P.S, Xəbəriniz olsun, Z-Manset

İnada tikilən bina - Xəbəriniz Olsun

Azərbaycanda Opera sənətinin əsası 1908-ci ilin yanvarın 12-də dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində  ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası ilə qoyulub. Opera və balet teatrının yaranma tarixçəsi isə 1910-cu ildən başlanır.

IMG_3669

1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Ziyafətlərin birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa “Heç vaxt!” deyə cavab verir. Milyonçu bunun səbəbini soruşduqda aktrisa belə cavab verir: “Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?”. Bu sözlər bakılı milyonçunun heç xoşuna gəlmir və elə həmin an qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.

Teatr binası Torqovı (indiki Nizami) küçəsində tikilməyə başlayır. Hacı Zeynalabdin Tağıyev bu təşəbbüsü alqışlasa da, belə binanı bir ilə tikmək mümkün olmadığını bildirir. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.

Beləliklə, H.Z.Tağıyev bu mərci uduzur. Çünki cəmi 10 ay ərzində 1910-1911-ci illərdə memar Bayevin layihələşdirdiyi teatr binası hazır olur. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul edir və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilib. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır.

IMG_3633

Teatrın şöhrətlənməsində Azərbaycan mədəniyyətinin ölməz sənətkarları Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Qara Qarayev və Fikrət Əmirovun böyük əməyi olub. Müsəlman Şərqində ilk professional balerina kimi tanınmış Qəmər Almaszadənin də teatrdakı  rolu danılmazdır.

Teatrın repertuarı ənənəvi klassik opera yazılmış “Şahsənəm” (1927, R.Qlier), “Nərgiz” (1935, M.Maqomayev) və “Koroğlu” (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşib.

1940-cı ildə ilk milli Azərbaycan baleti – “Qız qalası” (E.Bədəlbəyli), “Vətən” (1945, Q.Qarayev və C.Hacıyev), “Xosrov və Şirin” (1942, Niyazi) “Nizami” (1948, E.Bədəlbəyli) operaları tamaşaya qoyulub.

50-ci illərdə teatrın repertuarına “Sevil” (1953, F.Əmirov), “Azad” (1957, C.Cahangirov) və s. əsərlər daxil oldu. “Gülşən” (1950, S. Hacıbəyov) “Yeddi gözəl” (1952, Q.Qarayev), “Qaraca qız” (1965, E.Abbasov), “İldırımlı yollarla” (1961, Q.Qarayev), “Məhəbbət əfsanəsi” (1962, A.Məlikov) baletləri də tamaşaya qoyulub.

IMG_3640

Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış edib və bu gün də çıxış etməkdədirlər.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocağıdır. Onun repertuarında milli və klassik opera və balet sənətinin bir çox dəyərli nümunələri möhkəm yer tutur. Teatrda 4 böyük kollektiv – opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir.

Hazırladı: Rəna Hüseynova

Cavid Mehdiyev

 

 

Öncəki xəbərNövbəti xəbər