Cəmiyyət

“İndiki yaslar toydan geri qalmır…”

Bakı şəhər sakini Həzrət Muradov bacısının yas mərasiminin təşkilində təkcə yemək üçün 3 min manat xərcinin çıxdığını deyir. Həzrət bəyin sözlərinə görə, onlar əvvəlcə ehsan verərkən israfçılığa yol verməyib, yası sadə təşkil etmək istəsələr də, sonradan qohumları buna etiraz edib.

Həzrət  Muradov:

Dedik ki, 3-nü verək, yaxşı deyil,qurtarsın getsin, sonra o birilər qayıtdı dedi ki, yaxşı deyil biz qanun qoymayaq da, camaat deyər ki, bunlar gəldi belə elədi. Zakaz (sifariş-red.) verdilər, şirniyyat falan, bəsməkan. O şirniyyat gəldi düzüldü stolun üstünə. Denən ki, bir adam gəldi əlini vurdu ona? Yemirlər iş burasındadır. Yesələr yenə cəhənnəm deyərsən ki, yedilər. Vicdan haqqı, mən fikir verdim, necə gəlmişdi elə də qaldı stolun üstündə.

Yas və toy mərasimlərində israfçılığın olması ilə bağlı məsələ Qafqaz Müsəlmanlar İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurası, həmçinin Milli Məclisdə Sosial Siyasət Komitəsi tərəfindən dəfələrlə müzakirə olunub. Hətta bir müddət öncə qanunvericiliklə mərasimlərdə açılan süfrələrin tənzimlənməsi təklifi də cəmiyyət arasında müzakirə olunurdu.

Əhali isə yaslarda açılan süfrələrin təmtərağının qınaq obyekti olmamaq üçün məcburiyyətdən yarandığı fikrindədir.

-İndiki yaslar toydan geri qalmır, bircə arağından başqa. İçkidən başqa hər şey olur stolun üstündə. Bilirsiz, hamı bir-birinə baxır da. Eləməyəndə deyirlər ki, hörmət eləmir ölüsünə. Çox çətin məsələdir bunun qarşısını almaq. Qanuna salıb ləğv eləmək mümkün deyil. 

-Əvvəlkilərdə çox məhdud keçirilirdi bu mərasim. Yəni böyük israfçıılığa yol verilmirdi. Indi imkanlılar çox böyük israfçılıq, imkansızlar isə gedib qonşudan borc alır. Ona görə də dövlət grək özü yanaşa.

Pirşağı qəsəbəsi 2 nömrəli Sovxoz kəndinin mollası Mirəli Məmmədov da məclis apararkən dəfələrlə israfçılığın şahidi olduğunu və bunun İslamda belə buyrulmadığını, insanlara başa saldığını söyləyir. Onun fikrincə, bu məsələ din xadimlərindən yox, tamamilə insanların özlərindən asılıdır.

Mirəli Məmmədov:

Bəzən deyirlər ki, din xadimləri niyə buna icazə verir. İnandırım sizi ki din xadimlərinin heç cürə buna gücü çatmaz. Ona görə ki, o deyir, mən belə istəyirəm. Xoşun gəlir budur, gəlmir budur. Mən fikrimi həmişə onlara bildirirəm ki,  bu işdən bir az uzaq olun. Məsələn; meyvəni mən bir neçə dəfə yığışdırmışam stoldan.  Lazım deyil. Çay verir, üstəlik gətirir cürbəcür sular düzür. Bu kimə lazımdır? Bunu heç bir din xadimi bəyənmir.

İlahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli mərasimlərlə bağlı qanunun qəbulunun əleyhinə olduğunu, belə nizamlamaların yalnızca xalq tərəfindən təyin olunmalı olduğu fikrindədir. Amma o,umumiyyətlə yas mərasimlərində təmtəraqlı yemək süfrəsi açılmasının əlehinədir.

Qoşqar Səlimli:

Ümumiyyətlə yasda yemək vermək doğru bir şey deyil. Yəni ehsan təbii ki, verilə bilər. Amma 1 dəfə 2 dəfə. Bizimki elə vaxt olur ki, 7 gün səhər-axşam ehsan verilir. Bəlkə də vəfat edən adamın heç sağlığında bir o qədər qədrini bilmir. İslama görə, çox sadə olmalıdır. Yəni gələn insanların yəni, yoldan gələni var, işdən gələni var, yəni bir az rahatlaması üçün gəlib oturar qabağına bir stəkan çay qoyarsan, nə bilim halvadır, bir az şirniyyatdır, belə konfetdir, şəkərdir. Qədərincə olmalıdır hər şey.

Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova isə yas mərasimlərində  insanların ehsan verməsinin dini nöqteyi-nəzərdən  təqdir olunan bir əməl olduğunu vurğulayır, lakin…

Rəhimə Dadaşova:

Ərafi surəsinin 31-ci ayəsində insanlara buyrulub ki, gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz.  Allahın haram buyurduğu israfa səbəb olan maddi, mənəvi balansı pozan mərasimlərin əlbəttəki əleyhinəyik.

Rəhimə xanım  bu məsələni qanunla həll etməyin mümkün olmayacağını düşünür.

Rəhimə Dadaşova:

Əmr formasında, sərəncam formasında, hansısa bir qərarla bunu ləğv etmək, qarşısını almaq mümkün deyil. Burda iki yol var, ictimai qınaq və bir də şəxsi nümunə. Yanaşma dəyişməlidir. Yanaşmanın da dəyişməsi üçün kimsə şəxsi örnək göstərsə ki, bəli mən tutaq ki, atamın, anamın yasında yalnız xurmayla çay verirəm. Kim ona nə deyə bilər ki. Yəni bu, yaxşı bir örnəyə, nümunəyə çevriləcək.

Mərasimlərlə bağlı xüsusi qanunun qəbul olunmasının insanların mərasim azadlığının pozulmasına gətirib çıxaracağını düşünən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə bu işlərə nəzarət edilməli olduğunu qeyd edir.

Musa Quliyev:

Qanunla ənənələr tənzimlənməz. Qafqaz Müsəlmanlar İdarəsi, ya Dini İşlər üzrə Dövlət Komitəsi bu barədə müəyyən qərar qəbul eləyə bilər. Yaxud Nazirlər Kabinetinə bir əsasnamə forması verib təsdiqlətdirə bilərlər. Və onları bütün rayonların axundlarına göndərə bilərlər. Bu qaydalar tətbiq oluna bilər. 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.