Regionlar Danışır

İnsan hisslərinin ekran həlli – Rasim Ocaqov

Rejissor Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olur.

Kino işini özünə peşə seçən Ocaqov, operatorluq fakültəsini bitirdikdən sonra,  Bakıda rejissorluq fakültəsində təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyir.

50-ci illərin sonlarından başlayaraq güclü bir canlanma, yeni nəfəs, yeni mövzular gəlir kinoya. Və belə bir vaxtda Rasim Ocaqov Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayır. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmində işləyir. O, kinokameranın dilini öyrənir, işıq- kölgə münasibətləri, müxtəlif planların ardıcıl qurulması artıq operator kimi onun üçün problem olmur. Rasim Ocaqovun operator kimi çəkdiyi filmlərdə kadrlar süjetin ümumi axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların təsirindən çıxa bilmir, filmin sonuna kimi eyni həvəslə tamaşa edir.

“Onun böyük ürəyi” flimi isə R. Ocaqovun ilk sərbəst işidir.

Rasim Ocaqov kinoya heç vaxt artıq bir detal gətirmir. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirlər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradır.

Rasim Ocaqovun “Tütək səsi” filmi əsl mənada kinomuzun şedevrlərindən birinə çevrilir. Bu film ekranlara çıxanda kinoteatrlarda növbələr düzülür. “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və bir də “İstintaq” filmlərdə müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

2006-cı ildə Bakıda dünyasını dəyişib.

 

Öncəki xəbərNövbəti xəbər