Magazine, ZZ-Manşet

“Körfəz futurizmi, müasirlik və qadın baxışı” adlı mühazirə keçirilib

İyun ayının 22-də ARTIM  Layihə Məkanında mədəniyyət və incəsənət üzrə araşdırmaçı Lesli Qreyin “Körfəz futurizmi, müasirlik və qadın baxışı” adlı mühazirəsi keçirilib. “ Kişilər ağlamaz” adlı sərginin  bir hissəsi olan mühazirədə qətərli tədqiqatçı Fars körfəzi ətrafı ərəb ölkələrindəki gender və futurizm barədə məlumat verib. Tədbirdə əslən ərəb olan Sofiya və Münirə adlı qadın rəssamların keçmiş və gələcəyə dair rəsm əsərləri də təqdim olunub.

Mühazirənin sonunda təəssüratlarını “Kişi Magazine”lə bölüşən Lesli Qrey informasiyalarını yeni auditoriyaya çatdırmağın, yeni insanlarla tanışlığın maraqlı və ümidverici olduğunu bildirib:

“Mən bugün Orta Şərqdə rast gəlinən feminist nəzəriyyələrindən, müasirlikdən, cəmiyyəti idarə edən dominant qadınlardan danışdım.  Azəraycana şəxsi tədqiqatım üçün gəlmişəm. Mədəniyyətlərimiz arasında dini, tarixi, neft iqtisadiyyatı baxımından çoxlu bəzərliklər olduğu kimi fərqlər də az deyil. Bu mənim üçün maraqlı təcrübə oldu”.

Tədbir iştirakçısı Elvin Əhmədov mövzu barədə daha öncə məlumatının olmadığını, bu yeni axının  marağını cəlb etdiyini bildirir:

“Onu deyə bilərəm ki, futurizm qloballaşmanın məhsuludur. Bu dayanılmaz bir prosesdir. Demək olar ki, bütün sahələrdə istər mədəniyyət, istər iqtisadiyyat, istərsə də incəsənətdə qloballaşma prosesi gedir.  Mühazirə çox maraqlı keçdi, əsərləri də bəyəndim. Bu haqda kitabı və youtube portalındakı videoları mütləq əldə edəcəyəm”.

Digər iştirakçı Jalə Əzizova isə onun diqqətini daha çox sərgidə Azərbaycanla bağlı əsərin cəlb etdiyini deyir:

“Mühazirə çox maraqlı keçdi. Fotoşəkilləri çox bəyəndim.  Qətər neft ölkəsi olduğundan burada neft ön plana çıxır və istər-istəməz həyatımıza daxil olur. “Dərinə eniş” əsərini Azərbaycana həsr olunub. Burada Naftalan neftindən bəhs olunur”.

Tədbirdə, həmçinin əcnəbi qonaqlar da iştirak edib. Misirdən Azərbaycana işləmək üçün gələn yoqa müəllimi Əmirə Mənsur (Amira Mansour) Lesli Qreyin mühazirəsində iştirak etməkdən olduqca məmnun olduğunu bildirir:

“Mühazirəni  çox bəyəndim, çünki Lesli burada incəsənət və mədəniyyət dəyişikliklərindən, bu barədə müşahidə etdiklərindən danışır. Fürsətdən istifadə edib qadınlara demək istəyirəm ki, özlərini sevsinlər, özlərini olduqları kimi qəbul etsinlər və kifayət qədər güclü olsunlar”.

Qeyd edək ki, Lesli Qrey həm də Ərəbistan yarımadası və Mərkəzi Asiya üzrə “ArtAsiaPasific” jurnalının əməkdaşıdır.

 

Öncəki xəbərNövbəti xəbər