GSR fm, Podkastlar, ZZ-Manşet

Kim üçünsə bayram, kim üçünsə sıradan bir gün

Doğum günü insanların dilindən, irqindən, cinsindən  asılı olmayaraq dünyanın bir çox yerlərində qeyd olunur. Doğum günlərinin qeyd olunmağa başlanılması ilə bağlı müxtəlif fərziyyələr mövcuddur.

Yalnız o fakt məlumdur ki, ad günlərini ilk dəfə olaraq qədim misirlilər qeyd etməyə başlayırlar. Əvvəllər bu bayramı yalnız fironlar və onların oğlan varislərinin şərəfinə qeyd edirlər. Qızların doğum tarixlərini heç yerdə qeyd etmirlər. Öz doğum gününü rəsmi qeyd edən ilk qadın e.ə II əsrdə yaşamış II Kleopatra olur. O, Misirə  məşhur VII Kleopatranın gəlişindən 100 il əvvəl hakimlik edir. Fironun Doğum gününə hərkəs hazırlaşır, çünki bu təntənəli bayramdır. Bu təntənəli gündə ümumxalq gəzintilər təşkil olunur və kasıblar yedizdirilir. Bəzən fironların doğum günlərində məhkumlar azadlığa buraxılır. Bu bayram günündə əsas məqsəd hərkəsin gəzib, şənlənməsidir.

Fərziyələrə gəlincə isə, fərziyyələrin birinə görə doğum günü qara magiya ilə bağlıdır. Belə inanc mövcuddur ki, məhz öz doğum günündə insan qara qüvvələrin təsirinə daha tez məruz qalır. Elə buna görə də həmin gün onun dostları, yaxınları ilə əhatə olunması daha münasib sayılır.

Qədim zamanlarda kilsələr hesab edirlər ki, doğum günlərinin keçirilməsi mənfi haldır. Belə düşünülür ki, dünya – bədbəxtliklərin və kədərin olduğu yerdir və insanın həyatdan köçməyi ilə onun dərd- qəmsiz xoşbəxt günləri başlayır. Lakin Reformasiya illərində bu hal kəskin dəyişir. Yalnız XII əsrdə kilsələrdə yeni doğulmuş körpələrin doğum tarixini qeyd etməyə başlayırlar. Avropada doğum günlərini təntənəli keçirməyə başlayan ilk ölkə Almaniya olur.

Doğum günlərinin qeyd olunması barədə  digər fərziyyə isə Roma İmperiyasına aiddir. Roma əsgərləri doğum günlərinin qeyd olunması ənənəsini bəzi şərq ənənələri ilə, xüsusilə Günəş Allahı olan Mitra ilə əlaqələndirirlər. Mitraya ibadət etmək ənənəsi, əvvəl İranda, sonra isə bütün Avropada geniş yayılır. Bununla da insanlar Allahın Doğum gününü qeyd etməyə başlayırlar. İllər keçdikcə bayram əhali arasında daha çox yayılır  və allahın doğum gününü qeyd etmək ənənəsini aradan çıxarır. Bununla da e.ə 400-cü ildən Roma imperatorları öz doğum günlərini qeyd etməyə başlayırlar.

Digər bir fərziyyədə belə qeyd olunur ki, bu ənənə İsa peyğəmbərin vaxtından mövcuddur, buna görə də doğum günlərinin qeyd olunması Miladla bağlıdır.

kim_ucunse_bayram_kim_ucunse_siradan_bir_gunQədimdə sadə insanlar öz doğum günlərini qeyd etmirlər və onların heç ağlına da gəlmir ki, bu günü xüsusi gün kimi qeyd etmək olar. Ad günləri ümumi və təntənəli sürətdə yalnız  XX əsrdən qeyd olunmağa başlanır. Bunula belə dünyanın bəzi ölkələrində indiyə qədər doğum günlərini hər il deyil, müəyyən yaşlarda qeyd edirlər.

Doğum günlərini müxtəlif adətlərlə qeyd edənölkələr də var. Belə ki,  Çində  doğum günündə bir boşqab vermişel yeyilməsi vacibdir. Bu adətin mahiyyəti ondan ibarətdir ki, səbəbkar bacardığı qədər uzun vermişeli birdəfəyə yeməlidir. Bu vermişel nə qədər uzun olarsa, onun həyatı da o qədər uzun olacaq.

Almaniyada belə bir adət var ki, subay alman kişisinin 30 yaşı olursa o, süpürgəni götürüb, şəhərin mərkəzi küçələrini süpürməlidir. Həmin vaxt onun dostları onun işinə mane olaraq, süpürdüyü təmiz yerə xırda daşlar atırlar. Bu, o vaxta qədər davam edir ki, oradan keçən bir qadın  ona bir öpüş hədiyyə etsin. Yalnız bundan sonra hərkəs doğum gününü qeyd etməyə gedir.

İrlandiyada isə, səbəbkarı tərsinə tutub onun yaşı qədər ayaqlarını tavana vururlar. Onlar belə hesab edirlər ki, bu xoşbəxtlik gətirir.

Yamaykada  bir yaş böyüməsi münasibəti ilə dostlar doğum gününü qeyd edənin üzərinə “toz” tökürlər, adətən bu toz undan ibarət olur. Bunu ya qəfildən, ya da mərasimin tam ortasında edirlər.

Meksikada doğum günlərnin əvəzolunmaz atributlarından biri “pinyatadır”- bu  kağızdan heyvan fiquru olan boş qutudur. Onun içərisinə konfetlər və digər şirniyyatlar qoyulur.

Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da doğum günləri təntənə ilə keçirilir. Uşaqlar üçün bu gün daha böyük mahiyyət kəsb edir. Valideynlər onlara doğum günü şənliyi təşkil edirlər. Adətən həmin gün evdə çoxlu qonaq olur. Onlar səbəbkara müxtəlif hədiyyələr gətirirlər.

Keçən əsrdən etibarən isə dünyanın bir çox ölkəsində “Happy birthday to you” mahnısı ad günlərinin başlıca mahnısına çevrilib. Bu mahnı 1893-cü ildə ərsəyə gəlib. Mahnının sözlərinin müəllifi  Petti Hill,  bəstəkarı isə Mildred Hilldir.


Hazırladı: Ülviyyə Hümbətova

Öncəki xəbərNövbəti xəbər