Cəmiyyət

“İmkan verin balığımı tutum”

Bura Bakı Bulvarında Bayraq meydanı yaxınlığında yerləşən balıqçı estakadasıdır. Hər səhər olduğu kimi yenə də balıqçılar balıq tutmaq üçün buraya toplaşıb.Balıqçılar arasında olan və 14 yaşından bu sənətlə məşğul olduğunu deyən 79 yaşlı Əli dayı özünü balıqsız təssəvvür edə bilmədiyini deyir.

Əli dayı:

Bu balıq ona görə maraqlıdır ki, insanı çəkib aparır. Bir narkoman nəşəni ata bilər, sərxoş arağı ata bilər amma mən də bu balıqçılığı ata bilmərəm mən balıqsız ölürəm. Evə gəlirəm, ev məni sıxır. Balıqçılıq məni öldürür. Mən balığa gələndə ürəyim açılır, cavanlaşıram, uşaqlarla zarafat eləyirəm gülürəm, dərdim qaçır.

Qoca balıqçı bizə balıq tutmağın sirlərindən də danışır. Deyir ki, balıq tutmaq səbr işidir. Yaxşı balıq tutmağın əsas sirri isə onun nə ilə qidalandığını bilməkdir.

Əli dayı:

Hər balığın öz yemi var. Nəyə öyrənir ona da gəlir. Məsələn burada kütüm gəlir. Kütüm çörəyə gəlir. Amma Şıxlıya gedirsən orada krivetkaya yəni balaca xərçənglərə gəlir. Oradan keçib gedirsən Qaradağa soxulcan, qurda gəlir.

Ən yaxşı balıqları Kür çayında tutmağım mümkün olduğunu bildirən balıqçı, bizə balıqlar haqqında da məlumat verir.

Əli dayı:

Xəzərin balığı, dünyada ən ləzzətli balıqdır. Amma ən murdar balıq elə kütümdür. Kütümün dadı yoxdur, kütümün yağı yoxdur. Kütümü lənkəranlılar ləvəngi eləyir ki, dada-tama gəlsin. Balıqların şahı bazarda ən yaxşı, ləzzətli balıq şamaykadır. Onlar balaca olur amma qəşəng olur. Bu voblalar kütümdən min dəfə ləzzətlidir. Balığın ən qəşəngi elə asatrin, siruqadır.

Tutduğu balıqların dirisini bazarda 2 manata satdığını deyən qoca balıqçının fikrincə bu balıqlar marektdə satılanlardan daha yaxaşıdır. Tək problem bu balıqların neft iyi verməsidir.

Əli dayı:

O balıq nöyüd iyi verməsin deyə, əvvəlcə onu təmizləyib, basdırma edirsən, qızardırsan. Bunun iyi olmuyacaq.

Balıqçı deyir ki, aldığı 200 manat təqaüd həyat yoldaşı ilə özünün dolanmasına kifayət edir. O, balıq tutmağa pul qazanmaq üçün yox zövq almaq üçün gedir.

Əli dayı Xəzər dənizinin vəziyyətindən də narahatdır. Balıqçı deyir ki, dənizi təmizləmək məqsədilə istifadə olunan xlor və kanalizasiya suları dənizi günü-gündən məhv edir.

Əli dayı:

Xəzər dənizi ölü dənizdir, öldürüblər. O mənada ki, qabaq neft, mazut dənizi öldürürdüsə indi kanalizasiya öldürür. O kanalizasiya nədir orada? O kanalizasiyanı bəzi tikintilərdən, bəzi müəssisələrdən kimyəvi maddələr buraxırlar . O kimyəvi maddələr gəlir balıqları boğur, öldürür.

Qoca balıqçı bulvar ərazisində balıqçıların dənizə tor atmağına icazə verilməməsindən də şikayətlənir.

Əli dayı:

Torla balıq tutmağa qoymurlar. Bir kvadrat metrə torla balıq tutmaq olmaz. Bəs onda necə olur ki lisenziya verir, bazardan alır birdən-birə 5000-6000 metrə toru buraxır? Nargindən o üzə hamısı tordu, o balığı qırmır, amma ki mən 2 metrə tor buraxan kimi buna qadağa qoyurlar.

Qoca balıqçını narahat edən tək qadağa bu deyil. Əli dayı hökümət tərəfindən xüsusi qərar olmadığı halda bulvar idarəsinin onlara yer məhdudiyyəti qoymasından da narazıdır. Balıqçı deyir ki, indi onlara ayrılan ərazidə demək olar ki, balıq tapmaq mümkün deyil. Buna səbəb isə gəmilərdən dənizə axıdılan mazut və digər kimyəvi maddələrdir.

Əli dayı:

Balıqlar suyun üzündə üzürlər. Qoymur! Bu balıqçıların əl-ayağını bağlıyıblar. Mən bilmirəm bu adam kimdir? Hökümət belə bir qərar çıxartsa idi deyərdim hə. Axı belə bir qayda-qanun yoxdur axı. Bu balıqçıları niyə qoymurlar. Balıq tuturam da, mən neyləmişəm axı, nəyə əsasən məni qoymurlar. Rusiyanın hər yerində balıq tutmaq olar amma Azərbaycanda olmaz. Az qalırlar balıqçıları güllələsinlər. Ay bala bu balıqçılar neyləyib bunlara?

Buradakı balıqçıların tək istəyinin bulvarda onlar üçün xüsusi yerin ayrılması olduğunu deyən qoca balıqçı həmin yerin bura olmadığı fikrindədir. O deyir ki, bulvarda balıq tutmaq üçün 3 yaxşı yer var. Biri Cavanşir körpüsü tərəf, biri Əl Oyunları Sarayı, digəri isə mayakın yanındadır. Əli dayının sözlərinə görə hazırda bu ərazilərdən balıqçıları uzaqlaşdırıb.Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun bu məsələ haqqında fərqli fikirdədir. O, balıqçıların Bayraq Meydanı tərəfə köçürülməsinin əsas səbəbini, onların insanların istirahətinə mane olmaları ilə əlaqələndirir.

Nazim Məcidov:

Dəniz kənarı bulvarın birinci xətti yəni, suya yaxın, dənizə yaxın olan hissəsi insanların ən çox gəzintiyə gələn, xüsusilə də axşam saatlarında, gecə saatlarında orda əhalinin çox sıx olan yeridir. Və orada balıqçılar öz tilovlarını dənizə atarkən, o, insanlara ilişir, insanlara toxunur. Dəfələrlə əvvəlki vaxtlarda travma alanlar olub. O qırmaq kiminsə gözünə dəyib, kor eliyə bilər. Yəni bu heç cür, heç bir cəhətdən uyğun deyil ki gəzinti olan yerdə, istirahətə gələn insanlar çox olan yerdə insanlar balıqçılıqla məşğul olsun. 

Əli dayı isə deyir ki….

Əli dayı:

Balıqçılıq adı ilə mən burada istirahət eliyirəm. Buna görə də qoyun qardaş balığımı tutum da. Mən neyləyirəm, bu balığı aparıb, qızardıb yeyirəm də!

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: ventolin inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.