Sağlamlığında yaranan problemlərlə bağlı həkimlə yanaşı xalq təbabətinə üz tutanlar da az deyil. Bəzi məqamlarda isə xalq təbabətinə inam daha güclü olur, bunu yaxınlaşdığımız həyətin qapısındakı insanların çoxluğu deyir.
Maştağa qəsəbəsində yerləşən çildağda çalışan 30 yaşlı Əliağa Səlimov yandırmaq üsulu ilə qorxunu götürdüyü bildirir. Çildağın yaranma tarixinin qədim olduğunu, amma dəqiq tarixin bilinmədiyini vurğulayan Əliağa deyir ki, atası öz nənəsindən çildağın nə vaxt yarandığını soruşanda nənəsi cavab verib ki, o, bu həyətə gələndə qaynanasıyla qaynatası çildağ edirmiş. Başqa yerlərdə də, qorxunun odla müalicə üsulundan istifadə edildiyini lakin, əsl ocağın onun ailəsində olduğunu deyən Əliağa Səlimov çildağı belə izah edir.
Əliağa Səlimov:
– Çildağ -dağ deməkdi, dağ basırsan diksindirmək üçün. Müəyyən nöqtələrdi, əsəb nöqtələri onlara vururuq, başdan başlıyırıq kürək nahiyəsi, sinə, qollar, dizlər və ayaqlarda qurtarır. Bir də görürsən bərk qorxanda təsir eləmir, damarlarda qan donub qalır, o adam gərək üç dəfə gəlsin ki, təsir eləsin.
Əliağa söyləyir ki , müxtəlif yaş qrupundan olan insanlar çildağa müraciət edir. O, gələnlərin arasında yolda-avtomobil idarə edərkən qorxanların daha çox olduğunu qeyd edir .
Elə qapının ağzında çildağ olunan ailə üzvünü gözləyən xanımın yolu da adıçəkilən səbəbə görə burdan düşüb.
Müsahib:
– Maşınla gedəndə qəza etmək istəyiblər, qorxub, gətirmişik bura qorxuluğun götürsünlər. Mən çox gəlmişəm, çox xəstələr gətirmişik şəfa tapıblar.
6 yaşlı Yusifin anası qonşulardan çildağın olduğunu eşidib, oğlunu çildağa gətirdiyini deyir.
– Gecələr qorxurdu, ağlıyırdı dururdu, qışqırırdı, mən gözündə pis görünürdüm. Gətirdik görək xeyri olar-olmaz.
Bio-enerji mütəxəsisi Qalib Dursunun fikrinə görə, çildağın uşaqlara əks təsiri də ola bilər, onlar ikinci dəfə daha bərk qorxa bilərlər. O, həmçinin çildağın müalicəvi əhəmiyyətinin olduğunu bildirir.
Qalib Dursun:
– Fizioterapiyanın 1 növü var dağlama, yandırma üsulu. İnsan qorxanda insanın energetik sahəsi sıxılır. Sıxlığı genişləndirmək üçün Hər dəfə toxunduqca o nöqtələrə, insanı yansırdıqca, əslində yandırmaq deyil, zəif od vurmaqdı, insan diksinir. İnsan diksindikcə energetik sahə yığılıb açılır, sonra insanda rahatçılıq əmələ gəlir.
Mütəxəssis onu da əlavə edir ki, çildağa pir, ziyarət adıyla getmək düzgün deyil, insanlara ora getmək vacib də deyil, məsləhətlidir.
2 şərh