Cəmiyyət

İcbari tibbi sığorta haqqında “unudulmuş” sərəncam?!

22 yaşlı Emin Məmmədov böyrəyindən əməliyyat olunub. O, 2011-ci ildən bəri müalicə olunduğunu və əməliyyatla birlikdə xəstəliyinə 2000 manatdan çox xərcinin çıxdığını bildirir. Emin deyir ki, xərclənən pulun ailəsinə təsiri gələcəkdə mütləq hiss olunacaq.

Emin Məmmədov: 

Yəni dövlətin elə bir qanunu olsa, yəni vətəndaşlara qayğı göstərilsə, yüzlərlə vətəndaş böyrəyini kəsdirib, götürtdürməkdən xilas olar. İdman kompleksləri tikmək yerinə, gənclərin sağlamlığını istəyiriksə, belə qanunları çıxarmalıyıq ki, mənim kimi gənclər o qədərdir ki, böyrəyini itirirlər.

2008-ci ildə prezident İlham Əliyev əhali üçün tibbi xidmətlərin əldə edilməsində bərabər şərtlərin yaradılmasına, əhalinin sağlamlığının qorunmasına təminat verən sərəncam imzaladı. Sərəncamın məqsədlərindən biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlamaq idi.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla əhalinin tibbi və dərman yardımını icbari tibbi sığorta proqramına uyğun həcmdə almasını təmin edir.

Bu sığortanın həyata keçirilmə prosesi ilə bağlı suallarımızı iqtisadçı ekspertlərə ünvanladıq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyə xərclərinin azalması deməkdir.

Vüqar Bayramov:

 İcbari tibbi sığorta səhiyyə ilə bağlı xərclərin sığorta şirkətləri tərəfindən ödənilməsi deməkdir. Eyni zamanda bu səhiyyə sisteminin yenidən maliyyələşdirilməsinin, maliyyələşmə mexanizminin dəyişilməsinə, səhiyyə sistemində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə səbəb olacaq.

Vüqar Bayramov qeyd edir ki,  2008-ci ildə İcbari Tibbi Sığortayla bağlı Nazirlər Kabineti yanında Dövlət Agentliyinin yaradılması onun tətbiqinə gətirib çıxarmadı. O,  icbari tibbi sığortanın həyata keçirilməsinə mane olan bir sıra məqamları diqqətə çatdırır.

Vüqar Bayramov:

İcbari tibbi sığortanın ödənişlərlə bağlı, hansı həcmdə və necə ödənilməsi ilə bağlı məsələ razılaşdırılmayıb. İcbari tibbi sığortanın əmək haqqından, yoxsa əmək haqqı fondundan ödənilməsi məsələsi açıq qalıb. İkincisi, səhiyyə müəssisələri icbari tibbi sığortanın tətbiqinə tam hazır deyilər.  Eyni zamanda nəzərə alsaq ki, 2008-ci ildə fevralın 1-dən Azərbaycan səhiyyə xidmətləri pulsuzdur. O zaman sual yaranır ki, əgər Azərbaycanda səhiyyə xidmətləri pulsuzdursa, nə üçün vətəndaş icbari tibbi sığorta alıb, səhiyyə xidmətindən istifadə etməlidir.

Ekspert bu səbəblər sırasına tibbi sığortalar gəlirli sahə olmadığına görə sığorta şirkətlərinin onun tətbiqində maraqlı olmamasını, səhiyyə obyektlərinin sığorta sənədlərini tam qəbul etməməsini də əlavə edir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev bildirir ki, səhiyyə siyasətində Səhiyyə Nazirliyinin mütləq iştirakına baxmayaraq, Nazirlik icbari tibbi sığorta məsələsində onlara heç nə həvalə olunmadığını deyir. Amma icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər planında Nazirliyin üzərinə düşən çox ciddi işlərin öz əksini tapdığını qeyd edir. Azər Mehdiyev, icbari tibbi sığortanın tətbiqi prosesini işsizlərin, yaşlıların, uşaqların, əlillərin necə sığortalanması kimi bir sıra cavabsız qalmış sualların ləngitdiyini bildirir.

Azər Mehdiyev: 

İcbari tibbi sığortanın həyata keçirilməsi özü əlavə sosial ayırmaların həyata keçirilməsini nəzərdə tutur. İndi də biz bilirik ki, pensiya fondundan ayırmalar əmək haqqı fondunun 22% miqdarında işəgötürənlər tərəfindən ödənilir, daha əmək haqqının 2-3% miqdarında işçilər tərəfindən ödənilir. Əlavə bir sosial ayırmaların yenidən gündəmə gəlməsi, işə götürənlərin vəziyyətini bir az da ağırlaşdırır, müəssisə və təşkilatların. Əgər yeni bir icbari tibbi sığorta ayırmaları tətbiq olunarsa, pensiya fonduna olan ayırmalar, sosial müdafiə fonduna olan ayırmaların məbləği azaldılmalıdır, yəni bu sualda qeyri-müəyyənlik qalır.

Azər Mehdiyev 2006-cı ildə Dünya Bankının krediti ilə ölkədə “Səhiyyə Sektorunda İslahatlar” layihəsi çərçivəsində  müəyyən işlərin görüldüyünü deyir. Belə ki, o, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin icbari tibbi sığortanın tətbiqi üçün mühüm sayılan klinik müalicə protokolların hazırlanması və baza xidmətlər paketinin dəyərinin müəyyən olunması istiqamətində addımlar atdığını vurğulayır.

İqtisadçı ekspert Azər Mehdiyev, həmçinin icbari tibbi sığortanın tətbiq ediləcəyi halda, əldə olunacaq müsbət nəticələr barədə də məlumat verir.

Azər Mehdiyev:

Səhiyyə xərcləri daha ünvanlı olur. Yəni hər kəsə  həmin vəsaitdən çatan məbləğ konkret bəlli olur sığorta polisində. İndiki halda isə pulsuzluq ümumi xarakter daşıyır, konkretlik olmadığına görə insanlar bu xidmətlərdən yararlana bilmir. Pasientlərin hüquqlarının müdafiəsi üçün real mexanizm formalaşır.  Çünki bu halda pasientlər bilavasitə maliyyə söhbəti etmir həkimlə, tibbi xidmətin dəyərinin ödənilməsi sığorta təşkilatı vasitəsilə həyata keçirildiyindən, o görsə ki, düzgün müayinə, müalicə aparılmayıb, yəni yalnız dəyərinin ödənilməsi deyil, həm də bunun məhkəməyə müraciət etmək imkanı yaranır.

Azər Mehdiyev bildirir ki, icbari tibbi sığortanın tətbiqi üçün Siyəzən pilot rayon seçilsə də, bununla bağlı ciddi nəticələrin əldə olunması görünmür.

O,  əlavə edir ki, əgər icbari tibbi sığortanın düzgün tətbiq olunmazsa, burada da korrupsiya elementləri özünü göstərə bilər.

Siyəzən  rayon Mərkəzi Poliklinikasının adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumata görə icbari tibbi sığorta pilot layihəsinin 2008-ci ildə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində tətbiqi barədə onlara məlumat verilsə də, sonradan heç bir xəbər çıxmayıb.

Mövzu ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü Dünya Camalovanın də fikirlərini öyrəndik. Dünya xanım bildirir ki, 2007-2008-ci illərdə icbari tibbi sığortanın hüquqi bazasının formalaşması istiqamətində addımlar atıldı. O hesab edir ki, sonrakı mərhələdə bu səhiyyə sistemində köklü islahatların aparılmasını tələb etdiyindən, qanunların icrası ilə bağlı fəaliyyətlər dayandı.

Onun sözlərin görə tədbirlər planında əksər işlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə  həvalə olunsa da, Agentliyin əsasnaməsi hələ də təsdiq olunmayıb.

 Dünya Camalova:

Birinci növbədə agentliyin strukturu formalaşmalıdır və ümumiyyətlə bu, icbari tibbi sığortanın ideologiyası formalaşdırılmalıdır. Bir vahid mövqe yoxdur onunla bağlı. Hərə bir tərəfə çəkir. Heç kəs konkret deyə bilmir ki, bu mexanizm necə olacaq. Bununla bağlı vahid qərarverici orqan yoxdur. Ümumiyyətlə, hökumətin özündə bir mövqe yoxdur ki, bunu necə tətbiq edəcəklər. 

Nazirlər Kabineti yanında yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyi barədə, eləcə də mövzuyla bağlı bir sıra suallara cavab almaq üçün Nazirlər Kabineti və Səhiyyə Nazirliyinin mətbuat xidmətləri ilə əlaqə saxladıq. Amma dövlət qurumları bizi bir-birinə yönləndirməklə suallarımızı cavablandırmadı.

Daha sonra Nazirlər Kabinetinə göndərdiyimiz sorğuya isə cavab verilmədi.

İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əlaqə saxlayıb, gördükləri işlər barədə məlumat almaq istəsək də, qurumda suallarımızı cavabsız qoydular.

Xatırladaq ki, 2008-ci ildə Nazirlər Kabineti prezidentin sərəncamından irəli gələrək “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın həyata keçirilməsi üzrə 4 illik tədbirlər planının təsdiq edilməsi barədə qərar verib. Qərarda planda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər aidiyyəti dövlət orqanlarının təmin etmələri göstərilir.

Qeyd edək ki, İcbari tibbi sığortanın tətbiqi üçün 2008-2012-ci illər ərzində büdcədən nə qədər vəsaitin ayrıldığını öyrənmək üçün Maliyyə Nazirliyinə sorğu göndərsək də, cavab ala bilmədik.

Kütləvi İnformasiya Vasitələrində verilən məlumatlarda isə göstərilir ki, icbari tibbi sığortanın tətbiqi üçün bəzi illərdə 30, bəzi illərdə isə 50 milyon manat vəsait büdcədən ayrılır və bu vəsait əksər hallarda istifadə olunmamış büdcəyə qaytarılır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.