Cəmiyyət

İntiqam Soltan: “Tamaşaçılarımızdan utanırıq”

Köhnə, təmirsiz bina, ensiz pilləkənlər, yarıqaranlıq dəhliz -bura  Bakı Uşaq Teatrıdır…

Bakı Uşaq Teatrı 2002 -ci ildə fəaliyyətə başlayıb. Əvvəllər Dənizkənarı Milli Park ərazisində  yerləşən teatr  2008-ci ildə bulvarda aparılan təmir işləri ilə bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis əvəzi  Novruz  Daşdəmirovun qərarı ilə müvəqqəti olaraq  Sarabski adına Mədəniyyət Evinə köçürülüb. Teatrın direktoru İntiqam Soltan deyir ki, teatr köçürüldükdən sonra iş şəraitimiz daha da çətinləşib. O, teatr binasının yerləşdiyi ərazidən və buradakı avadanlıqların köhnə olmasından şikayətlənir.

İntiqam Soltan:

Hansısa siyasi gedişlərin,  hansısa dırnaqarası iqtisadi yüksəlişlərin qurbanına çevrilmək məcburiyyətində qaldı, Bakı Uşaq Teatrı. Bu gün günümüzün tələbi budur ki, Bakı uşaq teatrı Nəsimi bazarının yanında yerləşir, Nəsimi bazarının yanında yerləşmək o qədər də təhqiramiz bir şey deyil, amma iş şəraitimiz o qədər yarıtmaz, o qədər acınacaqlıdır ki, çox zaman tamşaçılarımızdan utanmaq məcburiyyətində qalırıq, utanırıq…

Teatrın repertuarına gəlincə isə İntiqam bəy bu məsələdə onlara sərbəstlik verildiyini  və repertuarın onun rəhbərliyi ilə kollektivin  müəyyən etdiyini deyir. Direktor bütün  tamaşaların teatrın öz gəliri hesabına hazırlandığını və daha çox maarifləndirmə xarakterli olduğunu bildirir. Onun sözlərinə görə, teatrda  ildə  6-7 tamaşa hazırlanır və uşaqlar tərəfindən sevilərək izlənilir. Amma onlar teatr binaları yararsız olduğu üçün tamaşaları  uşaq bağçalarında və məktəblərdə təşkil etməli olurlar.

İntiqam Soltan ümid edir ki,  Uşaq Teatrına da nə vaxtsa qayğı göstəriləcək.

İntiqam Soltan:

 Amma mədəniyyətə, teatrlara ayrılan diqqət güman edirəm ki, gün gələcək, zaman gələcək uşaq teatrının da üzərinə düşəcək, amma mən  düşünürəm ki, uşaq teatrı və uşaqların tərbiyəsi ilə məşğul olan teatrlar birinci olmalıydı. Sadəcə, ola bilər ki, işimizin zəifliyi bizi kölgədə qalmaq məcburiyyətində qoyub. Hər halda biz bu teatrın yaradıcılarıyıq, ilkiyik və bizdən qabaqlar olmayıb ki, biz onlara baxıb səhvlərini təkrar etməyək.  

Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət  şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova isə  Azərbaycanda teatrların vəziyyətinin yaxşı olduğunu deyir. Bakı Uşaq Teatrının isə onlara tabe olmadığını bildirir.

Vəfa Novruzova:

 Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində uşaq teatrı fəaliyyət göstərir, o sözsüz ki, bizim nazirlik sisteminə aid olmadığı üçün  bizim bu barədə danışmağa ixtiyarımız yoxdur.

Biz də məsələ bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə əlaqə saxladıq. İdarənin “Musiqi təhsili və incəsənət” sektorunun məsləhətçisi Mehriban Qurbanova  Bakı Uşaq Teatrının vəziyyətindən xəbərdar olduqlarını bildirir.

Mehriban Qurbanova:

 Əvvəl bunun binası yerləşirdi bulvarda, sonra yerləşdi Sarabski adına Mədəniyyət Evində, bizim əlimizdən də o gəlir ki, bunları yerləşdirmişik həmin Mədəniyyət Evinin  ikinci mərtəbəsində. Əlbəttə,  biz istəyərdik ki, onların vəziyyəti daha yaxşı olsun.

Mehriban xanım həmçinin  müraciət olunacağı halda  bu məsələnin həll oluna biləcəyini də qeyd etdi.

Mehriban Qurbanova:

 Müraciət etməlidirlər, müraciət edənlər olanda biz də baxırıq onlara. Tək teatr yox həm də musiqi məktəbləri, mədəniyyət evləri var, biz çalışırıq ki, onlar dövlət proqramına düşsün.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.