Cəmiyyət

“Keçid beş-on nəfərin xahişi ilə tikilmir”

İbrahim İlyasov Xəzər rayonunun Buzovna qəsəbəsindən Bakı Hava Limanına gedən əsas Magistral yolun yaxınlığında yaşayır. O,  bu yolda sürət həddinin 120km/saat müəyyən olunduğunu və piyadalar üçün keçid olmadığından sakinlərin yolu qarşıdan-qarşıya keçərkən çətinlik çəkdiyini bildirir. Dediyinə görə hətta bu yolda ölümlə nəticələnən qəzalar da baş verib.

İbrahim İlyasov:

Burda dəfələrlə adamlar ölüb, insanları maşın vurub. Nə qədər yolu bağladıq, bir-iki dəfə də söz verdilər burda keçid salınsın, amma, heç bir şey eləmədilər. Hal-hazırda biz burda məcburuq ki, maşınları güdək ki, görək maşın bizi nə vaxt vuracaq? Qaça-qaça o tərəfə bu tərəfə keçirik.  Burda hardasa bir məktəbin yox, üç məktəbin şagirdi gedir. Buradakı keçid hökmən lazımdır.

“Azəryolservis”ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev isə, keçid tikmək üçün əvvəlcə monitorinq aparıldığını və əhalinin sıx olduğu yaşayış yerlərində salındığını bildirir. O sözü gedən yolun həmin hissəsində keçid inşasının nəzərdə tutulmadığını qeyd edir.

Pünhan Mürsəliyev :

Keçid kiminsə xahişi ilə tikilmir, beş-on nəfərin xahişi ilə tikilmir. Keçid araşdırılır doğrudan da, orda hərəkət intensivliyi  böyükdürsə, həm nəqliyyat vasitələri, həm də, piyadaların hərəkəti orda çoxdursa biz inşa edirik onu. Yoxsa beş-on nəfərin xahişi ilə inşa edilmir.   Gələcəkdə yenə də baxıla bilər. Konkret bu dəqiqə plan yoxdur.

Mətbuat katibi, həmçinin, inşa edilən keçidlərin sakinlər tərəfindən düzgün istifadə edilmədiyi fikrindədir.

Pünhan Mürsəliyev :

Qısa bir müddətdə 60-dan artıq piyada keçidi tikilib. Gəlin baxaq necə istifdə olunur?! İstifadə mədəniyyəti hansı formadadır bizdə?! Hamı tələsir. Hamı deyir: ” Mən yolu tez keçim, yolun hərəkət hissəsilə keçim. Niyə mən qalxım, düşüm piyada keçidinə? Nə ehtiyac var”. Deyir: “Mən tələsirəm”

Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə heyətinin sədri Nazir Quliyev isə adı çəkilən yolda keçid tikilməsinin vacib olduğunu bildirir. Ekspert, keçid inşa edilənə qədər müvəqqəti işıqforların quraşdırılmasının məqsədə uyğun olduğunu əlavə edir.

Nazir Quliyev :

Azərbaycanın ən sürətli yollarından biridir. 120 km/saat sürət həddi var orda. Təbii ki, piyadaların o yoldan keçməsi, qadağandır. Ona görə də, piyadalar yalnız keçidlərdən keçməlidir. Keçidlərin sayı çox azdır. Ən azı 1 ya 2 ərazi istiqamətində keçidlərin sayı artırılmalıdır. Bir variant, tətbiq edilə bilər ki, orada müəyyən ərazidə  svetafor qurulsun. Ən pik vaxtlarda, məktəblilərin keçid vaxtında tətbiq edilə bilər.

Həmçinin, Nazir bəyin fikrincə, keçid olan ərazilərdə piyadaların keçidlərdən istifadə etməməsi qəzalara səbəb olur.

Nazir Quliyev :

Piyadaların da məsuliyyəti də çox önəmlidir ki, bəzən, mən şəxsən özüm müşahidə etmişəm ki, həm 10 metrlik ətrafda qaydanı pozub, həyatları üçün təhlükə yaradırlar, eyni zamanda sürücülərin həyatını çətinlikdə qoyurlar, amma, keçidlərdən istifadə etmirlər. Təbii ki, orada keçidlər olarsa, artıq, birmənalı olaraq, piyadaların yolu keçməsi qəti qadağan olunmalıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə 2012-ci ildə respublikada 2882 yol qəzası baş verib. Nəticədə isə 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hazırladı: Nuranə Rəhimova

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.