Təhsil

“İdman dərsi əvəzinə riyaziyyat keçirilir”

Selcan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 2-ci sinif şagirdidir. O, məktəblərində idman dərsini necə keçdiklərindən danışır. Deyir ki, dərsləri idman zalında yox, sinif  otağında keçirlər.

Selcan:

– Bədən tərbiyəsi fənni keçirsiniz?

– Keçirik

– İdman forması geyinirsiniz?

– Xeyr geyinmirik, idmanı məktəbli formasında keçirik.

Selcanın anası Lalə Hüseynova qızının təhsil aldığı məktəbdə idman dərsinin lazımi səviyyədə tədris olunmadığı fikrindədir.

Lalə Hüseynova:

Əgər öz vaxtımızla müqayisə eləsəm, bizim dövrümüzdə daha çox fiziki hərəkət var idi, bizdə daha çox məşğul olurdular, ən azından idman zalına gedirdik, müqayisəli şəkildə bizim hərəkətlərimiz çox olurdu, amma uşaqlarda bir qədər zəifdir.

Bakı şəhəri Suraxanı rayonunda yerləşən Ələddin Məmmədov adına 76 saylı məktəbin 2-ci sinif şagirdi Aysu İsayeva idman dərsini ara bir keçdiklərini, çox vaxt isə bu dərsin riyaziyyat və digər fənlərlə əvəzləndiyini söyləyir.

Aysu İsayeva:

Müəllimə deyir ki, o yaxşı deyil, ondansa başqa dərs eliyək. Dərslərdə zavuçlar (red. direktor müavini) gəlib baxacaqlar.

Övladı 236 nömrəli məktəbdə təhsil alan Aygün xanım isə məktəbdə ibtidai siniflər üçün ayrıca binanın olduğunu bildirsə də, burada balacalar üçün idman zalı tikilmədiyi deyir. Onun sözlərinə görə elə bu səbəbdən də məktəbdə aşağı siniflərə idman dərsi keçilmir.

Aygün xanım:

Mən müdürdən soruşmuşdum nəyə görə keçilmir? Deyir ki, ordan oraya, uşaqları küçədən küçəyə aparınca, soyundurunca, geyindirincə, vaxt da gedəcək, uşaqlar da çatdırmayacaq, idman da alınmayacaq, ona görə keçirmirlər. Onun əvəzinə müəllimə ya riyaziyyat keçirdir, ya anadili bax belə.

Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, ibtidai siniflərdə idman dərsinin   keçilməsi mütləqdir amma təəssüflər olsun ki, bəzən həm valideynlər həm də, müəllimlər idman fənninə dırnaq arası yanaşır və bu fənni uşaqlar üçün lazımsız hesab edirlər. İdmanın uşaqların həm zehni, həm də, fiziki inkişafına kömək etdiyini bildirən psixoloq deyir ki, bu fənn tədris olunmazsa uşaqlarda onurğa sütunu xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Narınc Rüstəmova:

İbtidai sinif uşaqlarında daha çox skalioza meyillilik var, çünki onlarda təzə parta arxasında oturma vərdişi yaranır deyə uşaqlar idman dərsində nə qədər aktiv olsalar onlarda bu vərdiş daha tez, düzgün formada formalaşır. Və həmin bu müddətdə idman hərəkətləri eləmirlərsə görəcəklər ki, skalioz dediyimiz , onurğa sütunu xəstəlikləri yaranır.

Bakı Slavyan Universitetinin Məktəb – Lisey Kompleksinin ibtidai sinif müəllimi Sara Aslanova ibtidai siniflərdə idman dərslərinin idman zalında, havalar isti olanda isə məktəb həyətində tədris olunduğunu deyir. O, həmçinin, ibtidai siniflərə idman fənninin ciddi təlim sistemində yox, əyləncəli üslubda keçildiyini də əlavə edir.

Sara Aslanova:

Bütün fənlər indi kurikulum üsulu ilə keçirildiyinə görə, idman dərsləri də o kurikulumun məzmun standartına uyğun keçirilir. Birinci, ilk növbədə oyun formasında keçirilir, musiqili oyun formasında, sonra oyunları özlərinə məxsus, hər uşağın yaş dövrünə uyğun hərəkətlər var, o hərəkətlərə də uyğun onlar idman edirlər.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə isə, Azərbaycanda əsasən qəbul imtahanında lazım olan fənlərə diqqət yönəldildiyindən bədən tərbiyəsi bu kimi digər fənlər ciddi hesab olunmur.

Nabatəli Qulamoğlu:

Məktəblərin çoxunda heç normal idman zalı yoxdur. İdman zalında gimnastika ilə məşğul olmaq üçün imkan olmalıdır, təəssüf ki, bunlar bizdə yoxdur. Hələ şəhər məktəbində belədir, indi baxın görün kənd məkətbləri nə vəziyyətdədir. Açığı deyim ki, heç tələb edən valideyn də yoxdur.

Ekspert onu da əlavə edir ki, idman həm də, sağlamlıq üçün vacib olduğundan məktəblərdə, xüsusəndə ibtidai siniflərdə bu fənnin tədrisinə xüsusi diqqət ayırmaq lazımdır.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər