Bloq, P.S, ZZ-Manşet

“Kişilərə yer verin” - Bloq

IMG_1109pHər gün haradansa gəlib, harasa gedirik. Təbii ki, bu zaman da müxtəlif nəqliyyat vasitələrindən istifadə edirik. Yorğun-arğın, bəzən əlimizdə ağır yüklə, bəzənsə naxoş halda içi sərnişinlə dolu nəqliyyat vasitələrinə minir, kimimiz oturmağa yer tapır, kimimiz isə ayaq üstə getməyə məcbur oluruq. Təbii ki, bu mövzuda qadınlarımız daha şanslı sayılırlar, kişilərimiz daim nəzakət göstərib öz yerlərini onlara təklif edirlər. Əlbəttə, nəzakət gözəl şeydir, ancaq bəzən nəzakət qaydaları adı altında kişilərə haqsızlıq edildiyini görməyə də bilmirsən.

Çox zaman qanunların işləməməsindən şikayətlənirik, ancaq qanunların işləməsi hərdən bizim özümüzdən də asılıdır. Məlum məsələdir ki, kişi və qadınlar qanun qarşısında bərabər hüquq və imtiyazlara malikdirlər. Bu gün bu sözü, xüsusən, qadınlarımızın dilindən daha çox eşitmək mümkündür. Ancaq, qadın və kişi hüquqi bərabərliyinin qadınlarımız tərəfindən necə anlaşılmasının özü də bir müəmmalı məsələdir.

XX əsrin böyük anti-utopiya yazıçısı Corc Oruellin belə bir fikri var: “Qanun qarşısında hamı bərabərdir, ancaq bəziləri daha çox bərabərdir”. Feminizmin kişi düşmənçiliyinə çevrildiyi bir dövrdə də qadınların öz hüquqlarını tələb etməsi get-gedə sanki kişilərin hüququnun pozulması hesabına əmələ gəlməlidir kimi bir fikir formalaşmaqdadır. Bunun ən bariz nümunəsinə də hər gün ictimai nəqliyyat vasitələrində rast gəlmək mümkündür. Qadınlarımızın əksəriyyəti ictimai nəqliyyat vasitələrinə daxil olarkən avtomatik olaraq oturan istənilən bir kişinin öz yerini onlara verəcəklərini gözləyirlər. Verməyəndə isə bunu açıq-aşkar mədəniyyətsizlik kimi qiymətləndirib hər cür vasitəylə bildirməyə, bəzən isə müxtəlif yollarla oturan kişiləri narahat etməyə başlayırlar. Xüsusən, oturan şəxs çox gənc biri olduqda bu iş həmin şəxsin ləyaqətinə toxunan sözlərlə müşayiət olunmağa qədər gedib çıxır. Bu cür gənclər və yaxud kişilər birbaşa olaraq “ponyatkasız” hesab olunurlar. Çünki, qadınlara yer vermək bizim yazılmamış qanunlara görə “ponyatkanın” bir nümunəsi sayılır və daha çox kişilərə şamil edilir. Ancaq, nəyə görə qadınlara da şamil olunmasın? Niyə də qadınlarımız  hərdən kişilərimizə yer verməsinlər? Yer verməsələr belə “ponyatkalı” olub oturan və onlara yer verməyən kişilərin oturmaq tələbatına anlayışla yanaşmasınlar?

Müəllif: Tünzalə Sadıqova


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.