Bloq, P.S, ZZ-Manşet

“Hörmət verməliyik” - Bloq

asimHər zaman evdəkilərdən və digər tanıdığım insanlardan bir ifadə eşidirdim Bakı haqqında. “Biz ancaq Bakını şəkillərdə görürdük. İndi isə hamı Bakıya gəlir”. Digər fikir isə belədir, hansı ki, bir çox bakılılardan da və Bakıda çoxdan yaşıyanlardan da eşitmişəm. “Rayonlular gəldi Bakını xaraba qoydular”. Bütün eşitdiklərimi nəzərə alsam belə başa düşmək olur ki, Bakıda yaşayan insanlar çox mədəni, Bakı özü isə təmiz və səliqəli bir şəhər olub. Belə çıxır ki, rayon camaatında mədəniyyət və dünya görüşü yoxdur. Məncə də belədir, hansı ki, mən də  rayonda böyümüşəm yeniyetmə yaşlarıma qədər. Nəyə görə, razıyam deyilən fikirlərlə? Burda niyyətim rayonda yaşayan insanları təhqir və ya alçatmaq deyildir, əsla. Mənim işim o insanların dünya görüşlərinin az olması ilə bağlıdır. Bununda belə olmasında, əziz rayonda yaşayıb və Bakıda yaşayanlarla eyni hüquqda olan vətəndaşlar, sizi günahlandırmıram. Burada sizin günahınız çox azdır. Çünki rayonlar blokadada olan ayrı respublikadadır. Çünki rayonlarda dövlətin qayda-qanunları işləmir. Rayonların öz qayda qanunları var. Qanunları İcra Hakimiyyəti, polis, bələdiyyə, icra nümayəndəsi qoyur, hərə özünə uyğun. İnsanlar isə dünyadan təcrid olunmuş formada öz həyatlarını yaşamağa davam edirlər. Rayonda qoyulan “qanunlara” isə müti olaraq əməl edirlər. (Belə olmalıdır deyirlər). Rayonda heç kim sadaladığım qrumlara qarşı çıxa bilməz, heç bunu ağlından keçirən insanın varlığınada şübhə edirəm. Rayonlarda hər şey rüşvətə bağlıdır. Çox üzr istəyirəm rayonda buna rüşvət deyil, “HÖRMƏT” deyirlər.

İnsanların dünya görüşünün formalaşmasında təhsilin böyük rolu var. Amma rayonda və onun kəndlərində yaşayan insanlar təhsilsizdir. Çünki, bir məktəbdə biologiya müəllimi tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatdan dərs deyir. Attestatlar isə pulla satılır. Daha doğrusu direktora hörmət olunandan sonra rahatca sənədini əlinə alırsan.

Məsələn, rayonda şəxsiyyət vəsiqəni dəyişməyə  gedirsən və artıq sən rayonda olan qayda qanunu bilməlisən, ey əziz vətandaşım.

Başlayaq:

  1. Rayonda olan banka gedib dövlət rüsümu olaraq 1.40 ödəyib qəbz alırsan.  0.40 qəpikdə sənə qəbz verən işçiyə ödəməlisən.
  2. Rayon polis idarəsində sənədlərini yazan işçiyə (burda nədənsə çox vaxt qadınlar olur) 2 manat ödəməlisən.
  3. Və nəhayət, sənədlərin hamısını topladıqdan sonra təqdim edirsən sənədləri qəbul edən səlahiyətli şəxsə (Red – pasport stola). Burda sənədlərə görə 10 manat ödəməlisən ki, şəxsiyyət vəsiqəni əldə edə biləsən.

Ümumilikdə toplam olaraq 13 manat 80 qəpik xərcin çıxır. Əlbəttə ki, rayon camaatı 13.80 qəpiyi ödəyir. Amma dövlətin digər bir qrumu olan ASAN xidmətdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün cəmi 1.20 qəpik dövlət rüsumu ödənilir. Bu pulu verən insanlar da onu əsas gətirir ki, sonra üz-üzə  gələcəyik, hər hansı bir işimiz ona düşsə o zaman bizi incidəcək. Əvvəldən dedim axı, rayonların öz qaydaları var, oralarda dövlət qayda-qanunları işləmir.

Azərbaycan mediasında nə baş verirsə, ancaq Bakıda baş verir. Belə bir fikir formalaşır ki, rayonlarda heç nə baş vermir, ancaq avomobil qəzalarından başqa. Yox, elə deyil, rayonda çox şey baş verir, sosial problemlərdən tutmuş rüşvətə qədər. Amma heç biri yoxdur mediada. Bunun da səbəbi yenə rayonun sərhədləri daxilində olan “QANUNLARDIR”. Hər hansı jurnalist (burada söhbət peşəkardan gedir) rayona gedirsə çəkiliş üçün və ya hər hansı sosial yüklü material hazırlamaq üçün həmin insana ilk verilən sual bu olur. “İcra Hakimiyyətində olmusunuz?” Cavabın “Yox” olursa, xəbər anında rayon polisinə, MTN-nə, Bələdiyəsinə, İcra Hakimiyyətinə və nəhayət İcra nümayəndəliyinə çatır. Hamı gəlib, sənə salam verib, daha çox şöbəyə və İcra hakimiyətinə getməyi bildirib və səninlə “çay içmək” istədiklərini deyirlər. (Bu çay içmək böyük bir həngamədir sonunda sənə hörmət təklif oluna bilər, əgər görsələr ki, onlara uyğun adamsan.) “Çay içmək” istəmirsənsə, səni mədəni formada rayondan qovurlar və rayonu tərk edənə qədər səni izləyirlər ki, əmin olsunlar.

“Rayonlular gəldi, Bakını xaraba qoydular” fikrinin yaranmasına gətirib çıxaran səbəblər çoxdur, mən yazdıqlarımdan çox, bəklə də yüz dəfə çox. İnsanların dünya görüşünün formalaşmasında əsas rol oynayan təhsil və mediadır. Bunlar da rayonlarda yox. Çünki rayonlar blokadadadır,  öz qayda-qanunları var və hər şey hörmətə bağlıdır.

P.S Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb və rayon camaatının dili ilə deyim, HÖRMƏTƏ qarşı mübarizə aparılır.

Müəllif: Asim Cəlilov


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər