P.S, YeməkBAZ, Z-Manset

Kreativ tualeti olan restoran - Yeməkbaz

“Yeməkbaz” yeni ilin ilk “qurban”ını sizə təqdim edir.

Bu dəfə “Yeməkbaz” Nizami küçəsi 83-də yerləşən Kolorit cafe/restoranın xidmətindən yazır.

Yorğun iş günündən sonra adam nə istəyər? Təbii ki, dincəlmək və ləziz yeməklər dadmaq. Bu ümidlə yollanıram Koloritə.

kolorit

Əlbəttə ki, restoran haqqında ilk təəssürat səni orada qarşıladıqları zaman yaranır. Kolorit bu xidmətin öhdəsindən yaxşı gələ bildi. Restorana yaxınlaşdığım vaxt adminstrator (adını bilmirəm, çünki yaxa kartı yox idi) cəld qapını açır və məni gülərüzlə salamlayır. Harda oturacağımı soruşanda isə deyir ki, “Ürəyiniz harda istəyir əyləşə bilərsiniz”. Seçimin mənə buraxılmasından razı qalıram. Mən elə birinci mərtəbədə iki nəfərlik masanı seçirəm.

İlk diqqətimi çəkən məkanın rəngarəng olmasıdır. Belə yerlər məndə xoş əhval-ruhiyyə yaradır.

Əyləşdikdən sonra çox az restoranlarda gördüyüm bir mənzərə ilə qarşılaşıram. Məni qarşılayan adminstrator gödəkçəmi qarderob otağından asmağını təklif edir. Məncə, bu da müştərilərin rahatlığı üçün vacibdir.

Daha sonra ofisiant yaxınlaşaraq menyunu “пожалуйста”(red.buyrun) deyərək mənə uzadır. Rus dilində danışmağa qarşı deyiləm. Ancaq qonağın hansı dili başa düşdüyünü bilmədən niyə rus dilində danışsın ki?! Nə isə keçək sifarişimizə.

Menyu çox zəngindir desəm, yanılaram. Xüsusilə də salatlar. Mən salat sevən olsam da, ağız dadıma uyğun salat tapa bilmirəm. Məsələn, Sezar salatından 4 növdə var idi. Ancaq mən kahı sevməyən biri olduğum üçün salat sifarişindən imtina etməli oluram, keçirəm isti yeməklərə.

Hardasa, 5 dəqiqə menyuya göz gəzdirdikdən sonra başqa bir ofisiant yaxınlaşıb, seçimdə kömək etməyi təklif edir. İsti yeməklərin qarşısında tərkibi yazıldığı üçün ofisianta çox da sual vermirəm. Qızardılmış toyuq filesini sevdiyim üçün “Toyuq Şnitsel” sifariş edirəm. Qarşısında toyuq filesi, suxari və tərəvəzlər qeyd olunub. Ofisiant qarnir kimi suxarinin əvəzinə kartof fri sifariş edə biləcəyimi deyir. Mən elə də edirəm.

"Toyuq Şnitsel"
“Toyuq Şnitsel”

“Düyünü özümüz əlavə etmişik”

…və 15 dəqiqə sonra sifarişim hazır olur. Artıq başqa ofisiant mənə qulluq edir. Yaxşı ki, bu sonuncu oldu. Yoxsa fikirləşərdim ki, Koloritdə bütün ofisiantların bir müştəriyə qulluq etməyi şərtdir. Qayıdaq yeməyimizə.

Yeməyə baxanda elə bildim ki, sifarişim səhv gəlib. Çünki toyuq filesi düyü ilə verilmişdi. Halbuki, nə mən düyü sifariş etmişdim, nə də ki, mənə düyünün olacağını  demişdilər. Üstəlik kartof fri də yoxdur. Fri 10 dəqiqə sonra ayrı qabda gəldi.

Kartof fri
Kartof fri

Əslində, mən qarnir kimi frini yeməklə bir qabda gözləyirdim. Çünki bu belə də olmalıdır. Ofisiant isə deyir ki:

-Düyünü özümüz əlavə etmişik.

Belə başa düşdüm ki, Koloritin personalı müştərilərinə sürpriz etməyi çox sevir. Ancaq mən düyünü sevmədiyim kimi bu sürprizi də sevmədim. O ki qaldı tərəvəzlərə, adətən, toyuq filesinin yanında pomidor da qoyulur. Ancaq mən hardan bilərdim ki, Koloritin tərəvəzi yalnız kahıdan və reyhandan ibarətdir. Kahıdan qaçıb salat sifariş etməməyimə baxmayaraq “sağ olsunlar” yenə də məni bu təamdan məhrum etmədilər. Ümumiyyətlə, onu da deyim ki, ətlə göyərti yeməyi heç sevmirəm. Mənə elə gəlir ki, göyərti ətin dadını öldürür. Ona görə də ofisiant müştəridən hansı tərəvəz istədiyini soruşmalıdır.

Hər şeydən danışdım, amma yeməyin dadından heç nə demədim. Çünki filenin dadına söz ola bilməz! Nazik şəkildə doğranmasından tutmuş qızardılmasına qədər tam istədiyim kimi idi.

"Şokoladlı Fondan"
“Şokoladlı Fondan”

Hər bir dərdin dərmanı “Şokoladlı Fondan”

Təbii ki, isti yeməkdən sonra çay içməmək mümkün deyil. İlk olaraq gözüm “Günün tortu” desertinə sataşır. Ofisiantdan bunun necə tort olduğunu soruşuram.

-İki növ tort var. Onlardan seçə bilərsiniz. Bir Napaleon, bir də ki, içində krem, qoz olan tort.

Heç birini istəmirəm və keçirəm “Şokoladlı fondan” desertinə.

-“Vulkan” piroqu yemisiniz? Bax onun içi şokoladlı variantı.

Düzünü desəm, “Vulkan” piroqun yeməmişəm. Ancaq içi şokoladlı olması maraqlı gəldi. Bu deserti sifariş etdim. Ofisiant dedi ki, 7 dəqiqəyə hazır olacaq. Ancaq 7 də keçdi, 10 da, 15 də və nəhayət, 20 dəqiqə sonra desert gəldi. Bu desertin yeri başqa oldu. “Vulkan”la “Fondan”ın qarışığını çox bəyəndim. Lakin çaynikdə gətirilən çay sadəcə masamın üstünə qoyuldu. Ən azından ofisiant çayı süzsəydi, bu daha xoş olardı.

tualetTualetini göstər, necə restoran olduğunu deyim.

Tualetə yaxınlaşan kimi qapısındakı yazı məni güldürdü: “Qapı səsli sistemlə işləyir. Məşğuldursa, ucadan qışqırın”. Yaxşı ki, mənim ucadan qışqırmağıma ehtiyac qalmadı. Tualetin divarlarında yazılan məzəli sözlər isə diqqətimdən yayınmadı. Bunların olmağı yaxşıdır. Təmizliyin olması isə hər şeydən yaxşıdır. O da ki, Koloritin tualetində yüksək səviyyədə idi.

Bütövlükdə götürsək, Koloriti bəyəndim. Əmin oldum ki, Koloritə getsəm, ac qayıtmaram.

Hazırladı: Rəna Hüseynova

Öncəki xəbərNövbəti xəbər