Cəmiyyət

Kimsəsiz uşaqların gələcəyi

Uşaq evində böyüyən Yaqut, Amil və Sevda 18 yaşından sonra uşaq evindən uzaqlaşdırılan gənclərdəndirlər:

Yaqut:

–      Atam anamdan ayrılandan sonra Bakıya gəldik və ev problemimiz olduğu üçün anam  dörd uşaqla əziyyət çəkməsin deyə, qeydiyyatımız da olmadığına görə ora getdik.

Amil Kərimli:

– Beş yaşımda atam rəhmətə getdi və mən altı yaşımda işləməyə başladım.  Doqquz yaşımda gördüm ki, təhsilsiz alınmır, daha sonra  məni aparıb yerləşdirdilər bura.

Sevda:

–      Atam anam rəhmətə getdiyinə görə məni ora göndərdilər.

Kimsəsiz,valideyin himayəsindən məhrum uşaqların gələcəyini formalaşdırılmasına köməklik göstərən SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiya Resurs Mərkəzinin kordinatoru Xanım Tahirova dövlətin gənclərə yanaşmasının düzgün olmadığı fikrindədir:

Xanım Tahirova:

–      18 yaşına çatan gəncləri, oğlan, yaxud qızları sadəcə buraxırlar  həyata, çıxın gedin, yəni, yanaşma düzgün deyil. 18 yaşına qədər dövlət hər şey edir.

İctimai vəkillik üzrə mütəxəssis İradə Hüseynova bəzi hallarda bunun gənclərin insan alverinin qurbanına gətirib çıxara biləcəyindən narahatdır:

İradə Hüseynova:

–       Uşaq evindən çıxarkən  gənclərin əksəriyyətinin gedəsi yeri yoxdur. Elə bir problemlə üzləşirlər ki, ya kirayədə qalırlar, ya da qohumu varsa, qohum yanına gedirlər. Qızlar uşaq evini tərk edəndən sonra pis yola da düşə bilərlər və insan alverinin qurbanına çevrilə bilərlər.

Həmin gənclərin sonrakı həyatı qanunla müəyyən olunsa da, qanun işlək vəziyyətdə deyil. Xanım Hüseynova belə deyir:

Iradə Hüseynova:

–      Qanunda əks olunub. Yazılıb ki, uşaq evini tərk edən gənc yaşayış yeri ilə təmin olunsun, amma qanunlar işlək vəziyyətdə deyil. Onların mexanizmləri yoxdur.

Oğlan uşaqlarının birtəhər ayaqda durmaları real görünsə də, qızlarda bu məsələ ikiqat çətinləşir. Əksər qızlar cəmiyyətin çirkin üzü ilə gəncliklərinin erkən yaşında tanış olurlar. Xanım Tahirova qızların əksəriyyətinin 18 yaşından sonra istəsələr belə, çətinliyə dözə bilmədiklərini deyərək əlavə edir:

Xanım Tahirova:

–      Qızlar üçün bu problemdir. Bu günləri mənə, hər birimizə ictimaiyyətdə deyəndə ki, uşaq evindən çıxan qızın axırı necə olacaq, hamımızın xətrinə dəyir. Reallıqda baxanda 100-dən 50-si normaldı, amma qalanları mümkün olmayıb, istəsələr belə.

Uşaq evindən çıxan qızlar çalışırlar ki, kiməsə sığınsınlar. Yetər ki, çirkaba bulaşmasınlar. Bəzi hallarda bu vəziyyət erkən nikaha yol açır.

Yaqut xanım da çarəsizlikdən ailə quranlardandır. Amma həyat yoldaşı vəfat etdiyindən yenidən həyat onun üçün çətinləşir:

Yaqut:

–      Fikirləşdim ki, məktəbi qurtarandan sonra harda qalacam. Elə qismətim çıxdı və ərə gedəsi oldum. Küçədə qalmaqdansa, ərə gedim  ailəm olsun, yuvam olsun.

Həyat bu gənlər üçün nə qədər çətin olsa da, onların arzuları var. Bəlkə də həyatın bu sərtliyinə inad daha çox mübarizə aparırlar. Bəzən yaşamaq daha çox cəsarət tələb edir. Bu çətinliklərlə yaşamaq isə cəsarətin  zirvəsidir.

Müəllif:
Alim Elbrus
Könül Abbasova

 

Öncəki xəbərNövbəti xəbər

14 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.