Sosial, ZZ-Manşet

İtkin düşənlərin axtarışına helikopter cəlb olunub

helicopter-fhnFövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.

Axtarış işlərinə FHN-in “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Öncəki xəbərNövbəti xəbər