Cəmiyyət

İdman Mərkəzlərinin vəziyyəti

30 yaşlı Nuranə İsmayılova sağlamlığını həftənin altı günü oturaq iş rejimində itirənlərdən biridir. O deyir ki, cəmi bir ildən sonra onurğa və əzələ sistemində yaranan problemlərlə bağlı həkimə müraciət etməli olub. Həkim ona problemlərini dərmanla yox, idmanla aradan qaldırmağı məsləhət görsə də, Nuranə xanım idman mərkəzlərində qiymətləri baha hesab etdiyindən dərmanlara üz tutmalı olub.

Nuranə İsmayılova:

Həkim məsləhət gördü ki, hər hansı bir gün yüngül imdanla məşğul olum. Saat 7-dən sonra ancaq evimə yaxın bir yerdə idmanla məşğul ola bilərdim. Mən Əhmədli tərəfdə yaşayıram və buradakı 2-3 mərkəzlə danışdım. Həftədə üç dəfə 60-100 manat arasında dəyişir ödənişlər. Hər gün bir saat idman üçün aylıq 120-150 manat tələb olunur. Ona görə də aptekdən dərman alaraq problemi daha ucuz yolla həll etməyə çalışdım.

Nuranə xanım deyir ki, dövlət hesabına fəaliyyət göstərən Olimpiya İdman Kompleksinə getməyə həyat yoldaşı mane olub. Səbəb isə:

Həyat yoldaşım müraciət eləmişdi, gigiyenik tərəfdən uyğun olmadığı üçün müraciət eləmədik.

Paytaxtın ayrı-ayrı yerlərində fəaliyyət göstərən idman və sağlamlıq mərkəzlərindən bir neçəsində olub həm şərait, həm də qiymətlərlə maraqlandıq. Neftçilər metrosu yaxınlığında fəaliyyət göstərən “Start” Olimpiya İdman Kompleksinin administratoru Sevinc Abışova qiymətləndirmə meyarları haqqında danışır. Deyir ki, kompleksdə qiymətlər 50-80 manat arasında dəyişir.

Sevinc Abışova:

Qiymətləri çox baha olan zallardan heç bir sahədə geri qalmırıq. Sadəcə şəhərin harasında yerləşməsinə görə qiymətlər dəyişir, bunu nəzərə almışıq. Qiymətlər ucuz, xidmət yüksək səviyyədədir. Birinci qiymətlərlə maraqlanırlar, sonra isə təbii ki, gigiyenik şəraitlə.

Sevinc xanım, həmçinin, qeyd edir ki, mövsümə görə qiymətlər dəyişməsə də, üzgüçülük və trenajor zallarının qiyməti qış mövsümündə 50 manatdan 38 manata endirilir.

Azadlıq metrosu yaxınlığında yerləşən idman və ailəvi istirahət mərkəzlərindən “Atrium”-un administratoru Ceyhun Bəhramov bizi mərkəzin zalları və gigiyenik şəraiti ilə tanış edərkən qiymətlər haqqında da məlumat verir. Administratorun sözlərinə görə buradakı bütün növ xidmətlər qadınlar və kişilər üçün nəzərdə tutulmuş ayrı-ayrı zallarda təklif edilir. Mərkəzdə aylıq ödənişin 80 manat olduğunu bildirən Ceyhun bəy müştərilərin istədikləri vaxt gəlib burada idman zalı və hovuzlardan istifadə edə biləcəklərini deyir.

Ceyhun Bəhramov:

Aerobika, fitnes, trenajorlardan məşqçi nəzarəti altında müştərilər istifadə edə bilər. Hər cür şəraiti var. Biz dəvət edirik gəlsinlər, özləri maraqlansınlar, əminəm ki, razı qalacaqlar. İdman alətlərimiz isə hamısı İtaliyadan gətirilmədir. Bizdə standart qiymətlərdir, yalnız bir il ərzində 10% endirim olur müştərilərə. Sırf çəki ilə bağlı problemləri olur müştərilərin. Bu çox vaxt yaz aylarına təsadüf eləyir, əsasən fitness zallarına, hovuza müraciət eliyirlər.

Binəqədi rayonunda fəaliyyət göstərən “Happy Life” mərkəzi isə yalnız qadınlar üçün xidmət göstərir.  Burada qadınlarla yanaşı azyaşlılar üçün də xidmətlər təklif edilir. Mərkəzin baş məşqçisi Jalə xanım qiymətlərin aylıq 50-100 manat arası dəyişdiyini, eyni zamanda müştərilər üçün müxtəlif endirimlərin də nəzərdə tutulduğunu qeyd edir.

Jalə İbrahimova:

Biz öncə öz işimizə qiymət qoyuruq. Həm gigiyenik cəhətdən, həm sağlamlıq cəhətdən, müştəriləri razı salmaq cəhətindən ən çox üstünlüyü buna veririk. Qiymətlərimiz mövsümə görə dəyişir. Müştərilərin fikrini də nəzərdə tuturuq. Hədiyyə paketlərimiz də var, ailə paketlərimiz də var, endirim kartlarımız da var.

Qiymətlərilə maraqlandığımız mərkəzlərdən birində üzgüçülüklə məşğul olan Ramil bəy də qiymətlərin baha olduğu fikrindədir. Həmsöhbətimiz olimpiya idman komplekslərində də vəziyyətin özəl mərkəzlərdəki kimi olduğunu deyir. Ramil bəy hazırkı mərkəzin gigiyenik şəraitindən razı olsa da, qiymətdən narazıdır.

Ramil bəy:

Xaricdə də bir neçə zalda olmuşam. Baxmayaraq ki, bəzi ölkələrin Azərbaycandan yaşayış səviyyəsi  daha yüksəkdir, amma qiymətlər burda çox bahalıdır. Mən özüm üzgüçülüklə məşğul oluram. Artıq bu dəyişdiyim üçüncü zaldır. Düzdür, ilk zalda əsas qiymət deyil, əsas gigiyena ilə bağlı mən dəyişmişdim. Amma sonrakı zalları dəyişməyimin səbəbi qiymətdir. Hazırda getdiyim zal da qiyməti çox da aşağı olmasa da, digərlərinə baxanda bir balaca aşağıdır, ona görə də hazırda həmin zalı seçmişəm.

Bəs görəsən şəhər əhalisi idman mərkəzlərində nə qədər aylıq ödənişi münasib hesab edir.

– 50-70 manat arası…

Aylıq 30 manat ödəniş münasibdir.

Mən üzgüçülüyə gedirdim 55 manata. 55 manat çoxdur axı. Yəni mən hesab eliyirəm ki, 20-25 manat uzağı. Çünki mən ayda 500 manat maaş alıramsa, onun 55-60 manatını idman zallarına  sərf eləsəm, digər sosial problemlərin həlli qalar.

– 35-45 arası normaldır.

– Məncə, 70 manatdan baha olması normal deyil.

Məlumat üçün onu da deyək ki, 2000-ci ildən bəri ölkə ərazisində prezident sərəncamı ilə 34 Olimpiya İdman Kompleksi inşa edilib. Bu komplekslərin hər biri üçün dövlət büdcəsindən 1 milyon manata yaxın pul ayrılıb, lakin müsahiblərimiz paytaxtın bir çox rayonunda fəaliyyət göstərən bu komplekslərdən istifadə edə bilmədiklərini, gigiyenik şəraitin yaxşı olmadığını, pul tələb olunduğunu iddia edirlər. Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, telefonlarımıza cavab verən tapılmır.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.