Sosial, ZZ-Manşet

Könüllülər proqramı üçün son müraciət tarixi açıqlanıb

Baku2015_yenilogoBakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunları “Alovqoruyanlar” könüllülər proqramının iştirakçısı olmaq istəyənlər üçün son müraciət tarixinin 3 aprel 2015-ci il olduğunu elan edib.

GSR.fm xəbər verir ki, minlərlə gənc, eyni zamanda yerli və xarici namizədlər onlar üçün yaradılmış bu fürsətdən istifadə edərək, Bakı-2015 birinci Avropa Oyunlarında müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.
Məlumat üçün bildirək ki, Bakı-2015 “Alovqoruyanlar” könüllülər proqramına rəsmi olaraq 12 iyun 2014-ci il tarixindən etibarən start verilib və bu müddət ərzində iştirak üçün 30000-dən çox müraciət daxil olub. Hər həftə isə işə qəbul mərkəzində müraciət edən yüzlərlə namizəddən müsahibə götürülür. Bildirək ki, könüllü olmaq istəyənlərlə müsahibələr aprel ayının sonuna qədər davam etdiriləcək. Lakin namizəd olmaq istəyənlər 3 aprel tarixinə qədər müraciət formalarını göndərməlidirlər.
Oyunlar ərzində “Alovqoruyanlar” əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.
Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı- 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır.
Bizim bütün “Alovqoruyanlar”ımız Azərbaycanda böyük multi-idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.”
Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı-2015 Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev deyib: “Alovqoruyanlar” Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar. Onların iştirakı böyük əhəmiyyət kəsb edir, çünki Avropa Oyunları kimi genişmiqyaslı bir tədbir könüllülərin dəstəyi olmadan keçirilə bilməz.
«Alovqoruyanlar» rolunda könüllü kimi çalışmaq, Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün gözəl fürsətdir. Avropa Oyunları bizə azərbaycanlı gənclərin xalqın gələcəyinin formalaşmasına cəlb olunmasını göstərməyə, eyni zamanda, gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və bir-biri ilə dostluq əlaqələrini inkişaf etdirməyə imkan verəcək”.

Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq “Alovqoruyanlar” geniş təlimlərdə iştirak etmək, Bakı-2015 uniformalarını ödənişsiz əldə etmək, ictimai nəqliyyatla obyektlərə ödənişsiz getmək, qida və Bakı-2015 Avropa Oyunlarının könüllü proqramının rəsmi tərəfdaşı olan «Nar Mobile» şirkəti tərəfindən Sim nömrə ilə təmin olunmaq kimi fürsətlərdən yararlanacaqlar.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İşçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron MakMaykl deyib: “Könüllü proqramı üçün bu günə kimi edilən müraciətlərdən məmnun qalmışıq. Həm Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq istəyənləri aprelin 3-dək müraciət etməyə çağırırıq.
Könüllülərin icra edəcəkləri əksər rollar üçün təcrübənin olmasına da gərək yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini istəyən şəxslərin axtarışındayıq.”
Avropanın ilk dəfə keçiriləcək ən böyük idman yarışında çalışacaq bütün könüllülər buradan qeydiyyatdan keçə bilərlər: http://az.baku2015.com/join-us/article/muraciət-qaydalari-26214.html.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.