Maraqlı, ZZ-Manşet

İdman qədər əhəmiyyətli idman geyimləri

İlk idman geyimlərinin istehsalı 1964-cü ilə aiddir. Asudə vaxtlar üçün nəzərdə tutulan, sintetik liflərdən hazırlanan bu geyimlərin istehsalında tez-tez fərqli parçalardan istifadə olunur.  1975-ci ildə pambıqdan, poliefirdən və dəsmal bezdən hazırlanan bu geyimlər 70-ci illərin sonuna doğru məxmər parçası ilə populyarlıq qazanır. 1980-ci illərdə neylondan hazırlanan geyimlər zərərli olduğundan bu tendensiyanın ömrü qısa olur.

 İnsan sağlamlığı  üçün idman qədər idman geyimlərinin keyfiyyəti və yaralılıq müddəti də önəmlidir. Bəs, doğru idman geyimi seçimində nələrə diqqət yetirilməlidir ki, dəriyə hər hansı bir ziyan olmasın?                                        

Maksimum dərəcədə keyfiyyətli və tanınmış brend məhsullardan istifadəni tövsiyə edən  tibb elmləri  üzrə fəlsəfə doktoru, dermatoloq Araz Kazımov bildirir ki, idman geyimləri bədənə yapışıqlı olmamalıdır. Çünki tərləyən zaman bədəndə qıcıqlanma baş verdiyindən sürtünmə sahələri dəri tamlığını pozur və bu infeksiyanın orqanizmə daxil olmasına şərait yaradır.

“İmkan daxilində çalışmaq lazımdır ki, idman geyimləri pambıqdan hazırlansın. Çünki, pambıq dərini  qıcıqlandırmır, lakin sintetik məhsullar dərini qıcıqlandırdığından dəridə dermatit yarana bilər. Yaxşı idman ayaqqabılarının içinə tərləməyə qarşı xüsusi örtüklər çəkilir ki, bu da ayağın nəfəs almasına şərait yaradır, ayaq nəfəs aldıqda isə pis qoxunun qarşısı alınır və bu da göbələyin və digər bakteriyaların inkişafına mane olur. İdmandan sonra duş almaq lazımdır ki, tər nəticəsində dəri üzərində toplanmış duzlar təmizlənsin. Belə olduğu halda, dəridə hər hansı bir problem yaranmayacaq”.

Fitnes məşqçisi Kamil Zeynalov isə idmana başlayarkən yeni geyimlərdən istifadənin düzgün olmadığını deyir. Onun sözlərinə görə, idman geyimləri öyrəşdiyimiz, bir neçə dəfə yuyulmuş geyimlər olmalıdır:

“Yeni geyimə öyrəşmək vaxt aparır, bu geyimlərin əyində açılışmağı lazımdır. İdman geyimləri təmiz pambıqdan olmalıdır ki, dərimiz nəfəs ala bilsin. Geyimlərin görünüşünə aldanmaq lazım deyil, çalışmaq lazımdır ki, idman köynəkləri, şalvarları yumşaq olsun.  Ayaqqabı seçərkən bir ölçü böyük almalyıq. Hərəkət zamanı ayaqqabı ayağı sıxanda yara əmələ gəlir və bu da idmana mane olur. Soyuq temperaturda arıqlamaq üçün idman edilərsə, bu zaman “bolonka” tipli gödəkçələr geyinilməlidir. Məsləhət görürəm ki, geyim seçərkən mütəxəssisdən məsləhət alınsın”.

Ölkədə bir neçə yerli məhsul istehsal edən fabriklər var. Bu fabriklərdə istehsal olunan idman geyimlərinin keyfiyyətini öyrənmək üçün Bakı Tekstil Fabrikinə müraciət etdik. Fabrikin direktor müavini Elçin Babayev idman geyimlərinə xüsusi diqqət etdiklərini bildirir:

“Uyumluluq və keyfiyyət sertifikatı olan məhsullarımızın anti-allergik olması üçün Türkiyə istehsalı, pambıq dəyəri yüksək olan parçalardan istifadə edirik, hansı ki, bu parçalar Avropaya ixrac olunur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov biznes qurumlarının dövlətin onlara maneçilik törətməmə siyasətindən sui-istifadə etdikləri üçün Azərbaycan əmtəə bazarında kifayət qədər keyfiyyətsiz idman geyimlərinin olduğunu deyir:

“Çin istehsalı olan idman ayaqqabıları və velosipedlərin tez sıradan çıxması ilə bağlı tez-tez şikayətlər olur. Yerli məhsullarla bağlı hər-hansı bir şikayət yoxdur. Bununla bağlı başlanğıc yaxşıdır görək sonrası necə olacaq”.

Eyyub Hüseynovun sözlərinə görə, istehsalçı və ya satıcı istehlakçını aldadarsa onları minimum 1500 manatdan 2000 manatadək cərimə gözləyir. Əgər belə hallar təkrar yaranarsa, o zaman daha çox cərimə tətbiq oluna bilər.

Qeyd edək ki, , idman geyimləri idman növlərinə görə fərqli olur. Məsələn, veloidman üçün   həcmli və uzun olmayan geyimlər almaq lazımdır. Digər tərəfdən,  idman geyimləri hərəkəti məhdudlaşdırmamaq üçün kifayət qədər boş və yüngül  olmalıdır.

 

Öncəki xəbərNövbəti xəbər