Təhsil

Məktəblərdə ibtidai hərbi hazırlığın vəziyyəti

Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbin 11- ci sinif şagirdi Tural Vəliyev təhsil aldığı məktəbdə iyun ayından başlayan təmir səbəbi ilə ibtidai hərbi hazırlıq fənnin ümumiyyətlə tədris olunmadığını deyir.  Tural fənnin tədris olunduğu müddətdə də dərsdə daha çox nəzəriyyəyə üstünlük verildiyini, təcrübəvi biliklərə isə kifayət qədər vaxt ayrılmadığından şikayətlənir. Buna səbəb kimi isə məktəblərindəki hərbi ləvazimatların köhnə və istifadəyə yararsız olmasını göstərir.

Tural Vəliyev:

İki mina var idi ki, onların üzərində müəyyən bir, məsələn nəysə dərs izah olunurdusa, onların üzərində izah olunurdu. Üç- dörd əl qumbarası var idi ki, müxtəlif tipli idi. Nəsə onların həmin dərslərdə, qumbaralarla bağlı dərs keçirildikdə onlar haqqında məlumat verilirdi. Və bir dənə də sınıq- salxaq tüfəngimiz varıydı, belə deyək də qırma atmaq üçün. O da elə yaxşı vəziyyətdə deyildi.

Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Nadir İsrafilov müharibə şəraitində olan ölkə üçün bu fənnin vacib olduğu fikrindədir. Bu fənnin inkişafı üçün görülən bütün tədbirləri alqışladığını əlavə edən ekspert, eyni zamanda məktəb şagirdləri üçün ibtidai hərbi hazırlığın önəmindən danışır.

Nadir İsrafilov:

Hərbi hazırlığın əsasını hərbi xidmətdən daha çox orta məktəblərdə əsası qoyulmalıdır ki , bizimdə gənclərimiz hərbi xidmətə gedəndə artıq onlarda ilkin hərbi vərdişlər bacarıqlar olsun.

Cəmşid Naxçıvanski adına hərbi liseydə və keçmiş Əzim Əzimzadə adına İncəsənət və Rəssamlıq kollecində ibtidai hərbi hazırlıq fənnini tədris edən Rafael Abdullayev tədris etdiyi müddətdə liseyin bütün hərbi avadanlıqlarla təmin olunduğunu bildirsə də, kollecdə vəziyyətin heç də ürək açan olmadığını deyir.

Rafael Abdullayev:

Praktika olsaydı lap yaxşı idi. Uşaq nə isə mənimsəyərdi, uşaq da əsgərliyə gedəndə, deyək ki, söhbət oğlan uşaqlarından gedir də, onun nəysə yadında qalacaqdı, xəyalında qalacaqdı. Orda komandir dərs keçəndə görəcəkdi ki, bunu həqiqqətən orta məktəbdə keçibdir, bunun anlayışı var o barədə. Amma indi nəzəriyyədir də, oxuyur, danışır nə bilim yadında qala, qalmıya.

Hərbi ekspert Cəsur Sumərənlinin fikrincə isə bu fənnin mənimsənilməsi hərbi qulluq dövründə gənclər üçün vacibdir.

Ekspertin fikrincə hazırda 18 yaşlı gənclərin 90 faizi hərbi xidmətin çətinliklərini üzərilərinə götürməyə hazır deyil. O,həmçinin, bunun əsas səbəbini məktəblərdə hərbiyə hazırlıq fənninin dərs saatlarının azlığında, eyni zamanda hərbi ləvazimatların çatışmamasınında görür.

Cəsur Sümərinli:

Orta məktəblərdə şagirdlərin hərbi sahəyə maraqlandırılması zəif, aşağıdır. Ləvazimatlar demək olar ki yoxdur, silahlar yoxdur. Ümumiyyətlə hərbiyə hazırlığın real bir prosesi gözə dəymir. Orta məktəbdə çağırışa qədərki hazırlıq fənni lazımınca keçirilərsə, lazımınca hazırlıq məsələlərinə baxılarsa şagirdlərin, mən hesab edirəm ki, Azərbaycan Silahli Qüvvələrində mövcud itki lərin ən azı sayı 50 faiz azalar.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin bu ilin fevral ayının əvvəllərində yaydığı məlumata görə, Azərbaycandakı orta təhsil məktəblərində gənclərin ibtidai hərbi hazırlığını təmin etmək məqsədilə 500-dən artıq şagirdin təhsil aldığı orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq. Hərbiləşmiş siniflər xüsusi dərsliklər və zəruri avadanlıqlar-əleyhqaz, təlim qumbarası, təlim silahları ilə tam təchiz olunacaq. Eyni zamanda otaqlarda atıcı silahlardan atışların keçirilməsi üçün trenajorlar da qurulacaq.

Məsələni şərh edən hərbi ekspert Yaşar Cəfərlinin fikrincə, məktəblərdə belə otaqların yaradılması praktiki təhsilin yüksəldilməsinə xidmət edəcək, şagirdlərin dərsə marağının daha artmasına səbəb olacaq.

Yaşar Cəfərli :

Ümumiyyətlə cəmiyyətdə gedən proseslərdə görürsüz ki, göstərir ki , çağırışa qədərki hazırlıq hələki tələb olunan səviyyədə deyil, arzu olunan səviyyədə deyil ona görə də müəyyən tədbirlər həyata keçirtmək lazımdır. Tədbirlərdən biridə məhz elə otaqların hazırlanması, elə otaqların hazırlanması gətirib çıxardacaq ki, çağırışa qədərki hazırlığın səviyyəsi qalxacaq , yəni şagirdlərimiz gənclərimiz əyani vəsaitlərlə tanış olacaqlar, əsgərliyə gedəndə müəyyən təsəvvürlər onlarda formalaşmış olacaq.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin və  Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin də fikrini öyrənmək  istəsək də, suallarımız  cavabsız qaldı.

Öncəki xəbərNövbəti xəbər