fars dilinə üstünlük verir. Hətta şair fransızca da şeirlər yazır. Onun ilk kitabı 1931-ci ildə nəşr olunur. Sonralar şairin 4 cildlik “Divan”ı, 2 cildlik “Seçilmiş əsərlər” kitabı çap edilir.68093_598415230173545_1869682277_n

Şairin təbirincə desək onu azərbaycanca yazmağa “anasının siması” vadar edir. Farsca yazdığı şeirlərin çoxluğundan şikayətlənən şairin anası Kövkəb xanım deyir: “ Hər yerdə- radiolarda sənin şeirlərin məşhurdur, hər kəs sənin fars şeirlərini sevir, bəs mənim dilimdə şeirlərin niyə yoxdur?” Anasının bu sözlərindən ilhamlanan şair təkrarolunmaz bir poema yaradır. Bu  Şəhriyar yaradıcılığının zirvəsi sayılan 1954-cü ildə yazılmış “Heydərbabaya salam” poemasıdır.

Azərbaycan folkloru, məsəllər, Xoşginabın mətbəxindən tutmuş, toyuna, yasına qədər əsərdə təsvir olunur. Şairin uşaqlıq xatirələri bu mənzumədə əks olunur. İlk sevigisinə qovuşa bilməməsi onu şair edirsə, “Heydərbabaya salam” şeiri  onu məşhur edir. 1953-cü ildə Təbrizə qayıtdıqdan sonra 33 il Təbrizdə yaşasa da, Heydərbaba dağını ziyarət edə bilmir. Öz müsahibəsində bunun səbəbini izah edir: “Bilirdim ki, ora getsəm halım qərib olacaq, qəşş eliyəcəm”.

Heydərbaba, kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Baxçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,                                                                                        

Açılmayan ürəkləri şad elə.

Təbriz məktəbini dirildən, şah əsərlər, qəzəllər yazan şair özündən sonra həm də “Heydərbaba məktəbi” yaradır.

Keçmiş Sovetlər İttifaqı ilə keçmiş İran arasındakı sərhədlər, tanınmış xalq xadimləri üçün qoyulmuş qadağaların sərtliyi, maddi çətinliklər, sonralar isə xəstəlik, qocalıq Şəhriyarm arzularınının çin olmasına imkan vermir. Hətta bir dəfə – 1968-ci ildə Bakıda M.F.Axundov adına Opera və Balet Teatrında şair Molla Pənah Vaqifin 250 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak etməsi üçün Şəhriyara dəvətnamə göndərirlər. Sovet rejimi dəvətnaməni ləngidir, şah rejimi isə gecikmiş dəvətnaməni Şəhriyar soyadlı digər şəxsə verir. Həmin şəxs isə Sovet Azərbaycanında qohumlarının olmadığına görə dəvətnamədən imtina edir. Məhəmmədhüseyn Şəhriyarla Bakıdan qabaqcadan telefon əlaqəsi olur və ona dəvətnamə göndərildiyi bildirilir. Çox təəsüf ki, səfər baş tutmur. Şəhriyar “Qafqazlı qardaşlar ilə görüş” şeirini məhz bu münasibətlə yazır:

Sən kimi qardaş öz qardaşını
Atmayıb özgə kimsə tutmayacaq.
Qoca Təbriz də, yüz min il keçsə,
Belə qardaşlarını unutmayacaq.

Şəhriyar Şimali Azərbaycanı heç vaxt görə bilməsə də bu mövzuda xəyali səyahət edir, vüsal şeirləri yazır. Şimali Azərbaycan şairlərindən Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və başqaları ilə əlaqə saxlayır, öz əsərlərində tez-tez Bakını, Sabiri, Üzeyir bəyi, Səməd Vurğunu xatırlayaraq yad edir. Şairin bu həsrəti “Aman ayrılıq” şeirində açıq-aydın duyulur. Bundan başqa “El bülbülü”, “Döyünmə, söyünmə”, “Qafqazlı qardaşlar ilə görüş”,  “Gözün aydın”əsərləri də vardır ki, burada da  Bakı həsrəti, Şimallı qardaşlarla görüşüb bağrına basmaq arzusu yer alır.

Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovulan saman ayrılıq,
Aman ayrıhq, aman ayrılıq.

sehriyar
Şairin ömrünün son illərinin şəkli

Başından çox faciələr ötmüş Şəhriyarın ömrünün son illəri də sıxıntılı keçir. İran inqilabından sonra İranın dini lideri Ayətullah Xomneyi Şəhriyarı ziyarət edir. Dini lider bu sıxıntılarına görə  ona pul qəbzi verir. Lakin Şəhriyar qəbzi qəbul etmir və pulun  hərbiçilərə verilməsini istəyir.  Faciələr şairə o qədər təsir göstərir ki, həyata, insanlara şübhə ilə yanaşır, ona dəyər verənləri özündən uzaqlaşdırmağa çalışır. Cismən yaxınlarının yanında olsa da, daim fikirli, qəmli olur.

Onun oğlu Hadi atasının həmişə gecələr oyaq qaldığını deyir: “Gecələri razi-niyazla, Quran oxumaqla keçirərdi”. Şairin baxışlarında, danışığında daim həsrət sezilir. Özünün də dediyi kimi “cismi qocalsa da  eşqi qocalmır”.

Qıtlıq illər yağşı tək, quruyub göz yaşımız
Kuye-eşqində gərək birdə müsəllayə gəlim.

Səndə səhrayə marallar kimi bir çıx, nə olur ki
Mən də bir seydə çıxanlar kimi, səhrayə gəlim.

Ömürünün son illərini xəstə yatağında keçirir. Onun sənətinə hörmətlə yanaşan İranın dini lideri xəstəxanada olanda da şairi tək buraxmır. Ölümü dadmağa məhkum olan hər insan kimi şair də 18 sentyabr 1988-ci ildə əbədi mənzilinə yola salınır.

Təbrizdə dünyaya göz açmış şeirin əvəzolumaz ustadı elə  Təbrizdə də vəfat edir və məhşur “Şairlər məqbərəsi”ndə dəfn edilir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün  hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.


Hazırladı: Kəmalə Rövşən

Öncəki xəbərNövbəti xəbər

Şərhlər