GSR TV, Z-Manset, ZZ-Manşet

“Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər”

6 fevral 2015-ci il tarixində Excelsior otelində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının  birgə təşkilatçılığı ilə “Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatının Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelans, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və yerli sahibkarlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova Azərbaycanda həyata keçirilən korporativ sosial layihələr haqqında məlumat verib:

“Bugünkü toplantımızın, yəni dəyirmi masanın məqsədi ondan ibarətdir ki, biz bir daha özümüzü sanki “update” edək. Baxaq ki, həqiqətən bu gün bir çox şirkətlər korporativ sosial məsuliyyət adında layihələr yerinə yetirirlər. Dəqiq yoxlayaq ki, doğurdanmı beynəlxalq prinsiplərə uyğundur. Korporativ sosial məsuliyyət sahəsində tanınan üç böyük alət var. Bunlardan biri, Global Compact-dır bildiyiniz kimi böyük bir şəbəkədir. Digəri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qaydalarıdır. Və üçüncüsü, bu gün Gita xanımın bizə bəhs edəcəyi transmilli korporasiyalar üçün Beynəlxalq Əmək Təşkilatının qaydalarıdır.”

“Prosper” şirkətinin direktoru Vüqar Səfərov “Korporativ Sosial Məsuliyyətin nəticəsi olaraq daha yaxşı brend imici və reputasiya” mövzusu əsasında çıxış edib:

“Mən sizə bir hekayə danışmaq istəyirəm. 4 il bundan qabaq Nar Mobile eşitmə qüsuru olan insanları işə götürmüşdü. Adətən bu formal xarakter daşıyır amma burada eşitmə qüsuru olan insanlar işləyir. Bu realdır, bu insanlar real işləyə bilirlər və müxtəlif vəzifələrdə işləyirlər.”

Tədbirdə ekspert qismində iştirak edən “Sağlam ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli “Korporativ Sosial Məsuliyyət və İctimai sektorda fəallıq” mövzusunda çıxış edib. O bildirib ki, bu gün ölkə başçısının apardığı uğurlu siyasət, bu barədə qəbul edilən qanunvericilik aktları, dövlət proqramları gənclər sektorunun günü-gündən inkişafına şərait yaradır. Həmçinin Nigar xanım təmsil etdiyi tibb mərkəzinin fəaliyyəti, məqsədi və həyata keçirdiyi müxtəlif sosial layihələr  haqqında tədbir iştirakçılarına məlumat verib.

“2014-cü ildə 33 təlim keçirmişik. 3 mindən çox gənclə görüşmüşük. Ümumilikdə, 5 minə yaxın gəncə nigah öncəsi tibbi müayinə, sağlam həyat tərzinin təbliği mövzusunda təlim keçirmişik. Müəssisəmiz tərəfindən təşkil olunan “Gənclər kuponu” vasitəsilə pulsuz müayinə imkanları yaratmışıq”.

Sonda çıxış edən Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova tədbir iştirakçılarına çıxışlarına görə təşşəkürünü bildirib, gələcək işlərində onlara uğurlar arzulayıb.

Öncəki xəbərNövbəti xəbər