Sosial

İbtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatdı.

GSR.fm xəbər verir ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgəəməkdaşlığı ilə həyata keçirilir.

Proqram çərçivəsində ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə təlimlər keçirilib. Proqramda nəzərdə tutulmuş 100 ümumtəhsil məktəbindən  ümumilikdə,  200 nəfər ibtidai sinif müəllimi təlimlərdə iştirak edib. Layihədən yararlanan şagirdlərin sayı isə 62666 nəfərdir  ki, onlardan 30230 – nu qızlar təşkil edir. Bu metodika həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin rəhbəri Vəli Musayev bildirib ki, təlimlərdə iştirak edən ibtidai sinif müəllimlərinə Sertifikatlar təqdim olunacaqdır:

“TOPs  proqramı çərçivəsində fiziki tərbiyə fənnini tədris edən müəllimlərlə yanaşı, ibtidai sinif müəllimləri üçün də metodiki təlimlər təşkil olunub. Təlimlər müddətində müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə Metodiki  tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir”.

Təlim iştirakçısı, 52 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Musayeva bildirib ki, təşkil edilən təlimlər onda dərin təəssürat yaradıb:

“TOPs Proqramı fiziki məhdudiyyətli uşaqları necə dərslərə və idman oyunlarına cəlb etməli olduğumuzu da bizə öyrətdi. Burada uşaqların birliyi, həmrəyliyi, dostluğunun təşkili mənə dərin təəssürat bağışladı. Mənim üçün gözəl təcrübə oldu. Bu təlimin bizə öyrətdiklərini mən öz dərslərimdə də tətbiq edəcəyəm”.

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə  açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Qeyd edək ki, Azərbaycanda TOPs proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2019 – cu illəri əhatə edən dövr ərzində 489 nəfər ibtidai sinif və 1376 nəfər  fiziki tərbiyə müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikatlandırılıblar.

Öncəki xəbər