Siyasət, Xəbərlər, ZZ-Manşet

İlham Əliyev Beyləqana səfər edib

1-3

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna səfər edib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib.

Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində müxtəlif dövrlərə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Öncəki xəbərNövbəti xəbər