Bloq, P.S, ZZ-Manşet

Kitab yarmarkalarının bağlanmasına təəssüf - Bloq

farid

Son zamanlar bu ölkədə kitab oxuyan da, oxumayan da “kitab oxuyan yoxdur” deyə şikayət edir. Amma bu şikayətçilərin arasında, mənə görə şikayət etmək üçün ən çox haqqı olan şəxs “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğludur. Çünki bu adamın, Azərbaycanda insanların kitab oxuması üçün müstəsna xidmətləri vardır, danmaq olmaz.

Bu yazını yazmağa məni vadar edən səbəb, “ölkədə kitab oxuyan yoxdur” məsələsi deyildir. Aydın məsələdir bu. Səbəb, Şahbaz Xuduoğlunun bu günlərdə uzun müddətdir keçirilən endirimli kitab yarmarkasına son qoyma məsələsidir. Bu qərara təbii ki, hörmətlə yanaşıram, amma ki, sözügedən qərarla bağlı qınamadığım cəhətlər də yox deyildir. Qınadığım cəhətlər haqqında ətraflı yazmağa çalışacağam, amma öncə istəyirəm “Qanun” haqqında danışım bir az.

Yuxarıda qeyd etdiyim kimi, “Qanun”un və Şahbaz Xuduoğlunun bu sahədə müstəsna faydaları olmuşdur. Bu insanlar, ölkədə kitab oxuyanların sayının az olduğunu bilə-bilə, ölkədə kitaba olan marağı artırmaq üçün kitablar tərcümə edib, çap ediblər. İndi kimsə çıxıb şərh yazacaq ki, tərcümə etdikləri kitablarda səhvlər var idi, tərcümələr bəzən zəif idi, çap olunan kitabların keyfiyyəti aşağı idi və s. Bu başqa bir məsələdir, ancaq qısa demək istəyirəm ki, yuxarıda sadalanan işləri, bu miqyasda edən ikinci nəşriyyat varmı ölkədə? Varsa da mən bilmirəm. Həmçinin, kitabların fiziki olaraq keyfiyyətinin qaldırılması üçün, adamlar gərək öncəki kitablarını elə satsınlar ki, növbəti kitabların nəşri üçün daha bahalı və keyfiyyətli kağızdan, yapışqandan və s. istifadə edə bilsinlər.

Kitab niyə oxunmur? 

Gəlin, baxaq, görək nələr təsir edə bilər kitab oxunmasına. Texnologiyanın inkişafı – həyatımızın ayrılmaz hissəsinə çevrilmiş ağıllı telefonlar. TV-lər – insanları özünə daha çox cəlb edən seriallar, toy proqramları, qeybət şouları. Təbliğatın azlığı – spirtli içkilərin, qumarın, şadlıq evinin reklamı kitab reklamından çoxdur. Bu səbəbləri daha çox uzada bilərik, amma sonda gələcəyimiz qənaət bu olacaq – bunlar bəhanədir. Adamlar tanıyıram ki, çox gərgin iş qrafikləri var, ailə qayğıları ilə yüklüdürlər, ancaq bu adamlar mütaliə üçün vaxt tapırlar, oxuyurlar.

Şahbaz Xuduoğlunun qərarı…

Yuxarıda qınamaq dedim. “Qanun” bu yarmarkalara başlayanda da, bu məsələyə ironik yanaşanlar, onları söyənlər, kitab oxuyanlara lağ edənlər var idi. Yəni, Şahbaz Xuduoğlu və onun komandası buna başlayanda da bunu bilirdilər. Yarmarkalar başlayandan bəri, xüsusi hədəf audiyoriyası, spesifik kütləsi var idi. Kitab oxumaq istəyən, lakin kitab almağa hər dəfə 7-8 manat verə bilməyən, maraqlı kütlə, bu yarmarkalardan kitablar alırdılar, oxumaq şansları olurdu. İndi nə olacaq? Həmin auditoriya da oxuya bilməyəcək. Düzdür, deyəcəksiz ki, 7-8 manatın yüzünü yüz yerdə xərcləyirlər, kitab alsınlar. Amma elə deyil, insanların gəlirlərinə görə, qayğıları var. Orta statistik tələbə, iki həftədən bir dəfə 10 manat kitaba verə bilmir. Əsas məsələ isə budur ki, “Qanun” bu işə başlayanda bunu gözə almışdı, bilirdilər yaranacaq çətinlikləri. Amma ölkənin tək irimiqyaslı kitab tərcümə, nəşr edən müəssisəsi həvəsdən düşürsə, kitabın “K”sını anlamayanların qarşısında geri çəkilirsə, buna bir oxucu kimi məyus oluram.

Mən oxucuyam, mən istəyirəm ki yaşadığım cəmiyyətdə kitab çox oxunsun, insanlar daha çox mütaliə etsin.

Dostlar, bir məsələni də unutmayaq, kitab oxuyanlar hər zaman TV-yə baxanları idarə edəcəklər!

Oxuduğumuz hər bir kitab – bir həyat, hər bir həyat – bir dünya, hər bir dünya isə – bir düşüncədir.

Düşüncələrimizi qoruyaq!

Müəllif: Fərid Hacıyev


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər