Cəmiyyət

İntellektual idarəetmə problemi həll edəcəkmi?

Camal dayı:
Saat 6-dan gəlirəm işə, axşam saat 6-da. Səhər də çıxmışam saat 8-in yarısından yola, hələ də yoldayam. Gedə bilmirəm. qalmışam yolda. Saat yarımdır mən bu yolda gözləyirəm, marşurut da yoxdur. Saxlamırlar, dolu gəlirlər ona görə.

Gecə növbəsində işləyən Camal dayı hər gün işə gedib-gələrkən vaxtının çoxunu dayanacaqda avtobus gözləməklə itirdiyini deyir. Axşam işə gedəndə yaşadığı problemlərin iki qatını səhər işdən yorğun-arğın evə qayıdanda yenidən yaşayan müsahibimiz bu qoca yaşında, soyuqda bir saatdan çox marşrut gözləməyin çətin olduğunu bildirir.

Camal dayı:

Çoxdur çətinliklər. Camaat hamısı yollarda qalıb. Görürsüz, burada ən azı bir 30-40 nəfər adam dayanıb. Hələ nə qədəri də nə zülümlə gediblər. Camaatın qayğısına heç qalan yoxdur. Bol-bol danışırlar ki , hər şey yaxşıdır. Vəziyyət yaxşıdır ama  heç bir yaxşı vəziyyət yoxdur.

“Mənə lazım olan avtobus dolu gəldiyindən minə bilmirəm. Məcbur olub, evə vaxtında çatmaq üçün 3 marşrut dəyişirəm” sözlərini deyən Camal dayı, belə olduqda  nəqliyyata xərcinin çox  çıxdığını söyləyir.

Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, eskpetr Vüqar Bayramova müraciət etdik. Əhalinin nəqliyyat xərclərindən danışan ekspert rəsmi qurumların bu məsələyə sosial faktor kimi yanaşmalarının vacib olduğunu bildirir.

Vüqar Bayramov:

ictimai nəqliyyatda gediş haqlarına yalnız iqtisadi faktor kimi deyil, eyni zamanda sosial faktor kimi yanaşmaq lazımdır. Çünki vətəndaş digər ictimai nəqliyyatdan başqa, metrodan da istifadə edir və digər xərcləri var. Sözsüz, gediş haqlarının əmək haqlarına uyğunlaşdırılması olduqca vacibdir

Camal dayı kimi həmsöhbət olduğumuz  digər sərnişinlərin şikayətlərini nəzərə alaraq marşurut avtobuslarında tutum problemi ilə bağlı  Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov marşurutlarda vaxt intervalının əhalinin sıx yaşadığı yerlərə görə müəyyən olunduğunu bildirir.

Namiq Həsənov:

Şəhər ərazisində fəaliyyat göstərən ictimai nəqliyyat vasitələri, avtobusların hərəkət sxemləri ən optimal variantda müəyyənləşdirilir. Yəni indiyə qədər mövcud olan 310 sayda marşrut avtobusu sayı azaldılaraq 217 –yə endirilib. Düzdür, Bakı şəhərində əhali çoxdur, həddindən artıq çoxdur.

Namiq Həsənov avtobus çatışmadığına görə sürücülərin həddən artıq sərnişin götürməsi və avtobusların qəzalı vəziyyətə düşməsi, eləcə də belə hallarda sürücülərin cəzalanmasından da danışdı. “Avtobus sürücüləri cəza almaqdan qorxub çox sərnişin götürə bilməyəcəklər. Bəs sərnişinlər nə etməlidir?” sualına Namiq Həsənov “Sərnişinlər dayanıb növbəti marşurutu gözləməlidir” cavabını verdi.

Namiq Həsənov:

Bu vaxt itkisi ola bilər amma bu o demək deyil ki, avtobus taksi deyil. Ya da ki, sərnişin başqa alternativ vasitədən istifadə etməlidir. Yəni, bunu nəzərə almaq lazımdır. Mümkün deyil, istəyir 1000, istəyir 2000 avtobus gətirəsən məsələ həllini tapmır. Yəni, kimsə nə vaxtsa dayanacaqda gözləyib və gözləyəcəkdə.

“Azərbaycanın nəqliyyat sistemindəki keyfiyyət Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Keyfiyyət yalnız sərnişinlərin daşınmasında istifadə edilən avtobusların və  ya metroda vaqonların yeni olmasında öz əksini tapmır. Buraya sərnişinə münasibət də daxildir. Bəzi hallarda avtobus sürücüləri sərnişinlərin hüquqlarını pozur ” deyən ekspert Vüqar Bayramov Azərbaycanda ictimai nəqliyyat sisteminin planlaşdırmasında səhvlərin  olduğunu bildirir. O, həmçinin ictimai nəqliyyatda tutum probleminin səbəblərindən və həlli yollarından danışır.

Vüqar Bayramov:

Bu gün Avropa ölkələri, əksər MDB ölkələri ictimai nəqliyyat vasitəsi kimi tramvaydan istifadə edirlər. Onun üstünlüyü ondan ibarətdir ki, tramvay daha çox sərnişin daşımaq imkanına malikdir. Amma çox təssüf ki, bizdə tramvayları ləğv elədilər, tramvay xətləri ləğv olundu və baxmayaraq ki bu gün Avropa ölkələrində yeni tramvay xətləri salınır. Bu gün həcm məsələsi  birbaşa onunla bağlıdır ki, hansı nəqliyyat vasitələrindən necə istifadə edilməsi planlaşdırılmalıdır.

“Avtobus xətlərinin  sahibləri sahibkarlardır. Sahibkar əlavə avtobus almaqda maraqlı olmalıdır ” – sözlərini deyən Namiq Həsənov dekabrın sonuna kimi tətbiq ediləcəq Nəqliyyatın intelektual idarə edilməsi sistemindən də danışır.O,  bu sistemin  tutum probleminin həllində böyük rol oynayacağını  vurğulayır.

Namiq Həsənov:

Ondan da çox şey asılıdır. Həm də bunlar bir-biri ilə qarşılıqlı surətdə bağlıdır. Əvvəla, sərnişinlər də buna hazır olmalıdır. Yalnız  dayanacaqda gözləməlidir. Ancaq dayanacaqdan- dayanacağa prinsipi olacaq. Həm də bütün avtobusların hərəkəti monitorlar vasitəsilə izlənəcək. Yəni bu sürücülərdə də, sənişinlərdə də bir məsuliyyət hissi yaradacaq ki, bunların hərəkəti izlənir. Hər halda xeyli  kömək edəcək.

Nəqliyyatın intelektual idarə edilməsi sisteminə  münasibətini bildirən ekspert Vüqar Bayramov  isə bu sistemin yalnız Nəqliyyatın keyfiyyətinə təsir edəcəyini deyir. O bildirir ki, sistemə keçid nəqliyyatda tutum problemini həll etməyəcək.

Xatırladaq ki, Namiq Həsənovun verdiyi məlumata görə Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin dəyəri 100 milyon dollara yaxındır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.