Cəmiyyət, ZZ-Manşet

İncəsənətlə müalicə metodu – dramterapiya

Müasir müalicə metodlarından biri də dram terapiyadır. Bu anlayışı ilk dəfə elmə psixiatr və psixoloq Jacob Levy Moreno XX əsrin əvvəllərində gətirib.

Dramterapiya praktik psixologiyada bütöv bir metoddur. Bu terapiya növündə psixoloq- dramterapevt (praktik psixoloq) real bir problem seçir və onu pasientlərlə rollu oyun şəklində oynamağa başlayırlar. Bu oyun elə oynanılır ki, dərində yatan problem aşkara çıxarılsın.

Azərbaycanda da psixi pozuntulardan əziyyət çəkən insanlar üçün dramterapiyalar təşkil olunur. Psixi Sağlamlıq Mərkəzində dramaterapevt kimi çalışan Günel Vəliməmmədova bu barədə ətraflı məlumat verir.

O, deyir ki, dramterapiya art-terapiyanın növüdür. Qrup şəklində aparılır:

“Daha çox 18 yaşından yuxarı pasientlər üçün nəzərdə tutulur. Pasient qrupunun fərqi yoxdur, yəni ki, müxtəlif problemlərlə rastlaşan pasientlər ola bilərlər. Pasientlər cəmiyyətdə müxtəlif problemlərlə rastlaşırlar, məsəl üçün, nəqliyyatda, ailədə . Bunları səhnələşdirərək onların hisslərini ifadə etmələrinə kömək etmək və eyni zamanda həmin situasiyada necə davranmaq lazım olduğunu, həmin situasiyada bu problemi necə həll etmək lazım olduğunu- bu barədə biz müzakirələr aparırıq, hərkəs öz fikirlərini deyir. Əlbəttə, ən sonda da mütəxəssis kimi biz öz fikrimizi deyirik və bu zaman pasientdə artıq bir yox, bir neçə model olur ki, problemi necə həll edə bilər”.

foto-2Günel xanım deyir ki, bu günə qədər, yəni üç il ərzində pasientlərinin çoxunu kişilər təşkil edir:

“Dramterapiya sosial adaptasiyanı təmin edir. Yəni, onlar artıq bilirlər ki, cəmiyyətdə özlərini necə aparmaq, əgər hansısa bir haqsızlıqla rastlaşsalar necə davranmaq lazımdır. Məsəl üçün, sizə belə bir nümunə gətirə bilərəm: bizdə bəzi pasientlərin avtobusda bir neçə problemləri olur, onlar çox insan olanda həyəcanlanırlar və ya mağazada onlara hansısa əskik pul verəndə onlar bunu deməyə utanırlar. Baxın, biz bunları rol şəklində oynayırıq və onlar artıq bilirlər ki, həmin vəziyyətdə olanda necə davranmalıdırlar”.

Dramterapiyanın optimal davametmə müddəti 45-50 dəqiqə təşkil edir. Lakin bəzən bu müddət uzana və ya qısala bilər. Bu ortaya qoyulan problemin çətinliyindən və pasientlərin ona verdiyi reaksiyadan asılıdır. Belə ki, dramterapiyanın müddəti 15-20 dəqiqədən 4 saata qədər davam edə bilər.

Dramterapiyada iştirak edən pasientlərdən biri Quliyev Samir (ad şərtidir) burada əsəblərinin sakitləşdiyini qeyd edir:

“Dramterapiyada 1-2 ay olar iştirak edirəm. Özümdə aqressiya var idi. Bura gələndən sonra məndə sakitlik hiss olunur və get-gedə yaxşılaşıram”.

Digər bir pasient isə Həsənov Bəxtiyar (ad şərtidir) artıq bir neçə ildir ki, dramterpiyaya gəldiyini deyir:

“Təxminən 3-4 il olar bura gəlib-gedirəm. Əvvəl məndə utancaqlıq var idi, sözün düzü o biraz gedib. Birdə əsəb var idi, o da keçib”.

Sonda qeyd edək ki, dramterapiya art-terapiyanın növü olduğu üçün bu incəsənətlə özünü ifadə etməyin yoludur və hər kəs bu metoddan istifadə edə bilər.


Hazırladı: Ülviyyə Hümbətova

Öncəki xəbərNövbəti xəbər