Cəmiyyət

Kitab çapı gənc yazarlara nə qazandırır?!

Gənc yazar Fidan Novruzun  ilk kitabı – “Qarabasma” Qanun nəşriyyat evinin icra etdiyi “Birinci Kitab” layihəsi çərçivəsidə  çap olunub.  Fidanın sözlərinə görə, kitabın nəşrinə lazım olan bütün maliyyə vəsaitini layihə daxilində nəşriyyat qarşılayıb. Elə bu səbəbdən də kitabın satışından gələn gəliri də çap evi özünə götürüb.

Fidan Novruz:

– İlk kitab ilk işim olduğuna görə heç bir vəsait almamışam. İnşallah ikinci kitabdan ( vəsait) əldə edə biləcəm. Yəni, mən təkcə yazar olmadığıma görə gəliri başqa işdən əldə edirəm. Çap etdirdiyim kitablar mənim üçün hobbidir.

Lakin  “Miras Bakının sirri” kitabının müəllifi , gənc yazar Çingiz Mehbalıyev isə   kitabı öz hesabına çap etdirdiyini deyir. Növbəti kitabının nəşrinə hazırlaşan müəllif onu da qeyd edir ki,  hətta, ikinci kitabı ilk kitabından gələn maliyyə ilə nəşr olunacaq.

Çingiz Mehbalıyev:

– İkinci kitabın da maliyyəsi, birincinin maliyyəsindən əmələ gələcək. Birinci kitab satılır, onun pulunu yığıram heç bir yerə xərcləmədən, o pul tamamlanır və yenidən həmin pulu yatırıram ikinci kitabın çap eləməyə.

Oxucuların kitabına  marağından razı olduğunu bildirməyinə baxmayaraq, Çingiz  hazırda kitab  satışından gələn gəlir hesabına dolanmağın mümkün olmadığı fikrindədir.

Çingiz Mehbalıyev:

– Kitab bazarının şərtlərinə uyğun olaraq  kimsə sırf gün ərzində bütün səkkiz saat  işləsin və kitab çap eləsin. Bundan gəlir əldə eləmək çox çətindir və praktiki olaraq mümkün deyil. Düşünürəm ki, incəsənət adamı təminatlı olmalıdır. Fərqi yoxdur rəssam, heykəltaraş,yazıçı və s.

Daha bir gənc yazar Lamiyə Mərdan isə “Addım” adlı şeirlər kitabını ailəsinin dəstəyi ilə çap etdirdiyini və maddi gəliri düşünmədiyini deyir. Həmçinin, qeyd edir ki,  500 tirajla çap olunan kitabın böyük bir qismi də artıq alıcılarını tapıb.

Lamiyə Mərdan:

–  Atamın dəstəyi ilə çap etdirmişəm. Mənimçün nəsə yazmaq maddi yönümümün təmin olunması demək deyil. Mən düşünürəm ki, o insanın daxili aləminin təmin etmək üçün istifadə olunan bir vasitədir.

“Bozqurdun uçurumu” və “İmtina” kitablarının müəllifi  Dilqəm Əhməd  isə deyir ki, yazarlar çap olunmuş  kitablarının  yayımını özləri həyata keçirmək məcburiyyətində   qalırlar. Bunun səbəbini tanınmış nəşriyyatlarda çap qiymətlərinin baha olmasında görən yazar çarəni tanınmamış nəşriyyatlarda tapır.

Dilqəm Əhməd:

–  Yazarlar kitabı çap etdirir, sonra mətbəədən götürür özü bir-bir mağazalara paylayır və orada (mağazalara) müqavilə imzalanır. Həmişə istəmişəm ki, kitablarım daha tanınmış nəşriyyatlarda çap olunsun. O nəşriyyatların təqdim etdiyi qiymət o qədər çox olur ki, bizim imkanlarımız xaricində olur.

Son zamanlarda, gənc yazarlara dəstəklə bağlı bir sıra layihələr həyata keçirən Qanun nəşriyyat qurumunda indiyə qədər 24 gənc yazarın kitabı çap olunub.

Nəşriyyatın rəhbəri  Şahbaz Xuduoğlu bizə burada gənc yazarlara yaradılan şərait haqqında məlumat verir.

Şahbaz Xuduoğlu:

– Gənc yazarlarla bağlı bizim iki layihəmiz var: Birincisi “Ən Yeni Ədəbiyyat” seriyasıdı. İkinci bir layihə “Birinci Kitab” layihəsidir ki, bu layihədə ilk yazmağa başlayan və gələcəyinə ümid bəslədiyimiz, yazar peşəsinə sahib ola biləcək gənclərin kitablarını nəşr edirik.

Şahbaz Xuduoğlu onu da qeyd etdi ki, yazarlara  kitablarını müstəqil olaraq çap etdirmək üçün tirajından aslı olaraq ən az 500 manatdan çox vəsait lazımdır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.