Müsahibə, Sosial, ZZ-Manşet

“Körpələr məhəbbət və qayğı ilə böhrandan çıxır”

Psixoloqların fikrincə, insanın müxtəlif yaş dövründə aldığı travmalar, ailənin verdiyi tərbiyə üsulu, həmin yaş dövründə insanın keçirmiş olduğu hiss və həyəcanlar, psixoloji gərginliklər və digər səbəblər özünü yetkin yaş dövründə biruzə verir. Bu barədə “Dəniz” uşaq bağçasının direktoru Samirə Muxtarova Bagcam.az saytına müsahibə verib.

Bildiyimiz kimi, müxtəlif dövrlərdə uşaqlarda yaş böhranı baş verir. Bəs siz uşaqlarda baş verən yaş böhranına necə tərif verərdiniz?

– Mühit dəyişkənliyi, xarakter dəyişkənliyi uşaqlarda yaş böhranını yaradan əsas amillərdəndir. Böhran sərhəd bitdiyi an yaranır.

Bu böhran əsasən hansı yaşlarda yaranır?

– Uşağın doğulma anını ilk böhran hesab edən Bolqar psixoloqu L. Pernu yazıb ki, çağanın böhranı doğulduğu çətin dəqiqələrdən başlanır. O, 20 kiloqrama bərabər itələyici təzyiqlə 370oC temperaturu olan isti su mühitindən hava mühitinə atılır. Bu da çəkisizlik vəziyyətində və havanın 8oC temperaturunun 200oC olduğu kosmonavtın vəziyyətinə bənzəyir və o, belə şəraitdə tənəffüs etməlidir. Təzə doğulan uşağa ananın və atanın qayğısı, məhəbbəti artdıqca körpədə inam hissi yaranır. Fiziki ehtiyacları düzgün qarşılandıqca körpə də böyüyür. Məhəbbət və qayğı ilə bu böhrandan çıxırlar və həyata uyğunlaşırlar.

Sonra isə uşaqlarda müstəqillik meyli gücləndiyi vaxt 3 yaş böhranı başlayır. Eqo yaranır. Uşaq bu eqo ilə necə davranacağını bilmir. “Mən, mən, özüm edəcəm” kimi ifadələri artır. O zaman biz böyüklər uşaqla düzgün cümlələr seçib düzgün ünsiyyət qurmalıyıq. “Olmaz”lar çox olduqda uşaq kaprizini artırır, özünü yerə yıxır, ağlayır, qışqırır və s.

img_5938-2Valideynləri narahat edən bir məsələ var ki, o da bu yaşlarda olan uşağa hər istədiyini vermək və ya ona “olmaz” qadağaları ilə çərçivəyə salmaq arasındakı orta yoldur. Bu məsələdə valideyn orta yolu necə tuta bilər?

– Ən gözəl üsul qaydadır. Hər müəssisə, bağça və qrupda olduğu kimi hər ailənin də qaydası olmalıdır. Ailə üzvləri bir gün əyləncəli şəkildə öz evinin qaydalarını müəyyən edir və buna bütün ailə birlikdə əməl etməyə başlayır. Hər qaydanın mütləq böyük deyil, kiçik hədiyyəsi də olmalıdır.

“Olmaz” dəməyə tələsmək lazım deyil. Bəzən uşaqlar haqlı olurlar, amma valideyn inadla ona “olmaz” deyir. Niyə olmaz? Bir dəfə “olar” bir dəfə “olmaz” deyən analar var. Valideyn birinci özü  üçün müəyyən etməlidir  ki, “olmazlar” nədir və niyə olmaz? Həmçinin uşaqlara neqativlə, “ma-mə” ilə, etmə ilə olan cümlələr qurulmamalıdır. Əvəzində alternativ vermək lazımdır. “Telefonla oynamaqdansa, bəlkə kitab oxuyaq. Sən bilirsən sənin yaşındakı uşaqlar cizgi filminə 15 dəqiqə baxmalıdır. Bizim 15 dəqiqə bitdi, əzizim. Mən sənə maraqlı oyun düşünmüşəm gəl mənimlə oynayaq” kimi cümlələr işlədilməlidir. Bu zaman o sevinərək gələcək və sizə qoşulacaq.

Samirə xanım, sizin iki oğlunuz var. Bəs siz övladlarınızda ilk böhran dövrünü necə keçirmisiniz?

– Düzünü desəm, böyük oğlumda üç yaşı rahatlıqla keçirdik. Biz hər gün birlikdə bağçaya gəlirik. Mən işimə, oğlanlar bağçaya. Axşamlar isə birlikdə evə gedirik. Ortaq söhbətlərimiz çoxdur. Onlara nə qədər uşaq kimi baxsam da, böyük kimi davranıram, günümüzü birlikdə müzakirə edirik. Aramızda bir üçlük yaranıb, komanda kimiyik. Bəzən balaca oğlum böyüyə məsləhət verir. Böyük oğlum iki yaşına kimi nənəsigil ilə çox vaxt keçirməli oldu. Mənim işlərim çox idi. İki yaşında bağçaya başlayanda çox çətin anlarımız oldu. Nənədən, evdən ayrılmaq istəmirdi. Gecələr məni sevmir deyə gizli-gizli ağlayırdım. İlk analıq təcrübəm idi. Amma sevgi, səbr və birlikdə keçirdiyimiz zaman bizi birləşdirdi.

Balaca oğlum doğulanda qorxdum ki, böyüklə olan münasibətimiz dəyişər, amma qardaşını çox gözəl qəbul etdi. Balaca oğlum Muradı bağçaya çox tez apardım. Səkkiz ayından dayə bağçada yanımda baxmağa başladı və bir yaş yarımlıq qrupa qatıldı. Amma Muradın üç yaş krizləri oldu. “Mən niyə böyük deyiləm?”, “Mən niyə bağçaya getməliyəm?”, “Sən niyə evdə qalmırsan!” “Niyə istədiyimiz zaman istədiyimizi etmirik?” kimi suallar verirdi.

Bir valideyn kimi nə məsləhət görərdiniz, bu dönəmdə nə etmək lazımdır?

– Bu dönəmdə səbrli olmaq lazımdır. Mümkün olduqca uşaqla söhbət etmək, kitab oxumaq, gəzmək ananın köməyinə gəlir. Onun yersiz ağlamaqları və s. başladığı zaman mən görməzlikdən gəlirdim. Qəribə budur ki, Osman (böyük oğlum) da eyni reaksiyanı verirdi. Beş dəqiqə sonra heç nə olmamış kimi özü yanımıza gəlirdi. Mən nə qədər övladlarımı çox sevsəm də, sevgimi də qədərində bildirən anayam. Həddindən artıq dərəcədə müdafiəçi deyiləm. “Üç yaş böhranı”mız 3-4 ay davam etdi. Bir ara çarəsiz qalıb həkimə yoxsa psixoloqa müraciət edim deyə düşündüm, çünki böyük oğlumda üç yaş böhranı yaşamamışdıq. Amma həkimimiz də, psixoloqumuz da sadəcə bir söz dedi: “Səbrli ol”.

Uşaqların ikisində də mənə məxsus analiz etmək qabiliyyəti var. (Gülür) Çətinlik çəkərkən axşamlar hansısa nağılın istiqamətini dəyişib onlara nağıl danışıram, sonra analiz edirik. Bu, onlara gündüz etdiyi səhvləri xatırlamaq imkanı yaradır. Hər uşaq fərdidir. Bir ailədə iki oğlan var, ikisinin də hadisələrə baxışı fərqlidir. “Bu işdə məhz belə davranmalıyıq” – deyə bir şey yoxdur. Birində davrandığımız hal digərində keçərli olmaya da bilər.

İlk böhran dövrü eyni zamanda uşağın bağça dövrünə təsadüf edir. Bağçalar bu məsələdə hansı rolu oynayırlar?

– Bağçada üç yaş böhranı evə nisbətən, yüngül keçir. Əvvəlcə, uşaqların kaprizləri valideynlərini gördükləri zaman daha çox yaranır. Tərbiyəçi necə davranacağını düzgün bilirsə, bu çox gözəl olur, amma istənilən anda 3-4 yaş qrupunda digər qruplara nisbətən, nizamsızlıq, qaydalara tabe olmamaq halları baş verir.

img_5947-2“Üç yaş böhran dövrü”nü normal keçirməyən uşaqlar gələcək mərhələlərdə hansı problemlərlə qarşılaşırlar?

– Ünsiyyət problemi yaranır. Kaprizlər təəssüf ki, vərdiş halını alır. Bəzən fikir vermizinizsə, böyük uşağa “Sən özünü bəbə kimi aparırsan” deyilir. Bu üç yaş böhranını yaxşı keçirməməklə əlaqəlidir.

Çox müdafiəçi ailələrdə böyüyən, yıxıldığında tez qaldırılan, tərləyən kimi dərhal alt geyimi dəyişdirilən uşağın hər anını kontrolda saxlayan ailələrdə uşaqlar sonralar daha çox əsəb böhranı keçirirlər. Eyni zamanda avtoritar ailələrdə yetişən uşaqlar da cəzadan qorxduqlarına görə, bu böhran tam yaşanmır və onlarda bu böhranın müəyyən izləri qalır. Demokratik ailələr qayda tərtib edib qaydalara özləri də əməl etdikləri zaman, cəza yerinə mükafatlandırıldığında, təbii ki, böhran yüngül formada ötüşür.

img_5953-2Uşaqların keçirdiyi növbəti böhran isə 6-7 yaşlarda olur. Bu böhranın əsas əlamətləri nələrdir?

– 6-7 yaşlarından uşaq yeni mühitə yelkən açır. Bağça, məktəbəqədər dönəm bitir. Evdə, ətrafda, cəmiyyətdə hər kəs ona böyük kimi davranır. “Sən artıq böyüksən”, “ Sən artıq məktəblisən” deyərək uşaqda qorxu yaradırıq. Oyun və oyuncaq dönəminin tamamilə bitdiyini zənn edən uşaq üzülür. Ağır portfel, səhər tezdən oyanmaq onu yorur. Hər gün evə verilən tapşırıqlar, dərslər, tanımadığı məktəb mühiti, müəllimlər yeni böhrana səbəb yaradır.

Valideynlərin bu böhran zamanı yaşadığı ən böyük problem nə olur?

– Valideynlər uşaqlarına ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çətinlik çəkir. Valideyn uşaqla dərs zamanı səbirsiz davrandığı, uşağın da onu müəllimi kimi qəbul etmədiyi üçün problemlər yaranır. Uşağa dərslərini sərbəst yerinə yetirmək vərdişi aşılanmalıdır. Eyni zamanda uşağa məktəbli yaşıdlarının təsiri daha çox olur. Bu yaşda uşaqlar dostlarının sözlərinə böyük əhəmiyyət verir, onların hərəkətini təkrarlayırlar. Evə yeni vərdişlər gətirirlər. Bu da valideyinləri qıcıqlandırır.

Uşaqların məktəbəhazırlıq dönəmində bağçanın üzərinə hansı vəzifələr düşür?

– Bağça məktəbəqədər dönəmi düzgün təşkil etməlidir. Uşaq 3-4, 4-5, 5-6 yaşın standartlarına uyğun, mərhələ-mərhələ hər şeyi anlayaraq öyrənməlidir. Bağçada tualet vərdişindən başlayaraq, düzgün gün və yuxu rejiminə əməl olunur. Uşaqlar müstəqilliyə alışır, öyrənməli olduqları məlumatların 70 faizini yeddi yaşına qədər tam öyrənirlər. Öyrənmə bacarığı məktəbəqədər dövrdə inkişaf edir. Bağçanınuşağın həyatında əsas rolu odur ki, onlar dünyagörüşü qazanır, paylaşmağı öyrənir, sosiallaşır, başqa dostları ilə birgə oynamağı öyrənir, dost qazanır və ən əsası da hər uşaq bir-birinin xüsusiyyətlərinə uyğun davranmağı öyrənir. Bu da məktəbdə ona kömək olur.

Bəs bu mərhələdə məktəb rəhbərliyi nələr etməlidir?

– Hesab edirəm ki, bu müddətdə məktəb ibtidai siniflər üçün əyləncə və dincəlmək üçün otaqlar ayırmalıdır. Uşaqların məktəbə, yeni müəllimə, yeni dostlara uyğunlaşmaq üçün şərait yaradılmalıdır. Ciddi dərs rejiminə keçid yüngül olmalıdır.

Samirə xanım, ətraflı müsahibənizə görə təşəkkür edirik.

Öncəki xəbərNövbəti xəbər