Sosial, ZZ-Manşet

“İt kinofoba yaxınlaşıbsa, məsləhət görərdim ki, tərpənməsin”

Bakı şəhər sakini Afaq Yusiflini təxminən 12-13 il əvvəl it dişlədiyinə görə onda kinofobiya, yəni itlərə qarşı qorxu yaranıb. Afaq xanım, bu qorxunun onun gündəlik həyatına bəzi manelər yaratdığını deyir:

“Dostumla göyərti almağa gedirdik. Elə oldu ki, dostum qaçdı və mən də onun arxasıyca qaçdım. Həyətdəki it də qaçdığımı görüb sol ayağımdan qapdı. Məni xəstəxnaya aparıb quduzluğa qarşı peyvənd vurdular. O vaxtdan bəri hər dəfə it görəndə həmin hadisə, əsas da itin dişinin izi yadıma düşür. İşdən evə gec qayıdanda yolda itə rast gəlmək ehtimalı belə məni qorxutduğu üçün evdən kiməsə zəng vururam ki, məni qarşılasın. Bu fobiya xarici ölkədə-Bolqarıstanda olarkən də mənə mane olmuşdu. Orada küçələrdə itlər çoxdur və insanlar öyrəşiblər. Mən isə dostlarım olmadan şəhərə çıxa bilmirdim”.

Psixiatriya təcrübəsinə görə kinofobiyanın iki növü qəbul olunub: dişlənmə qorxusu (adaktafobiya) və quduzluğa tutulma qorxusu (rabiefobiya). Kinofobiyaya digər psixoloji narahatlıqlar-şizofreniya, senestopatiya, ipoxondriya, depressiya, stress və adaptasiyanın pozulması ilə bağlı olan nevroloji pozuntularda da rast gəlinir. Təcrübədə isə kinofobiyanı həqiqi (klinik) və yalançı kinofobiyaya ayırırlar. Yalançı kinofobiya özünü klinik sadistlərdə göstərir. Onlar bu fobiyanı bəhanə gətirərək itləri öldürmələrinə haqq qazandırmağa çalışırlar. Həqiqi (klinik) kinofobiya isə itin insanı dişləməsindən sonra yarana bilər.

Psixoloq Murad İsayevin sözlərinə görə, əksər fobiyalarda olduğu kimi kinofobiya da həyəcanlanma, ürək döyüntüsünün artması, tərləmə, əsmə və s. kimi əlamətlərlə özünü biruzə verir. Psixoloq bildirir ki, fobiyanı dəf etmək üçün ilk növbədə  insanda hansı məqamda qorxunun yarandığınını müəyyən etmək lazımdır:

“Fobiyanın yaradıcısı insanın öz beynidir. Beyin fobiyanı improvizə edir, ona formalar verir. Məsələn, insan düşünür ki, əgər it onu dişləsə, quduzlaşa və ölə bilər. Qorxunun motivini öyrənmək və dərk etmək lazımdır. Motivi müəyyən etdikdən sonra isə psixoterapiya tədricən insanın qorxduğu obyektin üzərinə getməsini təklif edir. Qorxunun üzərinə getmək vizuallaşdırma ilə həyata keçirilir. İnsan əyləşdirilir, fonda xoş musiqi səsləndirilir. Sözlər vasitəsi ilə beynində obraz canladırılır. Məsələn, “Sən uzaqdasan, itə yavaş-yavaş yaxınlaşırsan, onu  kənardan müşahidə edirsən. Sonra biraz da  yaxınlaşırsan”. Vizuallaşdırmanın köməyi ilə insanın beynində o qorxunu, gərginliyi aradan qaldırandan sonra tədricən təcrübəyə keçirik. Belə ki, instruktorun nəzarəti altında  pasiyent əvvəlcə kiçik itlə, sonra isə qorxduğu it cinsi ilə təmasa keçir”.

Kinofob olan insanın uşaq, yoxsa yetkin olmasının önəmli faktor olduğunu qeyd edən  Murad İsayev əlavə edir ki, əgər uşaq kinfobdursa, o zaman art terapiyanın rəsm növündən istifadə olunur. İt daha mehriban şəkildə, gülərüz obrazda rəsm edilir ki, beyin, onu düzgün, müsbət qəbul etsin.

Kinoloq Polad Mahmudov isə deyir ki, itlə qarşılaşarkən qorxu yaranırsa, insandan ifraz olunan adrenalin hormonu hesabına it bunu hiss edir və insanın şübhədoğuran hərəkətləri iti qıcıqlandırdığı üçün o hücum edir:

“İt kinofoba yaxınlaşıbsa, məsləhət görərdim ki, tərpənməsin, bu zaman it özü yolunu dəyişəcək. İt özünə güvənirsə, daşla o itə heç bir şey edə bilməzsiniz, ona gör ədə daş atmayın və ya ona qarşı aqressiya göstərməyin.  Kiçik itlər adətən insanın gözləmədiyi halda dişləyə bilər, ona görə də kiçik itlərlə də ehtiyatlı davranmaq lazımdır. Fobiyanı dəf etmək üçün isə yavaş-yavaş itlərlə təmas qurmaq, öyrəşmək lazımdır”.

İtlərdən qorxu insanda özünəqapanmanın yaranmasına, cəmiyyətdən təcrid olunmasına da gətirib çıxara bilər.

Qeyd edək ki, bəzi mütəxəssislər  kinofobiyanın irsi yarandığını hesab edirlər. Belə ki, əgər valideynlərin hər ikisi və ya birinin itə qarşı qorxusu varsa, bu qorxu övlada da keçir.

 

 

 

 

 

 

Öncəki xəbərNövbəti xəbər