Aktual

İctimai yerlərdə siqaret qadağası gözlənilir

Bakı şəhər sakini 32 yaşlı Kənan Bayramov ictimai yerlərdə – qapalı obyektlərdə siqaret çəkilməsini düzgün hesab etmir. Onun fikrincə, bu siqaret çəkməyən insanların hüquqlarının pozulması deməkdir.

Kənan Bayramov:

–         Biz siqaret çəkmirik amma bizim yanımızda kimsə oturub siqaret çəkir. Sözsüz ki, bizim durub ona etiraz etməyimiz doğru çıxmır, həm də biraz qeyri-etik də görünə bilər. Amma qanun olsa, bu qanunla tənzimlənmiş olsa onda insanlar məncə öz hüquqlarını tələb etməyə daha cəsarətli olarlar.

Əvvəllər siqaret aludəçisi olduğunu deyən 56  yaşlı Rafiq Məmmədov artıq bir neçə ildir ki, siqareti çəkmədiyini deyir. Buna səbəb isə siqaretin sağlamlığında yaratdığı problemlər olub.

Rafiq Məmmədov:

–         Siqaret nədir zərədən başqa bir şeyi yoxdur. İctimai yerlərdə-yeməkxanalarda, kinoteatrlarda gərək mütləq qadağan edilsin.

6 aylıq hamilə olan İlhamə xanım da ictimai yerlərdə siqaret çəkilməsindən narazılıq edir. Deyir ki, hamiləliyi ilə bağlı həkimi ona belə yerlərdən uzaq olmasını məsləhət görüb.

İlhamə xanım:

–         Şəxsən mən özüm siqaret iyini  götürə  bilmirəm. Çox pis təsir edir. İctimai yerlərdə, insanların çox toplandığı yerlərdə siqaret çəkilməsin. Əsasəndə marşurtlarda  buna yol verilir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda ictimai yerlərdə siqarət çəkməyi qadağan edən qanunun hazır olduğunu və qanun layihəsinin Milli Məclisin yaz sesiyasında müzakirəyə çıxarılacağını deyir.

Musa Quliyev:

–         Qapalı ictimai məkanlarda qadağan olunacaq, yalnız həbsxanalarda, qocalar evində, birdə ruhi əsəb disponserlərində icazə verilməsi qanunda nəzərdə tutulub. Qalan yerlərdə qadağa qoyulur.

Millət vəkili qanunun Türkiyə modeli əsasında hazırlandığını bildirsə də, cərimələrin hələ təyin olunmadığını, bunun qanun qəbul edildikdən sonra İnzibati Xətalar Məcəlləsində öz əksini tapacağını qeyd edir. Onun fikrincə, cərimənin məbləği 50 manat olacaq.

Bakı şəhər sakini Pərviz isə bu qanun layihəsinin nəticəsi olacağına inanmadığını deyir.

Pərviz:

–         İndi biz ona hazır deyilik. Olsa da o qanun tətbiq olunmayacaq, inanmıram.

Qeyd edək ki, Türkiyə, Almaniya, Yunanıstan, Avstraliya, Braziliya, Kanada və bir sıra başqa ölkələrdə müxtəlif vaxtlarda ictimai yerlərdə, qapalı obyektlərdə siqarət çəkilməsi qadağan edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.