Podkastlar

Kişi ləqəbli qadın yazıçı

Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand Fransanın ilk qadın yazıçısı kimi tanınır. Özünü heç vaxt feminist hesab etməsə də, çoxları onu feminist kimi qələmə verir. Kişi kimi geyinib, kişi ləqəbi ilə də əsərlər yazan bu xanım Fransa mətbuatında “kişi üzlü qadın yazıçı” kimi məşhurdur.
Avrora 1804-cü il iyulun 1-də Parisdə zadəgan ailəsində dünyaya gəlib. Körpə olanda o, atasını itirir. Bu bədbəxt hadisədən sonra onun anası ilə nənəsi arasında münasibətlər pisləşir. Anası övladı gələcək mirasdan məhrum olmasın deyə onu nənəsinin yanında qoyaraq Parisə gedir. Avrora Noan şəhərində nənəsi ilə birlikdə yaşayır. Avrora rahibə olmaq qərarına gəlir. Amma nənəsinin və ona hamilik edən keşişin səyləri nəticəsində bu fikirdən daşınır. Sonralar nənəsinin istəyi ilə ailə qurmağa məcbur  olan Avrora Parisə gedərək orda yaşamağa başlayır. 19 yaşında olarkən ikinci dəfə ailə həyatı qurur. Bu evliliyindən iki övladı dünyaya gəlir. Bu dəfə də onun ailə həyatı uğursuz olur və Avrora övladlarını götürüb uzun müddətdən bəri yazışdığı sevgilisi Jül Sandonun yanına gedir.
XIX əsrdə yazıçılıq Fransada “xanıma yaraşmayan peşə” sayıldığından, Avrora ilk əsərlərini sevgilisi Jülün imzası ilə çap etdirir.
Lakin bir müddət sonra o, özünə Jorj adlı kişi ləqəbini və  sevgilisinin soyadını götürüb özünü – Jorj Sand adlandırır. Adı  ilə yanaşı, qarderobunu dəyişir və  kişi kostyumları geyinməyə başlayır.
Gününün çox hissəsini yazmağa həsr edən xanım yazıçı tezliklə bütün Fransa ədəbi mühitinin diqqətini özünə çəkir.
28 yaşında nəşr etdirdiyi ilk romanı – “İndiana” ona gözləndiyindən də böyük uğur gətirir. 1832-ci ildə yazıçının ikinci romanı – “Valentina” cap olunur. Bu ikinci uğurdan sonra Jorj Sand özünü bütünlüklə yaradıcılığa həsr edir və qısa zamanda “Melxior” əsərini yazır. Üçüncü romanı ilk əsərləri qədər səs-küy yaratmasa da yazıçı ruhdan düşmür. 1833-35-ci illər ərzində beş roman yazıb tamamlayır. 1842-ci ildə “Konsuelo” əsərini qələmə alır. Jorj 35-ə yaxın romanın, 70-dən çox nəsr əsərinin müəllifidir. Əsərləri demək olar ki, dünyanın əksər dillərinə tərcümə olunub. XIX əsrin bir sıra tənqidçiləri deyirdilər ki, Jorj Sandsız Fransa nəsrinin bir tərəfi havada qalardı.
Jorj Sand ən böyük sevgisini dünya şöhrətli, polyak bəstəkar Şopenlə yaşayır. Sandla tanış olduqdan sonra Şopen onun haqqında bu sözləri deyir: “Mən Jorj Sand təxəllüsü ilə yazan məşhur yazıçı qadınla tanış oldum. Onu heç bəyənmədim. Üzündə elə bir ifadə var idi ki, məni özündən iyrəndirirdi”. Lakin sonra bəstəkar onu “özündən iyrəndirən” bu qadına aşiq olur. Bir müddət sonra Şopen vərəm xəstəliyinə tutulur.  Sand “Şopen çox zəif və kobud biridir” deyərək ondan ayrılır. Bəstəkarın vəziyyəti daha da ağırlaşır. Ayrılıqdan bir il sonra gözlənilmədən Şopen sağalır. O, 1848-ci il noyabrın 16-da Londonda möhtəşəm konsert verir və çox böyük uğur qazanır. Günlərin birində aşiqlər qarşılaşır. Sand onun yaxşı olduğunu görüb bəstəkara verdiyi bütün ağrı-acıları yada salaraq,  münasibətlərinin yenidən qurulması üçün ona əl uzadır. Lakin Şopen geri çəkilib, bir kəlmə də danışmadan onu tərk edir. 1849-ci il oktyabrın 17-də Şopen “O mənə söz vermişdi ki, mən onun qolları arasında öləcəyəm” deyib, vəfat edir. Jorj Sandla 10 illik sevgisi Şopenin həyat və yaradıcılığının ən pik dövrü olur. O, ən gözəl ballada və prelüdlərini, xüsusilə də məhəbbətdən bəhs edən əsərlərini Sandlı illərində bəstələyir.
Qeyd edək ki,  Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkilmiş “Təhminə və Zaur” filmində səslənən musiqini də elə Şopenin Jorj Sanda həsr etdiyi deyilir. Türk yazıçısı Elif Şafak “İçimizdəki diktator” essesində Jorj Sandla Şopenin sevgisini “XIX əsrin ən maraqlı, bəlkə də ən çətin sevgisi” adlandırır.
Şopenin ölümündən sonra 27 il yaşayan Jorj həyatının sonuna yaxın nəvələrinə və  övladlarına qulluq edən çox nikbin və şən biri olur. O yalnız Şopeni dinləyərkən kövrəlir.
Jorj Sand 1876-cı il iyunun 8-də Noanda vəfat edir. Jorjun ölümündən sarsılan fransız yazıçısı Viktor Hüqo onun haqqında belə yazır: “Onun ölümünə ağlayır, ölməzliyini salamlayıram”. Jorjun ölümündən öncəki son sözləri isə belə olur: “Yaşıllıq … Saxlayın”. Bu, onun qəbrinə aid vəsiyyəti idi. Qəbri üstündə başdaşı qoyulmamasını, otların arasında itib-batmasını arzulamışdı. Həyatı boyu diqqət cəlb edən Jorj ölümündən sonra qəbrinin gözdən itməsini istəmişdi.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.