Təhsil

“İmtahanları bilərəkdən çətinləşdirirlər”

“Qərarlaşdıra bilmirəm. Millət vəkili olmaq istəyirəm, çünki millət vəkillərinin çox pulu olur. Anama aksessuarlar, paltarlar, ayaqqabı almaq istəyirəm. Ataya “Porsche” maşını alacam, özü istəyir. On mərtəbəli evim olsun istəyirəm”

Bu sözləri deyən Təhminənin 2013-cü ilin dekabr ayında altı yaşı olacaq. Məktəbdə oxumağı çox istəyən Təhminənin altı yaşı tamam olmadığından o orta məktəbə qəbul olunmaq üçün  xüsusi istedad imtahanı verib. Çünki Təhsil Naziri Mikayıl Cabbarovun 17 İyul 2013- cü il tarixli sərəncamına əsasən dekabr ayının 31-nə qədər 6 yaşı tamam olacaq uşaqlar, əgər orta məktəbə qəbul olunmaq istəyərlərsə, bu  imtahandan keçməlidirlər.

Binəqədi rayonu 83 saylı məktəb-liseyə qəbul üçün müraciət edən Təhminə həyəcanlandığından suallara cavab verə bilmədiyini deyir. “Şəhər məktəbi” adlandırdığı liseyə qəbul ola bilməyən Təhminə bu dəfə özünü Abşeron rayonunda yerləşən 1 saylı orta məktəbdə sınayır və uğurlu nəticə göstərərək, həmin məktəbə qəbul olur. “Şəhər məktəbi”ndə oxumaq arzusu reallaşmasa da, Təhminə təhsilinə orada davam etməyi qarşısına məqsəd qoyub. Və şəhər məktəbində oxumaq arzusunu belə əsaslandırır.

Təhminə:

“Komissiya gəldi, həyəcanlandım, suallara cavab verə bilmədim. Şəhərdəki məktəbdə çünki sinif otaqları gözəl idi, stollar, hər yer tərtəmiz idi, lövhələrə markerlə yazırlar. Kənddəki məktəb pis idi. Hər yer tərtəmiz deyildi, tualetlər, stollar təmiz deyildi. Hamı yazır, gəlib təmizləmirlər. Yaxşı oxusam, məni şəhər məktəbinə keçirdəcəklər.”

Təhminənin anası Xatirə xanım deyir ki, qızı 83 saylı məktəb-liseyə daxil ola bilmək üçün kifayət qədər hazırlaşıb və olduqca potensiallı uşaqdır.

Təhminəni 3 yaşından bağçaya göndərdiyini deyən Xatirə xanım lazımı bilik və bacarıqların öyrədilməsi üçün bağçaya hər ay 20 manat əlavə ödəniş etdiyini iddia edir. Lakin bağçadan heç bir xeyir görmədiyini, bu səbəbdən də qızını imtahandan əvvəl 3 ay ibtidai sinif müəlliminin yanına hazırlığa göndərməyə məcbur olduğunu söyləyir. Dediyinə görə bu məşğələlərə də onun ayda 50 manat xərci çıxıb. Ancaq bunun da məktəbə qəbulda  Təhminəyə bir köməyi olmayıb, çünki imtahanda ona müəlliməsinin öyrətdiklərindən tamamilə fərqli suallar verilib. Ana iddia edir ki, imtahanda verilən sualların bəziləri  o qədər çətin olub ki, onlara heç yaşı tamam olduğu üçün məktəbə imtahansız götürülən uşaqlar da cavab verə bilməz.

Xatirə xanım:

“Bağçanın məsuliyyəti uşağı sağ-salamat valideynə qaytarmaq idi.  Əslində, uşağa münasib olmayan suallar verirdilər, bütün həndəsi fiqurları, ölçü vahidlərini soruşurdular. Mən onu aparanda liseydə dərs hissə müdiri yoxladı dedi bu uşağın götürümü çox güclüdür. Noyabr, dekabr aylarından olan uşaqları çox sıxışdırırdılar. Ağ list qoydular, dedilər ki, orda gördüyün şəkli listin üzərində düz. Uşaq fenomen olmalıdır ki, o şəkli ala bilsin”

Xatirə xanım düşünür  ki, məktəbəqəbul imtahanlarını bilərəkdən bu qədər ağır keçirdirlər ki,valideynlər övladlarını əlavə hazırlığa qoymağa məcbur olsunlar. Həmsöhbətimiz iddia edir ki, məktəbin şəhər mərkəzində yerləşməsi də bu prosesdə əhəmiyyətli rol oynayır.

Xatirə xanım:

“Ərazidən əraziyə də fərq var, şəhər məktəbində uşağı daha çox sıxışdırırlar. Hazırlığa getməyən uşaq o imtahandan keçə bilməz. Birmənalı olaraq uşaqlar məktəbdən qabaq hazırlaşır. Məncə, bu imtahan lazımsız bir şeydir, bir psixoloq uşağın psixologiyasını yoxlayar, yoxsa dərinliyinə varmaq lazım deyil və valideynləri məcbur edirlər ki, uşağı hazırlığa qoysunlar ”

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Altı yaşı tamam olmamış xüsusi istedadların seçilərək, məktəbə qəbul edilməsi” ilə məşğul olan Komissiyanın üzvü Tünzalə Verdiyevaya müraciət etdik. 20 saylı tam orta məktəbin psixoloqu, həm də uşaqların qəbul imtahanında iştirak edən Tünzalə xanım bizə qəbul prosesi haqqında məlumat verərkən suallarda standartların olmaması ilə bağlı iddiaları qəbul etmir.

Tünzalə Verdiyeva:

“Komissiyada bir sədr, bir psixoloq, defektoloq və iki ibtidai sinif müəllimi olur. İstedadsız uşaq yoxdur, burda məqsəd xüsusi istedadları seçməkdir. Müşahidə edirik ki, uşağın özü yox, valideyn onu məcbur gətirib. Bu tamamilə yanlış fikirdir, bu test tapşırıqları dörd nəfərin əqli mülkiyyətidir. Biz aylarla o tapşırıqların üstündə işləmişik, ekspertizadan keçirmişik. Respublikanın hər yerində eyni resurslardan istifadə edilir. Heç bir fərq ola bilməz. Heç bir müəllim özündən sual verə bilməz. Seçim çoxdur, amma məqsədi eynidir”

Sualların ağırlığı ilə bağlı məsələyə də aydınlıq gətirən Tünzalə xanım deyir ki, bu suallara altı yaşlı uşaqlar cavab verib. Seçilən uşaqlar da bu suallara cavab verməlidir, çünki onlar yaşını qabaqlamış xüsusi istedadlar kimi seçilir. Tünzalə xanım həmçinin aktual problem olaraq qalan repetitor hazırlığı məsələsinə də aydınlıq gətirir və televiziya və radiolarda uşaqlarla bağlı heç bir öyrədici proqramın olmamasından şikayət edir, bu tip proqramların özü məktəbə hazırlıqdır. Çünki imtahana gələn uşaqlar suallara əksərən ya rus dilində, ya da türk dilində cavab verir.

Tünzalə Verdiyeva:

“Belə bir seçimin əslində bir psixoloq kimi əleyhinəyəm. Uşaq fərqindədir ki, yarışa gəlir və dərk edir ki, o uduzdu və özünəinam azalır. Çünki uşaq aylarla hazırlaşır, ibtadi sinif müəllimlərinin özləri məlumatlı deyil, uşağın məntiqi yox, oxuma, yazma öyrədir. Valideyn də şikayət edir ki, niyə müəllim öyrətdiyini soruşmursuz. Uşaqların söz ehtiyatı azdır, nənə-baba yanında olan uşaqların söz ehtiyatı çoxdur. Məktəbəqədər uşaq müəssisələrində uşaqların hamısına yer yoxdur, bu ciddi problemdir. Problemin həlli nədədir, hamı üçün bərabər təhsil, uşaqların sayına uyğun yer olmalıdır. Biz əslində məktəbəqədər proqramdan istifadə eləmişik”

Təhsil eksperti Nabatəli Qulamov isə deyir ki, məktəbəqəbul imtahanlarındakı standartlarla bağlı qanunda boşluqlar var. Ekspertin fikrincə, bu məsələdə subyektiv amillər olduğu üçün standart qəbul etmək çətindir. Standartlar olmayan yerdə isə özbaşınalıq halları olur.

Nabatəli Qulamov:

“Bizdə hansı yerdə subyektiv amilin rolu var, orda korrupsiya var. Bunu aradan qaldırmağın yeganə yolu yaş həddi müəyyən etməkdir ki, bu vaxt anadan olanlar məktəbə getsin. Mən özüm də şahidi oluram ki, bəzən verilən suallar standartlara uyğun olmayan suallardır. Şikayətçilər haqlıdırlar, subyektivlik olduğu üçün, bundan sui-istifadə edirlər”

Ekspert sualların çətinliyi və uşaqların məktəbəqədər hazırlığa məcbur olması ilə bağlı iddialara da aydınlıq gətirir. O deyir ki, Azərbaycanda uşaqların məktəbəqədər hazırlığı ilə məşğul olan qurum yoxdur, üstəlik bu işin öhdəsindən valideynlər özü də gələ bilərlər. Uşaqların sualları rus və türk dilində cavablandırmasına da münasibət bildirən ekspert bunun problemli məsələ olmadığını düşünür. Valideynlərin şəhər məktəblərinə üstünlük verməsi ilə bağlı sualımızı da cavablandıran ekspert deyir ki, bu proses ancaq müsbət nəticə vəd edir.

Nabatəli Qulamov:

“İdrakın dili yoxdur, fərq eləmir hansı dildə qəbul edir, hansı dildə induksiya-deduksiya apara bilir, bunun elə ciddi fərqi yoxdur. Qəbulun göstəricilərinə görə, şəhər məktəblərində nəticə daha yüksəkdir. Valideyn də istəyir uşağı həmin məktəbdə oxusun və nəaliyyət əldə etsin. Repetitorluq fəaliyyəti də genişdir şəhər məktəblərində, bilik bazarıdır. Biliyi olan müəllim biliyini satır, biliyə ehtiyacı olan şagird isə gəlir. Təyinedici rol bilik ardınca qaçmaqdır, başqa bir səbəbi yoxdur”

Öncəki xəbərNövbəti xəbər