Podkastlar

İncəsənət fədailəri – Mərziyə Davudova

Azərbaycan peşəkar teatrının ilk qaranquşlarından biri Mərziyə Yusif qızı Davudova 1901-ci ildə Həştərxanda doğulub.  Bu tatar əsilli Azərbaycan aktrisası səhnəmizin ən qüdrətli sənətkarlarından hesab olunur. İlk rolunu 16 yaşında oynayan Mərziyə Davudovanı  Azərbaycan səhnəsinə Hüseyn Ərəblinski hədiyyə edib.

Aktyor 1918-ci ildə Həştərxanda qastrol səfərində olarkən yeniyetmə Mərziyəni görür və onu Bakıya dəvət edir. 1920-ci ildə Bakıya gələn, sonralar Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xüsusi xidmətləri olmuş bu istedadlı aktrisanın ən böyük arzusu Hüseyn Ərəblinski ilə bir səhnəni bölüşmək olur.  Lakin bu elə arzu olaraq qalır. Çünki onun Bakıya gəlişindən bir il əvvəl 1919-cu ildə Hüseyn Ərəblinski artıq həyatda deyildi.

Mərziyə xanımın səhnədə tərəfmüqabili Abbas Mirzə Şərifzadə olur. Aktrisa sonralar onun həyat səhnəsində də tərəfmüqabili olan Abas Mirzə ilə səhnədə mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb.

Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” musiqili komediyasında öncə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Elə bu rollar da onu səhnədə təsdiqləyir. Azərbaycan teatrının aktrisalarla bağlı olan yeni səhifəsi Mərziyyə Davudovanın adı ilə bağlıdır. Məhz Mərziyyə Davudovanın can verdiyi Sevil obrazından sonra tamaşa salonundakı Azərbaycan qadını çadrasını elə ordaca atır.

Cəfər Cabbarlı onun haqqında yazırdı: “Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.

Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn,  Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır. Onun obraza girmək məharəti elə güclü idi ki, bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb kimi sənətkarlarla bir sırada dayanırdı.

Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərə çəkilib.

Elə Azərbaycan kinosunun və teatrının inkişafında göstərdiyi xidmətlərinə görə aktrisaya 1936-cı ildə xalq artisti fəxri adı verilir.

1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyə Davudova 1962-ci ildə – 61 yaşında dünyasını dəyişir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.